İstehsalına başladığımız avtomobillər həm Sizin, həm də bizim iftixarımızdır. Hər kəs ki, bu avtomobili alacaq, ona əyləşəcək, hər ikimizə duaçı olacaq. Mümkündür ki, keyfiyyətsiz bir avtomobil istehsal olunsun, adam aldanaraq onu alsın. Amma davamı olmayacaqdır. İşi gərək sağlam əsasda, sədaqət və diqqətlə görəsən və ilk növbədə, düzgünlüyə əsaslanasan. Hər istehsal edilən məhsulun yaxşı olmasına səy göstərməli və gələcəkdə ondan yararlanmağa çalışmalıyıq. Bu işdə düzgünlük başlıca şərtdir
Bunu İran prezidenti Həsən Ruhani Azərbaycan-İran biznes forumunda çıxışı zamanı deyib.
O, qeyd edib ki, iki ölkə arasında enerji, neft, qaz, neft-kimya sahələrində yaxşı imkanlar mövcuddur: "Siz sahibkarlar hər iki ölkədə bu sahədə fəal ola bilərsiniz. Biz son illər hətta kənd təsərrüfatı sahəsində də əməkdaşlıq etməyə başlamışıq və bu işi inkişaf etdirməliyik. Biz müxtəlif sahələrdə də əməkdaşlıq edə bilərik. Səhiyyə, dərman istehsalı, qabaqcıl texnologiya, elm sahələrində də bir-birimizin yanında ola bilərik. Bizim alimlər, şairlər, ziyalılar tarix boyu bizi qardaşlığa, dostluğa və əməkdaşlığa dəvət ediblər. Avtomobil istehsalından daha vacib, Xəzər dənizindəki əməkdaşlıqdan daha mühüm, Rəşt-Astara yolundan daha önəmli, Şimal-Cənub, Cənub-Qərb dəhlizlərindən daha mühüm dostluqdur, qardaşlıqdır, bir-birini fikirləşməkdir. Bizim üçün əhəmiyyət daşıyan odur ki, günbəgün qardaşlıq münasibətlərini daha çox hiss edək. Onu hiss edək ki, bir kökdənik. Hiss edək ki, tarix boyu bir sudan, bir torpaqdan bəhrələnmişik. Hiss edək ki, bizim mədəniyyətimizin bir mənşəyi vardır. Hiss edək ki, bizim dinimiz, inancımız bir yerdən qaynaqlanıb. Onu qəbul edək ki, yalnız dostluqla, qardaşlıqla, sədaqətlə öz xeyrimizə və bölgənin xeyrinə çalışmalıyıq. Biz təhlükəsizlik və sabitlik istəyirik. Bu, ancaq dostluqla mümkündür.
Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı İranın inkişafıdır. Biz bütün varlığımızla kamil qardaşlıq istəyirik. Biz bir ailənin üzvləriyik. Bu bölgədə bir-birimizin yanında olmalıyıq. İmkanlardan istifadə etməliyik. Elektrik enerjisindən, energetika sahəsindən bəhrələnməliyik. Siz elektrik enerjisinə ehtiyac duyduqda, biz bu elektrik enerjisini sizə ötürə bilərik. Biz buna ehtiyac duyduqda isə siz öz növbənizdə bizə yardım göstərə bilərsiniz. Bu əlaqələr ikitərəfli, çoxtərəfli münasibətlərə çevrilə bilər və o zaman etibarlı şəbəkəyə sahib ola bilərik. Bu şəbəkə dayanıqlı və etibarlı şəbəkə olacaqdır. Ehtiyac duyduğunuz gün biz sizin yanınızda, biz ehtiyac duyduqda isə siz bizim yanımızdasınız. Biz iki ölkə arasında bütün sahələrdə əlaqələri genişləndirəcəyik".
