Hər gün dünyada onminlərlə qadın müxtəlif formalarda zorakılığa məruz qalır. Bu qorxulu statistikanın bir hissəsi də Azərbaycanın hesabına formalaşır. Bizdə də hər gün onlarla qadın fiziki, mənəvi, psixoloji və s. zorakılıqla üzləşir. Bütün bunlar isə, adətən, ailə içərisində baş verir. Lakin sonradan “qırmızı xətt” keçilir, münaqişələr böyüyür, ailələrin dağılmasına, uşaqların erkən yaşlardan travma almasına, hətta qətllərə qədər gedərək ümumilikdə cəmiyyət üçün bəlaya çevrilir. Bu bəladan qurtulmaq üçünsə medianın da üzərinə xüsusi vəzifə düşür: problemi üzə çıxarmaq, araşdırmaq, işıqlandırmaq, çıxış yollarını göstərmək...
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!
... Bir qadın düşünün. Öz adından başqa bir söz belə yazıb-oxuya bilməyən. 16 yaşında ailə quran, 17 yaşında ana olan və artıq 24 yaşında 3 uşaq sahibi qadın. Amma 3 uşaqdan yalnız sonbeşiyinin doğum tarixini bilir. Çünki hərf tanımır, rəqəm tanımır...
İki dəfə ailəli olub, həyat yoldaşlarının heç birinin soyadını bilmir. Heç hansı ildə yaşadığımızdan da xəbəri yoxdur. Nə özünün, nə də uşaqlarının bu həyatda varlığını təsdiq edən bir sənəd var...
Sanki Mirzə Cəlilin əsərlərindən çıxıb gəlib... Üzündə don ifadə var. Həyatını danışır, mənim dərk etməyə belə çətinlik çəkdiyim hadisələri o yaşayıb. Əvvəl qınayıram onu. Axı insan necə bu qədər aciz ola bilər...
O da etdiklərindən peşmandır. “Kaş o səhvi etməzdim” deyir. İkinci dəfə ailə qurmağına, sonradan doğulan iki uşağına görə peşmandır.
İndi nə ailəsi, nə də, necə deyərlər, uğrunda ailəsindən imtina etdiyi adam onu qəbul edir. Son ümidi, sığınacaq yeri “Təmiz Dünya” qadınlara yardım İctimai Birliyinin sığınacağıdır. Biz də onunla elə bu sığınacaqda görüşüb danışdıq...
Günaygil 5 uşaq olub ailədə. O, ailənin ilk uşağıdır. İlk uşaq əziz olur, deyirlər. Amma Günay (ad şərtidir –red.) 40 günlük olanda valideynləri onu nənəsinin yanına qoyub Rusiyaya gedib. Daha sonra 3 bacısı və bir qardaşı olub. Rusiyada işləri yaxşı getmədiyindən, ailə geri qayıdıb. Qızlardan ikisini uşaq evinə qoyublar, Günay bir bacısı və qüsurlu qardaşı ilə birlikdə nənəsinin yanında qalıb. Atası adam öldürdüyünə görə 12 il həbs cəzası alıb. Cəzasını çəkib, çıxıb. Amma azadlıqda çox qala bilməyib, yenidən həbsxanaya qayıdıb. Anası isə o vaxtdan paytaxtda müxtəlif restoranlarda işləyib. İndi 7 nəfərlik ailə tam dağılıb. Qızlar bir tərəfdə, ana isə qüsurlu oğlu ilə birlikdə başqa yerdə.
16 yaşında ər evində...
Valideyn qayğısı, himayəsi görməyən Günay heç vaxt məktəbə getməyib: “Heç deməmişəm də ki, məktəbə qoysunlar. İmkanları olmayıb axı. Bizimlə qalan bacım, qardaşım qonşu uşaqlarından yazmağı, oxumağı öyrənib, o birilər də uşaq evində, amma mən heç nə bilmirəm. Mən ancaq nənəmin işlərini görmüşəm. Evin həm kişisi, həm qadını olmuşam uşaq yaşımda. Heyvanlara mən baxırdım, əkin sahəmiz var idi, orda da mən işləyirdim. Elə o vaxtdan xəstəlik tapmışam, bronxitəm”.
Günləri əkin-biçinlə, mal-heyvana baxmaqla keçən Günayın həyatı bir gün dəyişir. İllər boyu kölə kimi işlədən nənəsi onun artıq ailə qurmaq yaşının çatdığına qərar verir.
