Prezident İlham Əliyev tərəfindən imzalanan Fərman və Sərəncamlarla cari ilin əvvəlindən 1 mln. 256 min nəfər pensiyaçının pensiyası,ünvanlı sosial yardım alan ailələrdəki ailə üzvlərindən ibarət olmaqla 400 min insana yönələn sosial yardımın, habelə 2018-ci il martın 1-dən 621 min nəfərə müxtəlif növ müavinətlərin (o cümlədən 60 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərinin), 846 min nəfərin əmək haqlarının artırılması təmin edilib
Bu artımlar, ümumilikdə 3 mln. 123 min nəfəri və ya respublika əhalisinin 31,55%-ni əhatə edir və qeyd olunan sosial ödənişlər üzrə artımların təmin edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulan əlavə vəsait 600 mln. manat təşkil edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilə dair fəaliyyətinin yekunlarına və Fondun qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclasında vurğulayıb.
Nazir qeyd edib ki, əvvəlcədən sistemli şəkildə aparılmış təhlillər əsasında sosial ödənişlərə edilən bu artımlar Prezident İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin ildən-ilə davam etdirilməsinin növbəti əyani təsdiqidir.
S. Müslümov diqqətə çatdırıb ki, dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu islahatlar dünyada, xüsusən də regionda narahatedici proseslərin davam etdiyi 2017-ci ildə də Azərbaycanda xalq-iqtidar birliyinə əsaslanan möhkəm ictimai-siyasi sabitlik zəminində dayanıqlı iqtisadi inkişafa, bütün sahələrdə yeni irəliləyişlərə səbəb olub: “Eyni zamanda, cənab Prezidentin tapşırığına uyğun olaraq, sosial proqramlar yüksələn xətlə davam etdirilib. Belə proqramlardan biri kimi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı proqramı çərçivəsində ötən il nazirlik tərəfindən bu təbəqələrdən olan 315 nəfərə mənzillər (o cümlədən 148 nəfərə yeni inşa olunmuş binalardan mənzil, 167 nəfərə fərdi yaşayış evi) təqdim edilib. Bununla da indiyədək nazirliyin xətti ilə mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı 6,1 minə çatdırılıb”.
S. Müslümov sosial təmin sisteminin səmərəliliyinin artırılmasının bu sistemin sosial rifahda və yoxsulluğun azaldılmasında rolunun getdikcə artmasını şərtləndirdiyini qeyd edib. “Bunun təzahürü kimi, həmin sistemin mühüm komponentlərindən olan pensiya təminatında artım dinamikası ildən-ilə artır. Ötən il də pensiyanın orta aylıq məbləği 8,4 faiz artaraq 01 yanvar 2018-ci il vəziyyətinə 208,4 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,3 faiz artaraq 233,61 manata çatıb,” – deyə S. Müslümov bildirib.
2017-ci ilin 01 iyulundan pensiya qanunvericiliyində dəyişikliklərin tətbiqinin ötən ilin yaddaqalan islahat tədbirlərindən olduğunu qeyd edən nazir diqqətə çatdırıb ki, bu islahat tədbiri pensiya sistemində sığorta prinsipinin əsaslı tətbiqinə imkan yaratmaqla, işləyən əhalinin sosial sığorta sistemində fəal iştirakının və pensiyalarda artımın daha da stimullaşdırılmasına şərait yaradıb. S. Müslümov bildirib ki, 01 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 mln. 318 min 446 nəfər əmək pensiyası alır. Onlardan 59,01%-i yaşa görə, 11,42%-i ailə başçısını itirməyə görə, 29,57%-i əlilliyə görə əmək pensiyası alanlardır: “Əgər nəzərə alsaq ki, bu gün pensiyaçılar əhalinin 13,4 faizini təşkil edir, o zaman pensiya təminatında mütəmadi artımların sosial rifahda önəmli rol oynadığını görmək olar. İqtisadi şaxələndirmənin genişlənməsi nəticəsində neftdən asılı olmadan milli iqtisadiyyatın sabit artım tempinin təmin edilməsi şəraitində ölkənin sığorta-pensiya sisteminin inkişafı da davamlı xarakter alıb. Bunun növbəti təsdiqi kimi, 2017-ci ildə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2016-cı ilə nisbətən 221,80 milyon manat və ya 6,98 faiz artaraq 3399,84 milyon manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,72 faiz və ya 167,45 milyon manat artaraq 2084,44 milyon manat təşkil edib. Fondun gəlirlərinin tərkibində qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarının ötən il də artması müsbət məqamlardan biri kimi xüsusi qeyd oluna bilər. Belə ki, qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 64,20 faizini və ya 1340,76 milyon manatını təşkil edib və bu da 2016-cı illə müqayisədə 11,05 faiz və ya 133,38 milyon manat çox olmaqla, illik proqnoz 103,14 faiz icra olunub”.
