Böyük Britaniya və Rusiya arasında diplomatik müharibə rəsmən başladı
Artıq Londonun ruslara qarşı əlindəki ən böyük silahdan, ölkəyə qoyulan rus kapitalının durdurulması və burada fəaliyyət göstərən milyarderlərin fəaliyyətinin dayandırılması yönündə hərəkətə keçdiyi xəbərləri gəlir.
“Tereza Mey indi bıçaq tiyəsinin üzərində gedir. O, Putin və dostları üçün ağrılı sayılan tədbirləri görməli, onların bizə olan hücum imkanlarını azaltmalı, həmçinin rusları daha böyük zərər vura biləcək əks-hücumdan çəkindirməlidir”,-”The Times” qəzetindən Cenni Rassel yazır.
Cenni Rasselin fikrincə, bu yöndə daha çox iş görmək mümkündür: “Əgər biz Putinin yaxın çevrəsinə təzyiq rıçaqı əldə etmək istəyiriksə, rusların Böyük Britaniyada ən çox həssas olduğu bir məsələyə toxunmaq üzərində ciddi düşünməliyik. Bu da ölkəmizdəki özəl məktəblərdə yüksək səviyyədə verilən təhsil və sosial əlaqələr sahəsidir”.
Yazıda 2006-2016-cı illər ərzində Böyük Britanyanın olduqca bahalı özəl məktəblərinə yazılan rus uşaqlarının sayının 3 dəfə artaraq 2,3 min nəfər təşkil etdiyi qeyd olunur. Rus məktəblilər Çin və Honkonqdan sonra Böyük Britaniyaya üz tutan ən böyük xarici ölkə kontingenti sayılır.
“Hazırda Rusiyada iqorları və katyaları Britaniyanın “İton”, “Uaykom-Ebbi”, “Vellinqton” kimi ən yaxşı məktəblərinə göndərən bütöv bir sənaye mövcuddur.
Moskvada fəaliyyət göstərən təhsil konsaltinq mərkəzləri Böyük Britaniyanın “Bonas MacFarlane” və “Holland ParkTuition” kimi agentliklərin köməyi ilə hər ailədən 10 min funt pul alırlar. Onlar rus uşaqlarına ildə 30-60 min funt və ya hər saatı 500 funtla ölçülən qiymət müqabilində ingilis dilində repetitorlar da tuturlar”, - müəllif xəbər verir.
Yazıda bu uşaqların gəldikləri yerə görə qərb dəyərlərini tam olaraq mənimsəmədikləri vurğulanır.
“Məsələn, məktəbli qızlardan biri sinif yoldaşı olan və olduqca varlı ailədən gəldiyi bilinən bir rus oğlana onun atasının mafiya mənsubu olduğunu söylədiyini deyir. Həmin rus şagird bunun bütün varlı moskvalılara aid olduğunu, atasının isə onlardan daha çox qazandığını bildirib”.
Məqalədə rus oliqarxlarının övladlarını həm də başqa məqsədlərlə xarici məktəblərdə oxutdurduğu yazılıb.
“Özəl məktəblər sistemində çalışanlardan biri mənə bəzi valideynlərin öz övladlarının təhsilinə görə ödədikləri pullara öz ölkələrində çirkli yollarla əldə etdikləri pulların yuyulması yolu kimi baxdığını söyləyir. Bu adamlar orta məktəblərə çamadan dolusu pullarla gəlirlər”.
Məqalə müəllifi baş nazir Tereza Meyin hökumətin qara siyahısında olan bütün rus ailələri üçün təhsil vizalarının ləğv etməli olduğunu yazır.
“Belə bir müharibədə yumşaq güc, sərt metodlar qədər real və təsirlidir. Bizim bundan istifadə etməyimiz lazımdır”, - Cenni Rassel yekunda yazıb.
Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti isə bununla bağlı başqa bir məsələyə diqqəti çəkir. Qəzet rusların Böyük Britaniyada aldığı daşınar və daşınmaz əmlaklar məsələsinə toxunub.
“Londonun mərkəzindəki “Whitehall Court” malikanəsi Trafalqar meydanından (Londonun mərkəz meydanı) və Daunniq Stritdən (baş nazirin ofisinin yerləşdiyi-red.) cəmi bir neçə dəqiqəlik aralıda yerləşir.
Daha çox qəsri xatırladan yaşayış kompleksinin Temza çayına görüntüsü var. Burada vaxtilə məşhur yazıçı Bernard Şou yaşayıb. İndi bu kompleksin ən yuxarıdakı mərtəbəsi Rusiya baş nazirinin müavini İqor Şuvalova məxsusdur. İki mənzilin ümumi qiyməti 11,5 milyon funt olaraq dəyərləndirilir. Lakin yüksək vəzifə sayılsa da, bir dövlət məmurunun bu cür bahalı daşınmaz əmlakı almağa pulu hardandır?”, -qəzet sual edir.
Məqalədə Şuvalov kimi Londonda əmlak alan və varlanma mənbəyi bəlli olmayan digər rus zənginlərinin də Britaniya hakimiyyətinə cavab verəcəyi qeyd olunub.
Bunun üçün hüquqi sənəd mövcuddur. Parlament bir neçə il öncə “Unexplained Wealth Orders” (açıqlanmayan sərvət bəyanatları-red.) adlı qanun qəbul edib.
Qanuna əsasən əgər rəsmi yerlərə bu cür əmlakların əldə olunması ilə bağlı əsaslandırılmış izahat verilməsə, Böyük Britaniya hakimiyyətinin həmin aktivləri müsadirə etmək hüququ olacaq.
Məqalədə Solsberidəki zəhərlənmə hadisəsindən sonra “Unexplained Wealth Orders”in Londonun əlində təsirli silaha döndüyü yazılıb.
Qəzet Böyük Britaniyanın xaricdən gələn şübhəli pul axınlarını özünə çəkən maqnitə çevrildiyini qeyd edir.
“3 il bundan öncə “Deutsche Bank”ın ekspertləri 2006 və 2014-cü illər ərzində Böyük Britaniyanya Rusiyadan 90 milyard pul köçürüldüyünü müəyyən ediblər. “Transparency International” təşkilatının məlumatlarına əsasən, təkcə Londonda 40 min daşınmaz obyekt rusların yaratdığı qaranlıq offşor şirkətlərinə məxsusdur.
Onların əsl sahiblərinin kim olduğu qəti bəlli deyil.
“İndi Londonda dolaşan şayiələrə görə, Sergey Skripalın zəhərlənməsindən sonra Britaniya daha bir iri rus oliqarxına, “Çelsi” klubunun sahibi Roman Abramoviçə girişə bilər. Bu vaxta qədər varlı ruslar Temza çayının sahillərində özlərini tamamilə təhlükəsiz hiss edirdilər. Onlara perspektivli investor kimi yaxşı yanaşırdılar....”, -yazıda vurğulanır.
MilliYol.Az
Digər xəbərlər
loading...