Dünyasını dəyişən iş adamının xanımı Nuranə Səfərova: “Rüfət Quliyev 40 ildən çox yaxın dostluq etdiyi şəxsin başsız ailəsinə qarşı açıq şəkildə təqiblər həyata keçirir”
Lənkəranın deputatının sələmçilyinin yeni təfərrüatları; o, pulun oğlu tərəfindən faizə verildiyini iddia edir
Deputat Rüfət Quliyevin sələmçilik fəaliyyəti geniş müzakirə mövzusuna çevrilib. Ötən yazıda “Deputat Rüfət Quliyev sələmə pul verirmiş” sərlövhəli yazıda məsələnin mahiyyəti haqda geniş məlumat verdiyimizdən qısaca qeyd edirik ki, Rüfət Quliyev Səbayel Məhkəməsinə iddia təqdim edərək 2011-ci ildən başlayaraq Namiq Səfərova sələmə pul veridiyini, məbləğin faizlərlə birgə 328 min dollar olduğunu qeyd edib. N.Səfərov 2015-ci ilin fevralında dünyasını dəyişib. Deputat iddiasında 328 min dolların mərhumun əmlaklarına yönəldilməsini tələb edir.
Bu arada deputatın telefonlarını qapadıb xaricə getməsi isə onun xoşagəlməz fəaliyyət haqda danışmaq istəməməsi qənaətini formalaşdırıb. Elə bugünlərdə deputatın sələmə pul verdiyi mərhum Namiq Səfərovun həyat yoldaşı Nuranə Səfərova Milli Məclisin sədri Oqtay Əsədova müraciət ünvanlayıb.
N.Səfərova müraciətində yazır: “Sizə müraciətimin səbəbi deputat Rüfət Quliyevin deputat adına yaraşmayan əməllərlə və qanunsuzluqlarla məşğul olmasıdır. Belə ki, tək qadın olaraq 2 uşağıma baxmağıma imkan verməyən R.Quliyev bizdən əsassız pul və faizlər tələb edir. Belə ki, deputat Rüfət Quliyev, vəkil Kamandar Nəsibov və Səbayel Rayon Məhkəməsinin hakimi Zaur Əliyev birləşərək mərhum həyat yoldaşımdan qalmış birgə mülkiyyətimiz olmuş əmlaklarımı əlimdən almağa çalışırlar. Həyat yoldaşım rəhmətə getdikdən sonra onun yaxın dostu olmuş deputat Rüfət Quliyev başsız qalan qadın olaraq məndən əmlaklarımı almağa çalışır. Deputat Rüfət Quliyev həyat yoldaşımın ölümündən sui-istifadə edərək, mənim sahibsizliyimdən fürsət kimi bəhrələnərək 40 ildən çox yaxın dostluq etdiyi şəxsin başsız ailəsinə qarşı açıq şəkildə təqiblər həyata keçirir. Hətta deputat statusuna məhəl qoymayaraq kimsəsiz ailənin əmlakını ələ keçirmək üçün hüquqi ”əsas" yaradaraq, tarixi olmayan primitiv formada saxta öhdəlik müqaviləsi hazırlatdıraraq məhkəməyə təqdim edib. Həmin öhdəlikdə guya keçmiş həyat yoldaşıma faizə pul verib".
Mərhum iş adamının həyat yoldaşı müraciətində qeyd edir ki, deputat Rüfət Quliyev əmlaklarını ələ keçirmək üçün şəxsən ona etdiyi təzyiq nəticəsində son əlac kimi özünə qəsd etmə həddinə çatıb.
