Vaxt gələcək ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olma prosesini sürətləndirəcək.
Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Brüsseldə “Şərq Tərəfdaşlığı”nın yeni institusional strukturunun işə salınmasına həsr olunmuş tədbirin kuluarlarında Trend-ə açıqlamasında deyib.
Nazir müavini qeyd edib: "Bizə ÜTT-yə daxil olmaq lazımdır və bu, yüksək siyasi səviyyədə bəyan olunub. Biz bu təşkilata üzvlüyün məqsədəuyğun olduğunu hesab edirik. Lakin bunun üçün vaxt lazımdır".
M.Məmməd-Quliyev bildirib ki, hazırda Azərbaycana öz iqtisadiyyatının şaxələndirilməsində və digər sahələrdə yaxşı nəticələrə nail olmaq lazımdır: "Biz hazırda ticarət münasibətlərini prioritet hesab edirik. Düşünürəm ki, iqtisadi sahədə islahatlardan və ciddi nəticələr əldə etdikdən sonra biz təşkilata daxil olmaq üzrə prosesi sürətləndirə bilərik".
Onun sözlərinə görə, böyük ehtimalla Azərbaycan ÜTT-yə inkişaf etməkdə olan ölkə kimi daxil olacaq: "Biz inkişaf etməkdə olan ölkəyik. İnkişaf etmiş ölkə olmaq üçün bizə vaxt lazımdır. ÜTT-nin bizə gərəkli olan məsələlərə (o cümlədən kənd təsərrüfatına dəstək) çatmaq imkanı verən sənədləri var və biz sənədlərə, ÜTT-nin sazişlərinə uyğun fəaliyyət göstəririk".
Digər xəbərlər
loading...