Məmur ərini öldürməkdə təqsirləndirilən qadının məhkəməsində yeni məqamlar üzə çıxıb. Qadının iki qızından biri anasını müdafiə edir, digəri isə atasının ölümündə kiçik bacısını və anasını günahlandırır.
Təqsirləndirilən şəxs mənzilə naməlum şəxsin girdiyini və qətlin də onun törətdiyini deyir. Sahə müvəkkili olan polis əməkdaşı da ifadəsində nəzarət kamerasında naməlum şəxs gördüyünü, lakin onun kimliyinin araşdırılmadığını deyir.
Söhbət Bakı Ağır Cinayətlər Məhkəməsində ərini, Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olmuş Füzuli İsgəndərovu öldürməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işindən gedir.
Bir çox qaranlıq məqamlarla davam edən bu cinayət işi ilə bağlı hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində sənədlərin tədqiqi elan olunub. Təqsirləndirilən şəxsin vəkillərinin istəyi ilə onların ziddiyyətli məqamların olduğunu düşündükləri sənədlər məhkəmə zalında elan olunub.
19 bıçaq zərbəsi...
Musavat.com-un məlumatına görə, ilk elan olunan sənəd hadisə yerinə edilən ilk baxış zamanı hazırlanan protokol olub. Protokolda qeyd edilir ki, hadisə yerinə baxış zamanı F.İsgəndərovun çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş meyiti aşkar edilib. Hadisə yerində 21, ətrafda isə əlavə qan izləri olub. Vəkillər qeyd ediblər ki, ilk götürülən 21 qan izi ekspertizaya göndərilsə də digər- qətlin törədildiyi ərazidən aralıda olan və protokolda qeyd edilən və nümunə üçün götürülən qan izləri ekspertizaya göndərilməyib.
Növbəti elan olunan sənəd isə meyitə baxış protokolu olub. Protokolda qeyd edilir ki, F.İsgəndərovun sol qulaq arxasında, döş sümüyündə, sağ çiynində, döş qəfəsinin yanında, arxasında, kürək nahiyyələrində, boynunda, sol baldırında ümumilikdə 19 bıçaq zərbəsi olub. Alnında və dizində isə sıyrıqlar olub.
Şahidlərdən birinin gördüyü naməlum şəxs...
Növbəti elan olunan sənəd şahid kimi ifadə verən Sahib İbrahimovun ifadəsi olub. S.İbrahimov qətlin baş verdiyi mənzilin yaxınlığındakı tikinti şirkətində sahə rəisi olaraq çalışır. O, polisə ifadəsində hadisə baş verəndən bir neçə dəqiqə sonra naməlum şəxsin ondan avtomobil yoluna necə çıxa biləcəyini soruşduğunu deyib.
S.İbrahimov ifadəsində qeyd edib ki, 19-20 yaşlarında bir nəfər ona yaxınlaşıb və yolu soruşub: “Su anbarının ərazisinə girmişdi. Məndən yola necə çıxa biləcəyini soruşdu. Mən də izah elədim. Əlində kiçik idman çantası var idi. Onu indi də görsəm tanıyaram. Həmin şəxs gedəndən bir müddət sonra polis əməkdaşları gəldi. Onlara da olanları və gördüklərimi bu şəkildə dedim”.
Prosesin davamında hadisədən sonra təqsirləndirilən X.İsgəndərovanın paltarına baxış protokolu, genetik ekspertizanın təyin edilməsi ilə bağlı qərar, hadisədən sonra- sentyabrın 3-də hadisə yerinə edilən növbəti baxışın protokolu elan edilib. Sonuncu protokolda qeyd edilir ki, qətlin baş verdiyi evin yanındakı torpaq sahədə ayaq izləri olub. Həmçinin həmin ərazidə yaşayışın olmaması da protokolda göstərilir. Hadisə yerinə baxış zamanı ayaq izləri çəkilib.
Digər elan olunan sənəd isə fotorobot olub. Fotorobot təqsirləndirilən şəxsin, onun kiçik qızı Əmanənin və tikinti şirkətinin əməkdaşı olan Sahib İbrahimovun ifadəsi əsasında hazırlanıb. Vəkillər bildirib ki, hər üç şəxsin verdiyi ifadələrə əsasən hazırlanan fotorobotlarda böyük oxşarlıq var. Dövlət ittihamçısı isə çıxışında bildirib ki, ana və qızının verdiyi ifadə ilə S.İbarimovun verdiyi ifadələr arasında həmin şəxsin saqqalının olub-olmaması arasında ziddiyyət var. S.İbrahimov gördüyü şəxsin saqqalsız olduğunu bildirib.
