Baxmayaraq ki, neçə illərdir Demokratiya və iqtisadi inkişaf naminə regional təşkilat olan GUAM-ın qaçılmaz iflası barədə fikirlər səslənir, bu struktur yaşamaqda davam edir və fəaliyyət göstərir. Düzdür, müəyyən dövrlərdə gözlənilən qədər fəallıq göstərmir, amma artıq on ildir ki, mövqeyini də əldən vermir
Əvvəlcə GUAM regionun qlobal energetika və infrastruktur layihələrini - boru kəmərlərinin çəkilməsi, nəqliyyat dəhlizlərinin yaradılması və s. müşayiət edən təşkilat kimi qəbul edilirdi. Məhz bu səbəbdən ilk vaxtlarda onun işində ABŞ da fəal iştirak edirdi. Amma Vaşinqtonu GUAM-a daxil etməklə ABŞ-ın hansısa alternativ MDB yaratmaq cəhdi müvəffəqiyyətlə nəticələnmədi. Və amerikalılar GUAM-a marağı itirdilər.
Ancaq təşkilat işləyir və ona daxil olanlar - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova birgə layihələr reallaşdırır və ehtiyac olduğu halda bir-birilərinə dəstək göstərirlər.
Bununla belə, GUAM-ın dağılacağı barədə müxtəlif növ şayiələr yenə yayılır. Bu yaxınlarda bəzi KİV-lərdə hətta Azərbaycanın tezliklə bu təşkilatdan çıxacağı barədə yazılar da dərc olunub.
Təşkilatın baş katibi Altay Əfəndiyev isə virtualaz.org-a açıqlamasında bu yeni uydurmanı tamamilə təkzib edib.
"Azərbaycan nəinki GUAM-ı tərk etməyə hazırlaşmır, əksinə onun işində ən aktiv şəkildə iştirak edir. Hazırda təşkilata daxil olan ölkələrin qarşısında iki əhəmiyyətli məsələ durur: biri nəqliyyat dəhlizinin, digəri azad iqtisadi zonanın yaradılması ilə bağlıdır. İndiki geosiyasi vəziyyətdə GUAM ehtiyac duyulan təşkilatdır və onun saxlanılmasının zəruriliyi iştirakçı ölkələrdən heç birində şübhə doğurmur. Təəssüf ki, vaxtaşırı GUAM-a anti-Rusiya yarlığı yapışdırmağa çalışırlar, amma mən baş katib kimi bəyan edirəm ki, təşkilat heç vaxt anti-Rusiya meydanı olmayıb və olmayacaq, biz, əksinə, hər şeyi edirik ki, postsovet məkanının bütün ölkələri ilə əlaqələr möhkəmlənsin. Bizim hədəfimiz - ölkələr arasında nəqliyyat, energetika əməkdaşlığının möhkəmləndirilməsidir", - deyə A.Əfəndiyev bildirib.
A.Əfəndiyev Bakının təşkilatdan çıxacağı haqda şayiələri Azərbaycan tərəfinin GUAM ölkələri parlament üzvlərinin Kişinyovda keçirilən son iclasına dəvət edilməməsi ilə izah edib. Onun fikrincə, görünür, şayiələr buradan qaynaqlanıb. Ancaq həmin iclas təşkilatın, necə deyərlər, çərçivələrindən kənar keçirilib.
Altay Əfəndiyev
"Kişinyovda Avropa İttifaqı ilə assosiativ saziş imzalamış ölkələrin deputatları toplaşmışdı, hansı ki, Azərbaycan, məlum olduğu kimi, ora daxil deyil. Bununla belə, Azərbaycan GUAM Parlament Məclisində fəal iştirak edir və heç vaxt bu formatdan çıxmaq barədə məsələ qaldırmayıb. Bir də, əgər bu təşkilatın yaradıcısı məhz Bakıdırsa, biz bu təşkilatı necə tərk edə bilərik? Əgər təşkilatın nümayəndələri Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçi kimi dəvət ediliblərsə, hansı tərk etməkdən söhbət gedə bilər? GUAM üzvü olan ölkələrin parlamentlərinin doqquz deputatı monitorinq keçirməyə və ölkəmizdə seçkilərin demokratikliyini və şəffaflığını qiymətləndirməyə hazırlaşır. Azərbaycan təşkilatın bütün siyasi, humanitar və iqtisadi platformalarına cəlb edilib. Ona görə də Azərbaycanın GUAM-dan çıxacağı haqda deyilənlər heç bir əsası olmayan uydurmadır", - deyə A.Əfəndiyev əlavə edib.
Bununla birlikdə, o qeyd edib, GUAM ikitərəfli formatda ABŞ və Yaponiya ilə əməkdaşlığı davam etdirir. Bundan başqa, indi GUAM-la qarşılıqlı fəaliyyətə Baltikyanı dövlətlər, həmçinin Şərqi Avropa ölkələri - Polşa, Çexiya, Slovakiya və Macarıstan da maraq göstərirlər.
"Çox əhəmiyyətlidir ki, GUAM üzrə müttəfiqlər hər il BMT-yə işğal edilmiş ərazilər haqqında sənəd təqdim edirlər. Bizim ölkələrimiz ümumi problemlərə malikdir və müxtəlif beynəlxalq platformalarda bir-birilərini dəstəkləyirlər", - deyə təşkilatın rəhbəri fikrini yekunlaşdırıb.
Ukrayna xarici işlər nazirin müavini Vasili Bodnar da GUAM-ı faydalı təşkilat hesab edir. Virtualaz.org-a verdiyi açıqlamasında V.Bondar bu barədə deyib: "Azərbaycan təşkilat üçün çox əhəmiyyətli ölkədir və biz hamımız münasibətlərimizin gələcəkdə daha da dərinləşməsinə çalışırıq. GUAM-ın əsas məqsədi nəqliyyat və energetik kimi sahələrdə müxtəlif layihələrin reallaşdırılmasında əməkdaşlıq və bir-birinə kömək etməkdir. Biz bu mövzular üzərində ciddi işləyirik. Bundan başqa, GUAM ölkələrində oxşar problemlər var və biz müxtəlif beynəlxalq təşkilatlarda bir-birimizə dəstək göstərməkdə davam edirik.
Əlbəttə, hərdən mövqe fərqliliyi olur və mən hesab edirəm ki, bu normaldır. GUAM elə təşkilatdır ki, burada ən müxtəlif mövzular üzrə canlı müzakirələr aparılır".
Digər xəbərlər
loading...