N.Səfərovanın vəkili Ceyhun Yusifov bildirib ki, deputatın məhkəməyə təqdim etdiyi öhdəlik müqavilələri N.Səfərov dünyasını dəyişəndən sonra tərtib edilib: “Həmin öhdəlik müqavilələrində tarix yoxdur, birdən-birə 8-9 öhdəlik haqda qeydlər var. Daha çox 1-ci sinif uşağının qaralama dəftərini xatırladır. Rüfət Quliyev iddia edir ki, pulu ayrı-ayrı vaxtlarda verib. Belədirsə, bəs niyə 8-9 öhdəlik müqaviləsinin əvəzinə ortada 1 müqavilə var? Bu gün ortada 8-9 müqavilə olmalı idi. Məhkəməyə təqdim etdikləri dırnaqarası öhdəlik müqaviləsi daha çox təslimçilik müqaviləsini xatırladır. Həmin müqaviləni ağlı başında olan kimsə imzalamazdı. Digər tərəfdən də deputat nə vaxtdan sahibkarlıq fəaliyyəti ilə məşğul olur? Faizə pul vermək lisenziyalı fəaliyyətdir. Məgər Rüfət Quliyevin lisenziyası var? Deputat Rüfət Quliyev bu fəaliyyətinə görə vergi ödəyib? Göründüyü kimi, Rüfət Quliyevin qanunsuzluqları saymaqla bitmir. Bu iddianı qaldırarkən deputat Rüfət Quliyev sələmçilik fəaliyyəti ilə məşğul olduğunu etiraf edib. Üst-üstə 40 min dollar verdiyini iddia edir və bu məbləği şişirdərək 328 min dollara qədər çatdırır. Bu, əmlakın ələ keçirilməsi üçün ortaya atılan düşünülmüş hiylədir”.
Məsələ ilə bağlı deputat Rüfət Quliyevlə əlaqə saxlamağa cəhd etdik. Lakin deputatın telefonu qapadıldığından onunla danışa bilmədik. Onun vəkili Kamandar Nəsibov bildirdi ki, deputat xaricdədir, onun barəsində yazılanlar isə doğru deyil. Vəkil sələmə verilmiş pulun deputata deyil, onun oğluna məxsus olduğunu qeyd etdi.
Məhkəməyə təqdim edilmiş iddiada iddiaçı, öhdəlik haqda müqaviləsindən tərəf kimi deputat Rüfət Quliyevin çıxış etməsini isə deputatın oğlunun xaricdə olması ilə izah etdi: “Rüfət Quliyevin oğlu Toğrul Dubaydakı banklardan birində çalışıb, o dövrlərdə bir neçə adamlarla biznes fəaliyyətinə girib. Namiq Səfərov da belə şəxslərdən olub. Rüfət Quliyev oğlunun xahişi ilə o adama pul verib. Çünki Toğrul burada olmayıb. Orada söhbət 191 min dollardan gedir. Namiq Səfərov o pulu hissə-hissə alıb”.
Vəkil “deputat ölmüş şəxsin həyat yoldaşından nə qədər pul tələb edir” sualına belə cavab verib: “Pulu verən Toğrul Quliyev olub. Pul Toğrul Quliyevin şəxsi puludur, o, hətta Namiq Səfərovla biznesə şərik girmək üçün çalışdığı bankdan bir neçə dəfə kredit də götürüb. Biz iddianı verəndən sonra bilmişik ki, Namiq Səfərov bizimlə bərabər bir neçə şəxsdən də pul alıb. Onun heç yerdə işləmədiyi bir vaxtda bir çox yerlərdə əmlakları var”.
K.Nəsibov deyib ki, N.Səfərov dünyasını dəyişəndən sonra onun sağlığında verdiyi etibarnaməyə əsasən mülkiyyətində olan maşın digər şəxsini adına dövr edilib. Vəkil deyib ki, bu, cinayət əməlidir. K.Nəsibov deputat oğlunun verdiyi pullara görə N.Səfərovdan 1 manat da geri ala bilmədiyini diqqətə çatdırıb.
“Bu halda niyə Namiq Səfərova bir neçə il ərzində 191 min manat verib” sualına vəkil “ona etibar edib, inanıb” cavabını verib. (“Yeni Müsavat”)
MilliYol.Az
Digər xəbərlər
loading...