Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Turan-ın “Çətin sual” proqramına müsahibəsində Rusiya və İrana qarşı sanksiyaların genişləndirilməsinin regiona təsirlərindən danışıb
- ABŞ-ın Rusiya və İrana qarşı sanksiyaları genişləndirməsi regionda siyasi və iqtisadi münasibətlərə necə təsir edəcək?
– Əvvəlcədən qeyd eləmək lazımdır ki, bu iki ölkəyə qarşı sanksiyaların məqsədi, səbəbi müxtəlifdir. Bu baxımdan sanksiyaların tərkibi də, məzmunu da müxtəlifdir. O ki qaldı region problemlərinə, bizim regionumuz həmişə maraqların toqquşan yeri olub. İndi də fövqəl dövlətlərin arasında maraqlar gərginləşib, bu maraqların toqquşması artıq reallığa çevrilib. Regionda olan təhlükələr daha da artır. İstisna etmək olmaz və hesab edirəm ki, indiki mərhələdə Azərbaycan ilk növbədə öz siyasətini çox balanslaşmış şəkildə qurmalıdır.
- ABŞ-ın sanksiyaları genişləndirməsi şəraitində Azərbaycan qonşuları ilə, xüsusilə Rusiya və İranla münasibətlərini necə qurmalıdır?
– Dediyim kimi, balanslaşdırılmış siyasət olmalıdır. Yəni, biz bu və ya digər addımı atanda əsas meyar o olmalıdır ki, Azərbaycanın xeyrinədir, yoxsa yox. Çünki Azərbaycan tarix boyu balanslaşdırılmış siyasət aparmağa çalışıb. Yəni, təbii, fövqəl dövlətlərin təzyiqi, ABŞ-ın yeritdiyi siyasət bu və ya digər şəkildə nəzərə alınmalıdır. Eyni zamanda biz həmişə nəzərə almalıyıq ki, İran və Rusiya bizim qonşu ölkələrdir və onlarla tarix boyu qurulmuş əlaqələri qorumalıyıq. Yenə də deyirəm ki, ilk və yeganə meyar Azərbaycanın maraqları nəzərə alınmaqla balanslaşdırılmış siyasət münasibətlərin bünövrəsi hesab oluna bilər.
- Bu, siyasi münasibətlərdir. Bəs, iqtisadi münasibətlər necə qurulmalıdır?
– Hesab edirəm ki, bu vəziyyətdə Azərbaycan üçün yeni iqtisadi imkanlar açılır. Çünki həmişə deyirdilər böhran olan yerdə imkanlar da mövcuddur. Bu baxımdan regional ticarətə, regional iqtisadi əməkdaşlığa, tranzit və transport əməkdaşlığına təbii ki, maraqlar və tələblər artacaq.
- Rusiya diplomatlarının ABŞ-dan və Avropa İttifaqının əksər ölkələrindən çıxarılması Rusiyanın hansı əks tədbirlərinə səbəb ola bilər? Rusiya-Qərb münasibətlərinin gərginləşməsi, Rusiyaya qarşı təcrid siyasəti şəraitində Azərbaycan xarici siyasət kursunda hansı dəyişikliklər etməlidir?
– Sualın birinci hissəsinə cavab olaraq demək lazımdır ki, indi yaşanan böhran bu və ya digər şəkildə onun tendensiyasının daha da dərinləşməsini göstərir. Bu baxımdan seçkilərdən sonra Rusiyanın rəhbərliyi seçim qarşısındadır. Ya Qərblə köhnə konfrantasiya (gərginləşmə) siyasətini davam etdirmək, ya da siyasətini dəyişib addım-addım bu gərginlikləri aradan götürmək. Yəni, mən şəxsən bundan başqa ayrı yol görmürəm. İndi Rusiya rəhbərliyi hansı yolu seçəcək? Regionda, digər yerlərdə siyasət bundan aslı olacaq. O ki qaldı Azərbaycanın maraqlarına, bu böhranlı vəziyyətdə Azərbaycan maraqları önə qoyub ondan irəli gələn siyasəti qurmalıdır. Təbii ki, xarici siyasətin əsas məqsədləri ondan ibarət olmalıdır ki, konfrantasiya olan tərəflərə öz maraqlarını, mövqeyini lazımi şəkildə çatdırsın. Bu da Azərbaycan diplomatiyası üçün böhranlı bir vəziyyətdir. Çox fəal bir siyasət aparılmalıdır.
- ABŞ Azərbaycanın strateji tərəfdaşıdır. Eyni zamanda Rusiya və İran da Azərbaycanın qonşusudur. Bu üçbucaq daxilində Azərbaycan münasibətlərini necə qurmalıdır?
– Azərbaycan öz maraqlarını müdafiə edə-edə, eyni zamanda imkan dairəsində bu yaranan gərginliklərin aradan götürülməsinə yardımçı olmalıdır. Həm İran, Rusiya, həm də Qərb dövlətləri üçün bu və ya digər təkliflərin səslənməsi olsun ki, bu gərginlik aradan götürülsün. Artıq bu cür təcrübə var. Bildiyiniz kimi, ABŞ və Rusiyanın Baş Qərargah rəisləri Azərbaycanda görüşürlər. İstisna etmirəm ki, gələcəkdə Azərbaycan bu imkanlardan istifadə edərkən bu və ya digər gərginlikləri aradan götürmək üçün öz vasitəçiliyi, ya da öz xoşməramlı xidmətlərini göstərəcək.
Digər xəbərlər
loading...