Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonovun respublikaçı-senator Orrin Hetçə göndərdiyi məktub mətbuata sızıb
Virtualaz.org xəbər verir ki, bu məktubu “Politico” nəşri əldə edib. Orada səfir senatora yazır ki, Amerika rəsmiləri onun görüşmək barədə xahişlərinə məhəl qoymur və Vaşinqtona səfir təyin olunandan bəri heç bir səlahiyyətli şəxslə görüşə bilməyib.
Məktub martın 9-da göndərilib və orada Antonov Hetçdən kömək istəyir: “Mən sizin ABŞ Konqresinin üzvləri, nazirliklər və dövlət idarələri ilə təmasları necə inkişaf etdirmək barədə məsləhətlərinizə görə minnətdar olardım, habelə belə görüşlərin təşkili üçün sizdən kömək xahiş edərdim”.
Daha sonra səfir onun görüşmək barədə xahişlərini rədd edən 20 Amerika məmurunun siyahısını təqdim edir. Siyahının başında Ağ ev aparatının rəhbəri Con Kelli gəlir, Konqresdə demokratların lideri Nensi Pelosi, Kaliforniyadan senator, müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Con Rud da Antonovun xahişini rəsmən rədd edənlər arasındadır.
“Mən sizə görüşlərimiz zamanı dediyim kimi yüksək vəzifəli amerikalı məmurlarla təmas qurmaqda çətinliklərlə qarşılaşıram. Amerika dövlət idarələrinin rəhbərləri və konqresmenlərlə görüş barədə çoxsaylı xahişlərimə ya cavab verən olmayıb, ya da səbəb göstərilmədən rədd edilib”-Antonov yazıb.
Məktubdan məlum olur ki, Antonova rədd cavabı verənlər arasında vitse-prezident Maykl Pens, energetika naziri Rik Perri, maliyyə naziri Stiven Mnuçin, kənd təsərrüfatı naziri Sonni Perdyu, ticarət naziri Uilbur Ross, baş prokuror Ceff Seşns, daxili təhlükəsizlik naziri Kirsten Nilsen, FTB direktoru Kristofer Rey, Federal Ehtiyatlar Sisteminin rəhbəri Carem Pauell də var.
Vitse-prezident Pensin köməkçisi nəşrə açıqlamasında təsdiq edib ki, Rusiya səfiri ilə görüş olmayıb. Ədliyyə Nazirliyi isə Antonovdan görüş üçün rəsmi sorğu almadıqlarını bildirib. Habelə məlum olub ki, Nümayəndələr palatasının spikeri Pol Rayan, Senatda respublikaçıların lideri Mitç Makkonnel, azlığın lideri Çak Şumer, habelə Nümayəndələr palatasında respublikaçıların lideri Kevin Makkarti Rusiya səfirinin görüşmək barədə xahişlərinə cavab verməyiblər.
Habelə Antonov bildirir ki, Konqresin Nümayəndələr palatasının xarici işlər komitəsinin sədri Ed Roys və silahlı qüvvələr komitəsinin sədri Mak Tornberri də ona cavab vermir. Rusiya səfirinin görüş xahişini Respublikaçılar partiyasının Milli komitəsinin sədri Romni Makdeniel və Demokratlar partiyasının Milli komitəsinin sədri Tom Peres də cavabsız qoyub.
Antonov bu vaxta kimi təkcə senatorlar Orrin Hetç, Rend Pol, Ron Consun və Senatın xarici əlaqələr komitəsinin rəhbəri Bob Korkerlə görüşə bilib. Səfir məktubunda yazır ki, amerikalı vəzifəlilərlə görüşmək cəhdlərini dayandırmayacaq. Çünki Rusiya ilə ABŞ arasında münasibətlərin qaydaya salınmasına “səmimi şəkildə çalışır”.
Digər xəbərlər
loading...