“The Washington Times” qəzetində ABŞ hərbi-dəniz qüvvələrinin ehtiyatda olan admiralı, ABŞ Sakit okean donanmasının sabiq komandanı və Birləşmiş Ştatların BMT-də yüksək vəzifəli hərbi nümayəndəsi Ceyms Laynsın “Azərbaycan - mühüm müttəfiq” sərlövhəli məqaləsi dərc edilib
Məqalədə Azərbaycanın ABŞ üçün mühüm müttəfiq olmasından və bu iki ölkə arasında münasibətləri pozmaq cəhdlərinin qarşısının alınmasının vacibliyindən bəhs olunur.
Müəllif yazır ki, şimaldan Rusiya, cənubdan İranla həmsərhəd olan Azərbaycanın qonşularla əlaqələrinin genişləndiyi dövrdə, bu ölkənin suverenliyi və müstəqilliyi ABŞ-ın maraqları üçün böyük əhəmiyyətə malikdir. Məqalədə xatırladılır ki, “Nyu-Yorkda 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktlarından sonra Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev rəsmi Vaşinqtona müraciət ünvanlamış, ona tam dəstəyini ifadə etmişdi. Bunu heç vaxt unutmamalıyıq. Bununla yanaşı, Azərbaycan NATO-nun rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlarda iştirak etmiş ilk ölkələrdən biridir. Bu ölkə NATO-ya uçuşların həyata keçirilməsi üçün strateji məkanlarından istifadə icazəsi verib, logistika sahəsində yardım göstərib”.
C.Layns vurğulayır ki, Bakının Türkiyə və Gürcüstanla əməkdaşlığı, Qərb ölkələrinin onu dəstəkləməsi sayəsində elə Qərbin də iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr həyata keçirilib. Son dövrlərdə Cənubi Qafqaz regionu “Yeni İpək yolu” layihəsinin həyata keçirilməsində, onun maraqlarının təmin edilməsində mühüm rol oynamağa başlayıb. Qeyd edək ki, bu layihə Avropa ilə Şərqi Asiyanı birləşdirəcək, habelə Avrasiyada yeni avtomagistrallar və dəmir yolları tikiləcək. Bu yaxınlarda Azərbaycanda açılış mərasimi keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə düşməsindən sonra, Asiyanın regionla real əlaqələri yaranacaq.
Ceyms Layns yazır: “Qafqaz regionu və Azərbaycan, şübhəsiz, geostrateji əhəmiyyətə malikdir. Burada neft və qaz kimi resursların nəqli, nəqliyyat yollarının bu regionda kəsişməsi də öz rolunu oynayır. Belə bir şəraitdə Vaşinqtonla Bakı arasında əlaqələr genişlənir. Amma onların əməkdaşlığını pozmağa cəhdlər də göstərilir. Belə addımlar əsasən Azərbaycanın qonşusu olan Ermənistan və ABŞ-da fəaliyyət göstərən nüfuzlu, güclü erməni lobbisi tərəfindən atılır”.
Müəllif qeyd edir ki, 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələrindən Vaşinqtonla Bakı arasında əlaqələrə maneçilik törətmək, bundan Azərbaycana qarşı dezinformasiya kampaniyası aparmaq üçün istifadə olunur. Həmin hadisələr zamanı 26 erməni öldürülüb (erməni mənbələrində ölənlərin sayı şişirdilir). Həmin vaxt Sumqayıtda 14 min erməninin yaşadığı nəzərə alınsa, demək, bu, soyqırımı və ya qətliam olmayıb. O da məlumdur ki, Sumqayıtda ermənilərə hücum edən qrupa Eduard Qriqoryan adlı erməni başçılıq edib.
Məqalədə xatırladılır ki, 1991-ci ilin dekabrında, yəni SSRİ dağılan zaman Qafqaz regionunda xaos hökm sürürdü. Bundan istifadə edən erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayıraraq Ermənistana birləşdirməyə cəhd göstərirdilər. Nəticədə həmin dövrdə azərbaycanlılar etnik təmizlənməyə məruz qaldı. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilən qətliam miqyasına, həyata keçirilmə məqsədinə görə əsl soyqırımı mahiyyəti daşıyırdı. Fevralın 26-na keçən gecə erməni hərbi birləşmələri Xocalını artilleriya atəşinə tutdular. Qaçmağa çalışan mülki əhali mühasirəyə alındı və qətlə yetirildi. Bu zaman qadın, uşaq və qocalar daxil olmaqla, 600-dən çox insan öldürüldü, çox sayda insan yaralandı.
“Etnik səciyyə daşımayan Sumqayıt hadisələrindən fərqli olaraq, Xocalı qətliamı Ermənistan rəhbərliyi tərəfindən planlı şəkildə həyata keçirilmişdi. Bu faciə zamanı insanlar məhz etnik mənsubiyyətinə görə öldürülmüşdü. Bu, soyqırımı aktı idi!”, - deyə məqalədə vurğulanır.
Ceyms Layns məqalənin sonunda yazır ki, ABŞ-da, Avropada fəaliyyət göstərən erməni lobbisi Xocalı qətliamı, Sumqayıt hadisələri haqqında həqiqətlərin dünyaya yayılmasına mane olub. Bu gün isə erməni lobbisi ABŞ-Azərbaycan əlaqələrinə maneə yaradır. Odur ki, gələcəkdə Bakı ilə Vaşinqton arasında əlaqələrin pisləşməməsi üçün bu dezinformasiya kampaniyasının qarşısı alınmalıdır. (azvision.az)
Digər xəbərlər
loading...