Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanası sözün əsl mənasında tükdən asılı qalıb. Yataqxanaya daxil olar-olmaz pis qoxu və dağılan parket gözə çarpır. Yayılan pis qoxu isə qaranlıq və dağılmış ayaqyolundan gəlir. Dəhlizdə yemək bişirən xanımlar isə siçovul yuvalarını mənə bir-bir göstərir.
Sakinlər deyir ki, yuxarı mərtəbələrin pəncərələri olmadığından uşaqları özləri aparıb gətirir. Üstəlik, yağış yağan kimi sular binaya dolur. Otaqların içində isə vedrə, qab düzülür.
Üç uşaq anası Amilə Novruzova deyir ki, onlarla maraqlanan yoxdur: “Hərdən gəlib elə vədlər verirlər, öz-özlüyümüzdə “canımız qutardı” –deyirik. Ancaq 15-20 ildir ki, bu dağılan binada bir otağa sığınmışıq. Uşaqlar körpədir, yatdığı yerdə bir də görürəm ki, yağış suyu başına tökülür. 5 ildir demişəm ki, gəlib baxsınlar. Bu 5 ildə bir nəfər də olsun gələn yoxdur.”
Yataqxanada yaşayan Natavan Abbasova ümidini itirib. O deyir ki, bizi unudublar. Villalarda yaşayan məmurlara səslənən Natavan xanım camaatın bezdiyini deyir: “ İki il bundan əvvəl, yataqxananın 4-cü mərtəbəsindən qonşu özünü atdı. Nə qədər belə yaşamaq olar?! Bir otaqda gəlin, qaynana, uşaq necə qalmaq olar, axı. Paltarla yatıb, paltarla dururuq ki, uşaqlardan ayıbdır. Cərəyan məftilləri iki gündən bir alışıb yanır. Su töküb özümüz söndürürük. Təcili yardımdan gələnlər binaya girmir ki, iy gəlir. Yazıqları qınamaq da olmur.”
77 yaşlı Əfruz Məmmədova deyir ki, binanın təmirə ehtiyacı yoxdur, daş daş üstündə qalmır, dağılır: “Fövqəladə Hallar Nazirliyi binanın zirzəmisindən su çəkəndə fantan vurdu. Bina gölün içindədir. Nə də gəlib bizi çıxarmırlar. Bir ayağımız qəbrin içindədir. Allah bunlara insaf versin.”
Məsələ ilə bağlı Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi ilə əlaqə saxladıq. Komitənin mətbuat katibi Elçin Qədimov bildirdi ki, adı çəkilən yataqxana ilə bağlı hazırda təmir işlərinin aparılması və ya insanların yataqxanadan köçürülməsi planda yoxdur: “Bildiyiniz kimi, Bakı şəhərində tikinti işləri dayandırılıb. Hazırda yataqxana ilə bağlı heç bir tədbir yoxdur. Amma yataqxananın durumunu diqqətdə saxlayırıq.”
Qeyd edək ki, bu gün Bakının Xəzər rayonu ərazisində yataqxanalardan birində uçqun hadisəsi baş verib. Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü - Şəhla Məmmədova və 5 yaşlı uşaq xəsarət alıb. Tavandan qopan beton parçası 5 yaşlı uşağın başına düşüb və o, xəstəxanaya çatdırılıb.
Anoloji hadisə 4 saylı yataqxanada da ola bilər. Həyatları sığortalanmayan bu insanların taleyi isə sual altındadır. (Qaynarinfo.Az)
Qaynarinfo.Az
Fotolar
Digər xəbərlər
loading...