Təhsil sistemində aparılan islahatlara baxmayaraq, korrupsiya və rüşvət halları hələ də qalmaqdadır. Araşdırmalar göstərir ki, korrupsiya daha çox əraziləri və yaxud ərazilərinin bir hissəsi Ermənistanın işğalında olan rayonlarda geniş yayılıb. İşğal altında olan bu rayonların məktəblərinin respublikanın müxtəlif rayonlarına səpələnməsi burada təhsilin keyfiyyətini aşağı salmaqla yanaşı, həm də bu təhsil ocaqlarını korrupsiya yuvalarına çevirir.
Rüşvət və korrupsiyanın ən geniş yayıldığı təhsil şöbələrindən biri də Füzuli rayon Təhsil Şöbəsidir. Öncə onu qeyd edək ki, 2017-2018 təhsil ilində Füzuli rayonundan ali təhsil məktəblərinə qəbul olan şagirdlərin ümumi sayı 375 nəfər olub. (Bu tələbələrdən bəzilərinin başqa rayonda qeydiyyatda olduğu deyilir). 125 mindən artıq əhalisi və 81 məktəbi olan rayon üçün bu yüksək göstərici olmasa da, Füzuli rayon Təhsil Şöbəsi və rayon İcra Hakimiyyəti bunu böyük nailiyyət kimi təqdimetməyə çalışır.
Əslində onlarla razılaşmaq da olardı, amma bir şərtlə ki, bu məktəblərin hamısı cəbhə zonasında olsaydı.
Qeyd edək ki, Füzuli rayon Təhsil Şöbəsinin tabeliyində olan 81 məktəbdən 33-ü digər şəhərlərdə - Şirvan, Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərir. Təhsil Şöbəsi korrupsiyaya daha çox rayon ərazisindən kənarda fəaliyyət göstərən bu məktəblərdə yol verir.
200 mini hardan və necə çıxarmalı?
İxtisasca filoloq olan, əməkdar müəllim adının 10 illik yubiley ərəfəsini yaşayan və iki illik Təhsil Şöbəsinin müdiri stajına malik olan Ramella Allahverdiyeva bu vəzifəyə 200 min manat rüşvət verməklə gəldiyi iddia olunur. Ramella Allahverdiyevanın 2 illik fəaliyyəti tamam olmasa da, artıq o Füzuli təhsilində öz rüşvət və korrupsiya şəbəkəsini qurub. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevə güvənən, korrupsiya istiqamətinə atdığı hər addımı onunla məsləhətləşən xanım müdirənin direktorlardan “tələbləri” günü-gündən artmaqdadır. İddialara görə, rayon Təhsil Şöbəsini Həmkarlar İttifaqı kimi idarə edən Ramella Allahverdiyevanın uğurları ancaq sənədlər üzərindədir. Daha doğrusu “prisipka”lardan ibarətdir. Rayondan kənarda fəaliyyət göstərən məktəblərin direktorlarından yığılan pulların son iki ildə iki dəfə qalxması isə Allahverdiyevanın nəfsinin sonu olacağına dəlalət eləmir. Bu məktəblərin direktorları Allahverdiyevanın qanunsuz tələblərindən qan ağlamaqdadırlar.
Məlumatda iddia olunur ki, qeyd olunan məktəblərdə müəllimlərin repetitorluğa buraxılması, məktəblərin təmiri, şagirdlərin sadəcə adlarının məktəbdə qeyd edilməsi... hər şey Ramella Allahverdiyevanın nəzarətindədir. Və əldə olunan pullar qəpiyinə kimi direktorlar tərəfindən ona ödənilir. Yığılan pullardan hansı direktora nə çatacağına isə yalnız Ramella Allahverdiyeva qərar verir. Bakı və Sumqayıtda fəaliyyət göstərən məktəblərin direktorları şöbə müdirinin əlindən qan ağlayır. Əksər direktorların isə ölkə banklarına kredit borcu olduğu vurğulanır.
Direktorların Təhsil Şöbəsinin müdirinin hər gün yüksələn “tələbləri” qarşısında susmaları isə onların da korrupsiya zəncirinin bir həlqəsi olmaqları ilə əlaqədardır. Belə ki, rəsmi sənədlərdə düzgün olmayan informasiyaların qeyd olunması, əsassız yerə əlavə siniflərin yaradılması əsasən rayondan kənarda olan məktəblərdə aparılır. Bu məktəblərdə texniki ştatlarda göstərilən işçilərin –“ölü canların” maaş kartları direkotrlarda olur. İmişli rayonunun Q. İsmayılov küçəsində, Sabirabadda Fin düşərgəsində, Xətaidə, Beyləqan rayonunun Bəhramtəpə qəsəbəsində, Sumqayıtda “Nasosnu” deyilən qəsəbədə, Rabitə kollecinin binasında, Dərnəgüldə, Lökbatanda və Müşfiqabadda olan Füzuli məktəblərinin hər birində 10-a qədər xadimənin olduğu, amma əslində işə bir xadimənin gəldiyi deyilir. Bu məktəblərdəki xadimələrin maaş kartları məktəb direktorlarındadır. Hər ay bu kartlardan çıxarılan pulların böyük qismi şöbə müdirinə göndərilir.
Ramella Allahverdiyeva Füzuli rayonunda quruculuq-abadlıq işləri aparır?
MilliYol.Az-ın əldə etdiyi məlumatdan biri isə Beyləqan, Şirvan, Bakı və Sumqayıtda fəaliyyət gstərən Füzuli məktəblərinin hər altı aydan bir – yaz və payız fəslində Füzuli rayonunda İcra Hakimiyyətinin apardığı kosmetik işlərə cəlb olunmasıdır. Belə ki, hər yaz və payız aylarında bu məktəblərin direktorlarından Ramella Allahverdiyevanın rayonda aparılan abadlıq və quruculuq işlərinə pul yığdırdığı deyilir. İldə iki dəfə 300-500 manat arası yığılan bu pulların tam olaraq İcra Hakimiyyətinə çatdırılmadığı iddia olunur.
Füzuli rayon təhsilinin inkişafına görə dövlətdən müəyyən adlar altında ayrılan vəsaitlərin də müəyyən qruplar tərəfindən mənimsənildiyi deyilir. Belə ki, bəzi müəllimlərinə və nümunəvi şagirdlərə mükafat kimi pulların yazıldığı və bu pulların Təhsil Şöbəsi, rayon İcra Hakimiyyəti və Tərtər Regional Təhsil İdarəsi tərəfindən bölündüyü deyilir.
Ramella Allahverdiyevanın bu əməllərindən Təhsil Nazirliyinə edilən şikayətlərə isə heç kim baxmır.
İddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...