H. Ruhani bildirib ki, bank işi iki ölkə arasında əlaqələrdə çatışmazlıqlardan biridir: "Hələ bu məsələdə lazımi nəticəyə gələ bilməmişik. Mən Azərbaycan dövlətindən, şəxsən qardaşım cənab İlham Əliyevdən xahiş edirəm, gələcək görüşlərimizdə bir-birimizə bu sözləri demək imkanını qazanaq ki, şükür Allaha, bank məsələsi də öz həllini tapdı. Biz ticarət sahəsində yeni mexanizmlərə ehtiyac duyuruq. Bizim yeni tariflərə, azad ticarətə ehtiyacımız vardır. Bu gündən bu işə başlamalıyıq. İki ölkənin müştərək komissiyası bu məsələni həll etməlidir. Mövcud olan çatışmazlıqlar aradan qaldırılmalıdır. Sərhədyanı bölgələr arasında əlaqələr günbəgün yaxşılaşmalıdır. Hava nəqliyyatı, dəmir yolu nəqliyyatı, yerüstü nəqliyyat sahəsində əlaqələrimiz genişlənməlidir. Xalqlarımız bir-biri ilə yaxından görüşmək imkanı qazanmalıdırlar, bir-birilərinin mədəniyyətindən, qədim abidələrindən, bir-birilərinə olan məhəbbətindən zövq almalıdırlar.
Biz xalqlarımızı bir-biri ilə görüşmək zövqündən məhrum etməməliyik. Siz bilirsiniz ki, bir iranlı Azərbaycana gəldikdə, onun hissləri Azərbaycanın onun üçün ikinci vətən olduğunu əks etdirir. Siz də İrana gələndə İran haqqında eyni hissləri keçirirsiniz. Biz mədəni sahədə bir-birimizlə əməkdaşlıq etməliyik. Biz Rəhman İslamı istəyirik, İslam dini rəhmət dinidir. Biz Allahın adını Rəhmanı-Rəhimlə çəkirik. Biz namazı Allahın Rəhmanı-Rəhimi ilə başlayırıq. Biz Allahı rəhmli, bağışlayan bilirik. Allah-Təalanın rəhmətindən böyük rəhmət yoxdur. “Ey Rəbbimiz, Sənə iman gətirdik. Bizi bağışla, bizə rəhm elə. Sən mərhəmətlilərin ən mərhəmətlisisən!”. Ən böyük məhəbbətlər Allah tərəfindəndir. Bir-birimizlə qarşılaşanda Allah-Təalanın bu əzəmətini aramızdakı əlaqələrimizdə görməliyik, hiss etməliyik. İslamda dostluq, səmimiyyət, rəhman və rəhmət vardır, İslamda təhdid yoxdur, İslamda terror yoxdur, İslamda zorakılıq yoxdur. Biz o İslamı qəbul edirik ki, bizim Peyğəmbərimiz, Əli-Murtuza, bizim imamlarımız və peyğəmbərin səhabələri o yolu getmişlər və biz həmin yolu gedirik.
Xoşbəxtlikdən, iki dövlətin mədəni, siyasi və regional məsələlərə dair baxışları yalnız bir-birinə yaxın deyildir, bir çox hallarda mövqeyimiz eynidir. Biz beynəlxalq təşkilatlarda, regional məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizə dəstək veririk. Biz ikitərəfli əlaqələrimizi inkişaf etdirəcəyik. Biz üç, dörd və çoxtərəfli regional məsələləri də düşünürük. Xoşbəxtlikdən, qardaşım İlham Əliyevin müdrikliyi, eləcə də, iki dövlətin müdrik yanaşması sayəsində əlaqələrimizin günbəgün inkişafının şahidi olacağıq. Siz iş adamlarını dəvət edirəm ki, Azərbaycan və İranda bütün imkanlardan yararlanaraq, həm ticarətdə, həm sərmayə qoyuluşunda, Xəzərdə, turizmin inkişafı üçün sərmayə qoyuluşunda, elm, idman, təhsil ocaqları ilə bağlı əlaqələrin genişlənməsi sahəsində bir-birinizin yanında olasınız. Heç vaxt dostluqdan zərər görmərik. Heç vaxt səmimiyyətdən zərər görmərik. Yaşasın qardaşlığımız və məhəbbətimiz".
Digər xəbərlər
loading...