Qətlin baş verdiyi evin yaxınlığından tapılan maska
Növbəti sənəd isə qətlin baş verdiyi evin yaxınlığında yerləşən Su Anbarının ərazisinə baxış protokolu olub. Xatırladaq ki, cinayəti törətdiyi iddia edilən naməlum şəxsin qətli törətdikdən sonra yaxınlıqdakı su anbarının hasarından aşaraq hadisə yerindən qaçması da səsləndirilən versiyalar arasındadır.
Su anbarının yerləşdiyi əraziyə baxış protokolunda maraqlı bir detal ortaya çıxıb. Protokolda qeyd edilir ki, qətlin baş verdiyi evdən 40 metr məsafədə yerləşən su anbarının hasarında palçıq və qan izləri olub. Hasarın qan və palçıq izi olan hissəsindən bir qədər aralıda isə maska tapılıb. Həmin maskanın qadın corabından düzəldiyi qeyd edilir.
Naməlum şəxs haqda polisin dediyi...
Ötən proseslərdə ifadə verən sahə müvəkkili demişdi ki, istintaq qrupu ilə hadisə yerinə yollanıblar. Bu zaman onunla qətlə yetirilən şəxsin kiçik qızı Əmanə də olub.
“Yolda qızı sorğu-suala etdim. Füzuli İsgəndərovun işçilərini, qonşularını dindirdik. Kamera görüntülərinə də baxış keçirdik. Görüntülərdə bir cavan oğlan var idi. Amma onun şəxsiyyəti müəyyənləşmədi", - deyə sahə rəisi ifadəsində qeyd etmişdi.
Anasına qarşı ifadə verən qız Azərbaycanı tərk edib...
Səs-küylü cinayət işi ilə bağlı ən diqqət çəkən məqam iki qız övladının ifadələri olub. Əvvəlcə onu bildirək ki, X.İsgəndərova hadisə zamanı yanında olan qızı Əmanənin ifadəsi əsasında həbs edilib. O, istintaqa verdiyi ilk ifadəsində atasının anası tərəfindən öldürüldüyünü deyib. Ancaq məhkəmə zalında ifadə verən 16 yaşlı Əmanə bu ifadəsini təsdiqləməyib və bildirib ki, onu aladıblar.
Əmanənin ifadəsindən: “Mənə dedilər ki, ananın atanı öldürdüyünü de. Bundan sonra anamı dəlilik adı ilə həbsdən çıxaracaqlarını söylədilər. Əks halda anamın ömürlük həbs ediləcəyini dedilər. Mən də qorxub belə ifadə verdim”.
Mərhum Füzuli İsgəndərovun qızları-Əmanə və Bülbül
Məhkəmədə ifadə verən ailənin böyük qızı Bülbül isə qətldə anasından və bacısından şübhələndiyini bildirmişdi. Hadisədən sonra Əmanə xalası və dayısı, Bülbül isə bibisi və əmisinin himayəsində yaşamağa başlayıb. Hazırda Bülbül Azərbaycanı tərk edib. Yaxınlarının dediyinə görə, Bülbül anasının günahkar olması ilə bağlı ifadə verəndən sonra anasının qohumları tərəfindən izlənilib. Buna görə də o, Azərbaycandan getmək qərarına gəlib.
Bu işdə səsləndirilən digər bir məqam isə tərəflərin Füzuli İsgəndərovun mülkləri ilə bağlı dedikləri fikirlərlə bağlıdır. Mərhumun böyük qızı Bülbül məhkəmədə verdiyi ifadəsində qeyd etmişdi ki, atası məmur olduğundan ona məxsus obyektlər, mənzillər və digər mülklər qohumlarının adına olub. O, bəzi qohumlarının mülk üstündə olan maraqlarına görə işə müdaxilə etdiklərini iddia etmişdi.
Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdiriləcək.
Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.
Xatırladaq ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. X.isgəndərova və qızı hadisənin evə oğurluq məqsədi ilə girən naməlum şəxs tərəfindən törədildiyini iddia edirlər.
MilliYol.Az
Digər xəbərlər
loading...