Azərbaycanın Fransadakı səfirliyi nəhayət Tuluzada iki azərbaycanlı mühacirin güllələnməsi hadisəsi ətrafında getdikcə qızışmaqda olan informasiya kampaniyasına reaksiya verib
Virtualaz.org xəbər verir ki, səfirlik bəyanatla çıxış edərək silahlı hücuma məruz qalan Rahim Namazovun jurnalist yox, mafioz olduğunu bildirib.
Xəbər verildiyi kimi martın 30-da səhər saatlarında Fransanın Tuluza şəhərinin Kolomie kantonunda kriminal aləmdə özünü “Rahim Şəkinski” və ya “Opasnıy Roma” kimi tanıdan Rahim Namazovun və həyat yoldaşı Aida Namazovanın olduğu avtomobil killerlər tərəfindən atəşə tutulub. Bu zaman 39 yaşlı Aida Namazova başından aldığı güllə yarasından ölüb, Rahim Namazov ağır yaralanıb.
Bu hadisə dərhal Fransa və Avropa media ictimaiyyətində geniş rezonans doğurub. Çünki Namazov 2010-cu ildə Azərbaycandan jurnalist adı altında mühacirət edib, iki il sonra ona siyasi sığınacaq verilib. Namazov iddia edib ki, Azərbaycan ordusunda baş verən əsgər ölümlərini araşdırdığı üçün təqiblərə məruz qalıb, həbs edilib, işgəncə görüb.
Nəticədə Tuluzada baş vermiş hadisəni aparıcı KİV-lər “Azərbaycan hakimiyyətinin tənqidçisinin güllələnməsi”, yaxud “mühacirətdə olan müxalif jurnalistə qəsd” kimi işıqlandırıblar. Hətta ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Harlem Dezir xüsusi bəyanatla çıxış edib. Tuluza meri yerli KİV-lərə müsahibə verərək Namazova hücumun siyasi motivli ola biləcəyini açıqlayıb. Mətbuat bu hadisəni az qala Böyük Britaniyada zəhərlənən Rusiya kəşfiyyatçısı Skripalın işi ilə müqayisə etməyə başlayıb. İş o yerə çatıb ki, Türkiyə və Rusiya mediası da iki gündür “Fransada azərbaycanlı müxalif jurnalistə silahlı hücum” barədə yazırdı.
Əslində isə “Rahim Şəkinski” YouTube-də son günlər bir neçə dəfə İstanbulda mənzillənmiş kriminal avtoritet “Lotu Quli”nin ünvanına söyüşlər yağıdırıb. “Lotu Quli”nin tərəfdarları isə onu söyüb və ölümlə hədələyib.
Azərbaycan səfirliyi isə bu müddət ərzində susub, qalmaqal bir yana, Fransada kimliyindən asılı olmayaraq iki Azərbaycan vətəndaşının güllələnməsinə operativ reaksiya verməyib.
Fransa KİV-ləri yazır ki, Namazov ona məxsus “Yaguar” avtomobilində atəşə tutulub. Bu şəxs sosial şəbəkələrdə xeyli fəallıq edirmiş, amma ünsiyyət çevrəsi kriminal elementlər idi. “Sərhədsiz reportyorlar” beynəlxalq jurnalist təşkilatından isə bildiriblər ki, Rahim Namazovun jurnalist fəaliyyəti barədə onlara heç nə məlum deyil və bu şəxsin Azərbaycandan mühacirət etməsi onların xətti ilə baş verməyib.
Nəhayət Fransadakı səfirliyimiz açıq-aşkar Azərbaycana qarşı növbəti miqyaslı informasiya hücumuna çevrilməkdə olan bu kampaniyaya reaksiya verib. Səfirlik bildirir ki, Namazov əvvəllər Azərbaycanda dəfələrlə dələduzluğa görə məhkum edilib və həm Fransanın özündə, həm onun hüdudlarından kənarda mafioz strukturlarla bağlı adam kimi tanınırdı. “Qeyd etmk mühümdür ki, o, Azərbaycanda heç vaxt jurnalist kimi tanınmayıb”-səfirlik bəyan edir.
Tuluza prokurluğu isə bildirir ki, martın əvvəllərində Namazov Kolomye polis komissarlığına ərizə ilə müraciət edərək həyatına təhlükə yarandığı haqda bildirib. Müstəntiqlərin dediyinə görə ərizəçi deyib ki, ona və ailəsinə qarşı təhdidlər “vətənində məşğul olduğu Fransada isə sosial şəbəkələrdə davam etdirdiyi jurnalist fəaliyyəti” ilə əlaqəli ola bilər.
Lakin qeyd etmək lazımdır ki, Rahim Namazovun YouTube-də öz səs yazısı ilə “Lotu Quli”yə və tərəfdarlarına söyüş ünvanlaması da təxminən həmin vaxtlardan başlamışdı. “Lotu Quli” bundan əvvəl də onun kriminal aləmdə liderliyini tanımaq istəməyənlərə xüsusi amansızlıqla divan tutdurub.
Digər xəbərlər
loading...