Ötən gün mətbuatda və sosial şəbəkələrdə hər kəs Sumqayıtlı gəncin qəbul imtahanlarında göstərdiyi nəticədən danışır.
Belə ki, İbrahim Qəhrəmanov qəbul imtahanı ərəfəsində dostu ilə 100 manatdan mərcə girib. Mərcin şərtlərinə görə İbrahim qəbul imtahanlarında keçid balını yığmalı - minimum nəticəni göstərməli imiş. Amma imtahanların nəticələri açıqlandıqdan sonra məlum olub ki, abituriyent 3-cü qrup üzrə daha artıq - 532 bal toplayıb. İbrahimin hazırda “Sədərək” bazarında fəhlə işlədiyi deyilir.
Adıçəkilən gənc İbrahim Qəhrəmanov bununla bağlı açıqlamasında faktı təsdiq edib. O bildirib ki, dostları ilə etdiyi mərcə əsasən imtahandan belə yüksək bal toplayıb.
İ.Qəhrəmanov qeyd edib ki, onun hazırda iki diplomu var: “2007-2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almışam. Həmçinin paralel olaraq Türkiyə universitetlərindən birinin diplomunu almışam. 4 illik təhsili başa vurduqdan sonra bank sektorunda çalışdım. Daha sonra çalışdığım bankdan rayonlardan birinə ezam olunmağımı istədilər. Ona görə də işimdən imtina etdim. Bir müddət işsiz qaldım. Amma sonradan fəhlə işləmək qərarına gəldim. Hazırda fəhlə işləyirəm”.
Belə yüksək nəticə göstərən gənc bildirib ki, hansısa bir universiteti seçmək planı yoxdur: “Hansısa yeri seçib, bir gəncin yolunu bağlamaq istəmirəm. Maddi sıxıntı baxımından təhsili davam etdirməyəcəm”.
İ.Qəhrəmanov maddi köməklik olunsa belə təhsilini davam etdirmək istəmir. O, öz ixtisasına uyğun işlə təmin olunmasını istəyir.
Qeyd edək ki, İbrahim Qəhrəmanov əslən Qubadlı rayonundandır, 1993-cü ildən Sumqayıtda köhnə mehmanxanada məskunlaşıb.(AzVision.az)
MilliYol.Az
Digər xəbərlər
loading...