Jurnalist Əvəz Zeynallı özünün sosial şəbəkədəki hesabında üzərində "Mətbuat və Mətbuat Şurasının dostu" yazısı olan mükafat fotosu paylaşıb
O, bildirib ki, bu dırnaqarası mükafatı qapı-qapı düşüb, vəzifəli məmurlara paylayırlar: “Bu mükafatın müqabilində kimindən 50, kimindən 100, kimindən də daha çox pul alırlar. Bu, açıq reketçilikdir, o ayrı məsələ, maraqlısı odur ki, bu mükafatdan hörmətli Əflatun Amaşovun və dəstəsinin xəbəri varmı?”
Məsələ ilə bağlı musavat.com-a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bildirib ki, Mətbuat Şurası uzun illərdir, bu cür reket qurumlara qarşı mübarizə aparır: “Azərbaycanda reketçiliklə məşğul olan qurumların mövcudluğu şübhə doğurmur. Mətbuat Şurası da uzun illərdir ki, bu cür reket qurumlara qarşı ciddi şəkildə mübarizə aparır. Biz hər zaman qeyd edirik ki, bunlar Azərbaycanda hətta təhlükəli haldadırlar. Təkcə ayrı-ayrı vətəndaşları, məmurları şantaj etmirlər. Eyni zamanda bu cür reket qurumlar dövlətin təhlükəsizliyi üçün də problem yaradacaq səviyyəyə qalxıblar. Mümkündür ki, onlar Mətbuat Şurasına qarşı da belə bir təxribatçı əməldən istifadə etsinlər. Çünki Mətbuat Şurası onlara qarşı ən sərt formada mübarizə aparan qurumdur. Ona görə də Mətbuat Şurasını ləkələmək üçün belə addımlar ata bilərlər. Hələlik Əvəz Zeynallının yazdığı fakt haqqında bizdə məlumat yoxdur. Ancaq bu cür hadisələrin analoqu var. 2017-ci ilin dekabr ayında bizə buna oxşar olan məlumat daxil olmuşdu. Belə ki, o zaman “Qaynar xətt” adlı qəzetin əməkdaşı Siyəzəndə yaxalanmışdı. Onun vəsiqəsinin üzərində təxminən belə yazılmışdı: “Mətbuat Şurasının Qaynar xətt qəzeti”. Guya bunlar Mətbuat Şurasının orqanıdır və gedib, orta məktəb direktorundan rüşvət tələb etmişdilər. Bu nümunəni ona görə çəkirəm ki, həmin zaman məktəb direktoru çox intellektual bir davranış göstərmişdi. Onların vəsiqəsini alıb, fotosunu çəkərək Mətbuat Şurasına göndərmişdi ki, sizin adınızdan bu cür əməllər törədilir. Biz də dərhal məsələni ictimailəşdirərək açıqlama yaydıq ki, bu haldan xəbərimiz yoxdur və hüquq-mühafizə orqanları bunun haqqında tədbir görməlidir. Bizim açıqlamamızdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən də məsələyə reaksiya verdilər. Həmin şəxslər barəsində qanuna uyğun olaraq ölçü götürüldü”.
M.Ələsgərli bildirib ki, Əvəz Zeynallıda məsələnin real olması ilə bağlı faktlar varsa, onları Mətbuat Şurasına yönləndirə bilər: “Biz də bu məlumatları ictimailəşdirərik və təbii ki, hüquq-mühafizə orqanları da lazımı tədbiri görərlər. Onu da deyim ki, bu cür məsələlərdə cəmiyyət, təşkilatlar və media ictimaiyyəti ayıq olmalıdırlar ki, belə hallara qarşı ciddi şəkildə mübarizə aparılsın”.
Digər xəbərlər
loading...