Həbsdə olan keçmiş MTN-çilərlə bağlı istintaq və məhkəmə araşdırmaları nazirlikdə baş verənlərlə yanaşı, başqa dövlət orqanlarında da bir sıra qanunsuzluqları üzə çıxarıb. Məsələn, tender fırıldağı…
Daşkəsən Rayon İcra Hakimiyyətinin memarı Elman Məmmədovun tutulub MTN-ə gətirilməsi məsələsi araşdırılarkən bu rayonda yol və körpü tikintisi üçün büdcədən ayrılmış 2 milyonla bağlı gizlədilən məqamların üstü açılıb.
Bəlli olub ki, reallıqda icra hakimiyyəti o işi görmək üçün tender keçirməyib. Sadəcə, «Design Construction» adlı bir şirkətin adından istifadə olunub. Ona görə də büdcədən ayrılmış vəsait formal olaraq, həmin şirkətin bank hesabına köçürüləndən sonra nağd şəkildə onlardan geri alınıb. Bu xidmətinə görə şirkətin təmsilçisinə və icra hakimiyyəti ilə onların arasındakı vasitəçi qadına isə müəyyən qədər pul verilib. Bütün bunlar «MTN işi» üzrə dindirmələrdə ortaya çıxıb.
Avtobusla sənəd göndərib 2 milyonluq layihədə «qalib» oldu
Daşkəsən RİH-nin memarı E.Məmmədov deyir ki, Maliyyə Nazirliyi 2 milyonu ayırandan sonra onlar yol və körpü tikintisi ilə bağlı işlərin görülməsi üçün tenderin keçirilməsi haqda elan veriblər. Elandan sonra Yeganə Abbasova onun mobil nömrəsinə zəng edərək, şərtlərlə maraqlanıb, ardınca da «Design Construction» şirkətinin sənədlərini Bakıdan avtobusla Daşkəsənə göndərib. Memarın sözlərinə görə, Y.Abbasova bəri başdan ona deyib ki, tenderdə bu şirkət qalib gələcək. Nəticə də onun dediyi kimi olub – «Design Construction» qalib elan olunub, icra başçısı Əhəd Abıyev bu şirkətlə müqavilə bağlayıb.
Memar etiraf edir ki, körpülərin tikintisi üçün bu şirkətin lisenziyasından və başqa lazımi sənədlərindən istifadə etsələr də, işi özləri görüblər. Pul məsələsinə gəlincə, Maliyyə Nazirliyi 2 milyonu Daşkəsən RİH-nin bank hesabına köçürüb. İcra hakimiyyəti də vəsaitin bir hissəsini şirkətin hesabına köçürəndən sonra memarı Bakıya göndəriblər ki, həmin pulu onlardan nağd şəkildə alıb geri qayıtsın.
E.Məmmədov etiraf edir ki, Y.Abbasova şirkətlə onların arasında vasitəçi olub. Adıçəkilən qadın pulun köçüb-köçmədiyi haqda onları məlumatlandırıb. Köçdüyünü öyrənən kimi E.Məmmədov Bakıya gəlib. Şirkətin nümayəndəsi pulu bankdan çıxarıb, üstündən öz «haqq»ını götürəndən sonra Y.Abbasova vasitəsilə icra hakimiyyətinin təmsilçisinə çatdırıb. Memar da 686 min manat pulu götürüb gedəndə onu MTN əməkdaşları tutub aparıblar…
Əgər tenderdə «Design Construction» qalib gəlibsə və tikinti işlərini də bu şirkət görüb layihəni təhvil verməlidirsə, o zaman pullar niyə geri alınır? İcra hakimiyyətinin memarı E.Məmmədov belə izahat verib: «İşlərin davam etdirilməsi üçün təcili tikinti materialları lazım idi. Mən şirkətin bank hesabından pulları çıxarıb, lazım olan inşaat materiallarını alıb gətirməliydim…».
«Razılaşdıq ki, 0.5 faizə işləyəcəm…»
Daşkəsən RİH ilə «Design Construction» arasında vasitəçi olmuş Y.Abbasova isə adıçəkilən şirkətin bu layihədə iştirakının formal xarakter daşıdığını, özünün də vasitəçiliyə görə 0.5 faizə razılaşıb pulunu aldığını söyləyir.
O, «Design Construction»ın necə qalib elan olunması haqda memardan fərqli danışıb: «Türkiyəyə müalicəyə getməliydim. «Nata tur» adlı turizm şirkəti müalicəyə gedən adamların qarşılanması, seçdiyi xəstəxanaya yerləşdirilməsi kimi xidmətlər də göstərirdi. Onların vasitəsilə gedib-gələndən sonra şirkətin rəhbəri Natiq Fətəliyevlə dostluq münasibətlərimiz yarandı, xahiş etdim ki, iş olsa, mənə desin. Natiq Fətəliyev söhbət əsnasında dedi ki, tikinti sahəsində fəaliyyət göstərən və lisenziyası olan firmaların imkanlarından istifadə edib lisenziyası olmayanların gördüyü işi sənədləşdirməklə pul qazanır. Mənə dedi ki, belə bir əməliyyat olsa, xəbər eləyim, vasitəçiliyə görə 0.5 faiz alacağam. Natiq Fətəliyev mənə «Design Construction»ın nizamnaməsini, sənədlərini verdi, mən də bundan sonra axtarışa başladım. 2014-cü ilin mayında Daşkəsən Rayon İcra Hakimiyyətində memar işləyən Elman Məmmədov mobil telefonuma zəng elədi, Bakıda görüşməyi təklif etdi. Mən onu tanımırdım, telefon nömrəmi tanışlarımdan kimsə vermişdi. Görüşdük, vasitəçiliyə görə 0.5 faiz məsələsini də onunla razılaşdırdıq. Danışdığımız kimi, Elman Məmmədov bir neçə gün sonra layihə ilə bağlı sənədləri avtobusla Bakıya göndərdi, mən də götürüb Natiq Fətəliyevə verdim. Bir-iki gündən sonra o da şirkətin möhürlü sənədlərini hazırladı, götürüb Daşkəsənə göndərdim…».
«Onlara əvvəl də 500 min vermişik»
İcra başçısı Ə.Abıyev isə iddia edir ki, qanuni şəkildə tender keçirilib, komissiya «Design Construction»ı qalib elan edib. Abıyevin dediklərindən belə məlum olub ki, icra hakimiyyəti bundan öncə də bu şirkətə yarım milyon pul verib: «Daşkəsəndə təbii fəlakət nəticəsində ziyan dəymiş evlərin və obyektlərin bərpası ilə əlaqədar işləri də bu şirkət yerinə yetirmişdi. Buna görə həmin şirkətə 500 min manat pul ödənilib».
Cinayət işinin materiallarından bəlli olur ki, MTN Y.Abbasovanın telefonlarını bir müddət dinləyib. Dinləmə ilə bağlı əməliyyat tapşırığında isə belə bir qeyd olub: «Obyekt əmtəəsiz maliyyə əməliyyatları həyata keçirir…».(azadliq.org)
MilliYol.Az
Digər xəbərlər
loading...