Günay deyir ki, 16 il onunla maraqlanmayan anası da uzaq qohumları ilə ailə qurmağa təhrik edib: “Hər şey birdən-birə oldu. Həmin adam nənəmin qohumu idi. Qohum olsa da, onu heç vaxt görməmişdim. Heç tanımırdım. Bir gün gəlib dedilər ki, ərə gedəcəksən. Heç fikrimi soruşmadılar. Dul qadını aparan kimi mən gəlin köçdüm. Çalğı ancaq nənəmgilin həyətində oldu. Səhəri günü evdə toy kasetinə baxırdılar. Maraqla kimin toyu olduğunu soruşdum. Həyat yoldaşımın məndən əvvəl bibisi qızı ilə ailə qurduğunu, 1 uşağı olduğunu öyrəndim. Amma geri qayıda bilməzdim. Axı bir günün gəlini necə qayıda bilərdi? Anam, nənəmgil hamısı onun evli olduğunu bilib, amma məni başlarından etmək istəyiblər. 2 il onun yanında qaldım. Özü işləmirdi. Nənəsi turşu satırdı, ona kömək edirdi. İki ildə bir günüm belə sakit keçməyib. Məni istəmirdi, elə mən də onu istəmirdim. İkimiz də nənələrimizin istəyi ilə ailə qurmuşduq. Nənəsinin məni ona zorla aldığını deyirdi. İşləmirdi, amma içkisindən də qalmırdı. Dəfələrlə məni qonşuya göndərib ki, borc alım, içki alsın özünə. Çox vaxt evə içkili gəlir, bütün günü dava edir, məni döyürdü. Atası narkoman idi, bəzən onun yanına gedirdi. Həftələrlə onun yanında qalırdı, evə gəlmirdi”.
Zaman keçdikcə, Günay artıq ərinin hərəkətlərinə dözə bilmir. Bir gün də evdən çıxır, gəlin köçdüyü kimi, səssiz-sədasız da qucağında uşağı ilə nənəsinin yanına qayıdır. Sonradan yoldaşı onu geri qaytarmaq istəsə də, razılaşmır. Amma bundan sonra həyatı heç də asan olmur: “Xalam bizim nənəmin evində qalmağımıza görə qısqanclıq edirdi. Özü imkanlı olsa da, nənəmin evinin ona qalmağını istəyirdi. Onsuz da nənəm öləndən sonra hər şeyi xalama qaldı. Hər dəfə nənəmgilə gələndə danışırdı. Nənəm də artıq qocalmışdı. Nənəmin iki evi var idi, birində fəhlələr kirayədə qalırdı. Bir müddət sonra oradakı fəhlələrin biri ilə münasibətim yarandı. Mənə subay olduğunu, Bakıda yaxşı imkanının olduğunu demişdi. Onda onun 33, mənim 18 yaşım var idi. Onu həm sevdim, həm də o, mənim çıxış yolum idi. Çünki orada asılı idim, düşünürdüm ki, Bakıya getsəm, yaxşı yaşayacam. Öz evim, ailəm olacaq. Kənddə iki-üç ay qaldıq. Sonra məni və uşağımı götürüb Bakıya qardaşıgilə gətirdi. Burda onun evli, hətta iki böyük uşağının olduğunu öyrəndim. Yaşlarını bilmirəm, amma məni boydaydılar. Anamgil mənə zəng etdilər ki, geri qayıdım. Xalam o vaxtdan məndən küsüb, bütün qohumlarım üz döndərib. Yoldaşımın qardaşıgil də geri qayıtmağımı məsləhət gördülər. Amma qayıda bilməzdim, axı adım çıxmışdı. Kənddən çıxmışdım, hamı necə getdiyimi bilirdi. Qayıtsam, hərə bir söz deyəcəkdi. Həm də ona inanmışdım. Elə fikirləşirdim ki, o da məni sevir...”
Yağışdan çıxıb, yağmura düşdü...
Beləcə illər keçir və Günayın nikahsız yaşadığı ikinci ərindən də bir oğlu, bir qızı dünyaya gəlir. Amma çətinlikdən, əzab-əziyyətdən qurtara bilmir. Bir müddət sonra problemlər başlayır: “İçki içirdi, pulumuz olmadığına görə tez-tez kirayə ev dəyişirdik. Elə olurdu ki, ev sahibi bizi tapmasın deyə, “podvalda” qalırdıq. Evpulu verə bilmirdik, əşyalarımızı kirayə qaldığımız evdə qoyub çıxırdıq. Hər dəfə təzə evə gedəndə qonşulara yalandan əşyalarımın kənddə olduğunu deyirdim. Biz ac olsaq da, o, qazandığı pulla kafelərdə yeyib-içirdi. Elə olub ki, uşaqlarım çörək deyə-deyə yatıb, amma o, evə içkili halda gəlib. İçib yatsaydı, heç nə deməzdim. Amma dava edirdi, bizi küçəyə atırdı. Elə vaxt olurdu ki, küçədə maşınların arasına sığınıb qalmışam. İnsaflı qonşu olanda evinə aparırdı, gecəni orda qalırdım. Hərdən də evdən çıxaranda bacımgilə gedirdim. Amma cibimdə avtobusa verməyə 20 qəpiyim olmurdu. Dəfələrlə eyni yolu dövrə vurmuşam, axırda yanımda oturan qızdan-qadından xahiş etmişəm ki, yolpulumu versinlər...
