“Möcüzə”, “Günəşi gördüm”, “Nyu-Yorkda 5 minarə” kimi filmlərlə rejissor olaraq özünü doğruldan Mahsun Kırmızıgül etnik kimliyinə, sözlərinə, düşüncələrinə görə Türkiyənin ən çox müzakirə edilən məşhurlarından biridir
1969-cu il təvəllüdlü əsl adı Abdullah Mazencir olan Zaza əsilli rejissor, ssenarist, bəstəkar, müğənni Kırmızıgül 4 dəfə evlənmiş atasının 22 övladından biridir.
Dolanmaq üçün ailənin hər bir üzvü işləmək məcburiyyətində idi və indiki adı ilə Mahsun da bir çox sahədə çalışıb: çiy köftəcidə kuryer, inşaatlarda fəhlə, küçələrdə siqaret satıcısı… O günlər barədə danışarkən polisdən necə qaçdığını belə izah edib: “O vaxtlar xarici siqaretləri satmaq qadağan idi. Polislər arxamca düşürdü, amma uşaq olduğum üçün onlardan sürətli idim. Sonra 12 sentyabr dövlət çevrilişi oldu, bu dəfə də əsgərlər məni qovalamağa başladı. Onlardan qaçmaq daha çətin idi”.
Mahsun Kırmızıgül öz dövrünün ən təhlükəli məhəllələrindən birində böyüyüb: “Diyərbəkirin Kore məhəlləsində seks işçisi qadınlar çox idi. Hələ çox balaca olsam da, o qadınlar üçün pis olurdum. Bizim məhəllənin uşaqları balacalıqdan həyatın hər üzünü görürlər. Oğurluq, cibgirlik bizim məhəllədəki hamının bacarığı idi. Bu gün Türkiyədə cinayət əməli törətmiş Diyərbəkirlinin 80 faizi bu məhəllədən çıxıb. Mən Allahdan qorxduğum üçün belə şeylərdən uzaq qaldım”.
Əvvəlcə Diyərbəkir Qarpuz festivalında tanınan Mahsun, daha sonra toylarda türkülər oxumağa başlayıb. Öz yazdığı kaseti turizimçi Hacı Tahirlə İstanbula göndərən Kırmızıgül 1984-cü ildə İstanbula dəvət edilir. 5 il sonra Gölgem adlı xanımla evlənsə də, bu birlik uzun sürməyib.
Kırmızıgülün özündən 15 yaş kiçik aktrisa Bade İşçillə olan eşq yaşaması çox böyük səs-küy yaratmışdı. Ayrıldıqdan sonra İşçil aralarında ciddi düşüncə fərqləri olduğunu bildirib: “Mahsunla sevgili olanda mənim 15, onun isə 30 yaşı vardı. 7 il birlikdə olduq, ancaq bir-birimizdən çox fərqli idik. Mən Qərb təfəkkürlü qızam, onun aid olduğu Şərq mədəniyyətində isə qadınların hətta kişilərin yanında danışması belə düzgün deyil”.
Çox sevilən “Aşka sürgün” serialından sonra Mahsun Kırmızıgülü ölkəmizdə də tanımayan qalmadı. 2004-cü ildə “Ay aman” mahnısına Bakıda çəkilmiş video kliplə bir çox azərbaycanlının könlünü fəth etmişdi.
2002-ci ildə çıxan “Ağ mələk” filmi ilə rejissorluğa addım atan Kırmızıgül 2012-ci ildə musiqini tamamilə atmasına belə açıqlıq gətirib: “Ölkəmizdə bu günlərdə yaşanan musiqi kirliliyi bir çox adamı musiqidən uzaqlaşdırıb. Bu qədər pis səsin olduğu başqa bir ölkə yoxdur dünyada”.
“Twitter” hesabından Ərdoğan hökumətinin siyasətini tənqid edən Kırmızgülün vətənə xəyanət etdiyi iddiaları da səslənir. Əvvəlcə 2016-cı il seçimlərinin saxta olduğunu deyən Kırmızıgül, daha sonra öldürülən kürd uşaqlar üçün kədərini ifadə edib. Mahsun terrorun, ölümün, barbarlığın hər halını pislədiyini, “hepimiz kardeşiz” mesajı verdiyini bildirir.
Kırmızıgülün Fetullahçı Tettor Təşkilatı (FETO) ilə əlaqəsi olduğu da iddia edilir. Türk mediasında yer alan xəbərlərə görə “Nyu-Yorkda beş minarə” filmi birbaşa FETO təbliğatı aparır.
Bir çox tənqidlərə baxmayaraq Mahsun Kırmızıgül rejissor kimi fəaliyyətinə davam edir və Nurgül Yeşilçayla birlikdə teleserialda rol alacağını açıqlayıb.(Minval.info)
Digər xəbərlər
loading...