Bir dəfə Zaqatalada işləyirdi, biz də onun yanında idik. Bir gün yenə də içib gəlmişdi. Məni evdən çıxarıb küçəyə atdı. Uşaqları da götürüb Bakıya yola düşdüm. Amma pulum yox idi, yolda anama zəng etdim, qabağıma çıxıb avtobusun pulunu verdi...
İçməyəndə normal olurdu. Ayılandan sonra deyirdi ki, “yaxşı ki qaçırsan, yoxsa öldürərəm səni”. İçkili olanda həmişə birinci dəfə ailə qurmağımı, uşağımı başıma “vururdu”. “Yetiminə baxıram sənin, hələ səsin çıxır mənə söz deməyə?” - deyə qışqırırdı. Mən heç nə deyə bilmirdim, halbuki əvvəldən uşağım olduğunu bilirdi. Amma məni heç vaxt ailəsi kimi görməyib, özünə yaraşdırmayıb. Əvvəlki ailəsini və uşaqlarını əziz tuturdu. Hərdən fikirləşirəm, kaş sonradan iki uşağım olmazdı...”
Sığınacaqda...
Günayın bütün bu əzablara dözməsinin əsas səbəbi isə gedəcək yerinin, qapısını döyəcəyi bir doğmasının olmamasıdır. Anası onu qəbul etmir. Bacılarının da ailələri var, onların yanına sığına bilmir. Bir subay bacısı var, o da Günayı istəmir. Ona görə də həyat yoldaşının bütün əzablarına dözür. Dəfələrlə evdən getsə də, geri qayıdır. Ancaq bir gün hər gecə küçələrə atılmaqdan, təhqir olunmaqdan, ac-susuz qalmaqdan bezir. Və növbəti dəfə evdən qovulanda bir daha qayıtmayacağına söz verir: “Yenə içkili gəlib dava saldı. Uşaqlarımla birlikdə küçəyə çıxartdı. Uşaqlarım ev paltarında idi, ayaqlarında ayaqqabı belə yox idi. Avtobusa mindik, uşaqların kirvəsigilə getdik. Heç nə fikriləşmirdim, səhər açılanda nə olacaq deyə düşünmürdüm. Sadəcə, ordan getmək istəyirdim. Avtobusda hamı uşaqlara baxıb gülür, onları belə vəziyyətdə küçəyə çıxartdığıma görə məni danlayırdılar. Bir rus qadın məni avtobusdan düşürtdü. Vəziyyətimi başa düşdüyünü dedi. Bir açıq mağaza tapıb uşaqlarıma papaq, şarf aldı. Məni uşaqların kirvəsigilə apardı, öz nömrəsini, bir də 40 manat da pul verdi. Sabah tezdən o qadına zəng etdim, gəlib məni bura gətirdi. Hələ ki, burdayam...”
Başına gələnlərə baxmayaraq Günay inanır. Uşaqlarına təkbaşına yaxşı gələcək quracağına inanır: “Əvvəl uşaqlarımın ikisini uşaq evinə qoymaq, qızımı bacımın yanına qoymaq istəyirdim. Fikirləşirdim ki, özümə də ev tutaram, işləyərəm, axşamlar da qızımı götürərəm. Sonra fikirləşirəm, bəlkə, qızımı da uşaq evinə qoyum. Hələ dəqiq qərar verməmişəm. Amma nə iş olsa, işləyəcəm. Təki uşaqlarıma baxa bilim. Ancaq onları heç kimə vermək istəmirəm...”
İkinci dəfə ailə qurmasına görə çox peşmandır. Axmaq, sadəlövh olduğuna görə belə həyat yaşadığını düşünür. Düşdüyü vəziyyətdən çıxış yolu isə çox da sadə deyil. Özünün doğum haqqında şəhadətnaməsi itib, şəxsiyyət vəsiqəsi isə ümumiyyətlə olmayıb. Uşaqlardan biri evdə, ikisi xəstəxanada olub. Amma doğumlarını təsdiq edən heç bir sənəd yoxdur. Uşaqların atasının soyadını belə bilmir. Bütün bunları təsdiq etmək isə heç də asan deyil. O isə inanır. Çətin vaxtlarında qarşısına yaxşı insanların çıxdığını deyir. Axı avtobusdakı o qadın olmasaydı, bəlkə, yenə ərinin yanına qayıdacaq, ya da başına nələr gələcəkdi...
İndi də sığınacaqdakı vəkillər onun və uşaqlarının gələcəyi üçün çalışır. Bəlkə də, hər şey onun inandığı kimi olacaq...(publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...