Hesabat ilinin daha bir mühüm islahat tədbiri kimi, ötən il “İşsizlikdən sığorta haqqında” Qanunun qəbul olunduğunu qeyd edən S. Müslümov bildirib ki, bu Qanuna əsasən, cari ilin əvvəlindən işsizlikdən sığorta sisteminin yaradılması aztəminatlı ailələrin daha geniş şəkildə aktiv tədbirlərə cəlb olunmasına imkan yaradıb: “2016-cı ilin fevral ayından ünvanlı sosial yardım təyinatının elektronlaşdırılması bu sahədə ünvanlılığın və şəffaflığın təmin edilməsini şərtləndirib. Eyni zamanda, cənab Prezidentin tapşırığına əsasən, aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması, onların gəlir imkanlarının artırılması tədbirlərinin xeyli genişləşdirilməsi sosial yardım proqramından asılı aztəminatlı ailələrin də sayını ildən-ilə əhəmiyyətli şəkildə azaldacaq. Ötən ilin noyabr ayından yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacağın və Reabilitasiya Müəssisəsinin fəaliyyətə başlaması sosial xidmətlərin əhatə dairəsini xeyli genişləndirib. Bu müəssisələrdə müvafiq şəxslərin təkcə stasionar şəkildə sosial xidmətlərlə təminatı deyil, normal həyata qayıdışları məqsədilə də müvafiq işlər aparılır. Ümumilikdə sosial təminat sisteminin bütün istiqamətləri üzrə 2017-ci ildə məqsədyönlü işlər aparılıb və cari il ərzində bu sistemin daha da gücləndirilməsi və sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasında səmərəliliyin yüksəldilməsi fəaliyyətimizin əsas xəttini təşkil edəcək”.
İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, 2017-ci ildə Fondun xərcləri 3464 mln. manat təşkil edib və bunun 3383,89 mln. manatı və yaxud 97,69%-i əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 3289,57 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə isə 94,32 mln. manat olub. Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı 2018-ci ilin 1 yanvar tarixinə ötən ilin əvvəlinə nisbətən 193 188 nəfər artaraq 3 566 745 nəfər təşkil edib. Ötən il ölkə əhalisinin 4,8%-nə və ya 482915 nəfərə (o cümlədən 384956 nəfərə (79,7 faiz) aylıq, 97959 nəfərə (20,3 faiz) birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib. Bundan əlavə, 60021 nəfər Prezident təqaüdləri ilə təmin olunub.
Fondun nəzdindəki “Məzun evi” Sosial Müəssisəsində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarından ibarət 240 nəfər şəxs yaşayır. Onların məşğulluğunun təminatı işlərinin davamı olaraq, müəssisədə ötən il xalçaçılıq və tikiş sexləri də açılıb. Hesabat ilində 1165 nəfər əlilliyi olan şəxsin istirahəti təşkil edilib, Fondun tabeliyindəki sosial xidmət müəssisələrində 1079 nəfər tam dövlət təminatında olub, 11025 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidməti göstərilib, nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr əsasında 4100 nəfər uşaq və müvafiq hallarda ailələri sosial xidmətlərlə təmin ediliblər. Fondun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 2017-ci ildə əlavə olaraq 350 nəfər gənc peşə kurslarına qəbul edilib, Fondun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 68 nəfər insan alveri qurbanına və 28 nəfər insan alverinin potensial qurbanına müxtəlif yardımlar göstərib.
Dövlət Sosial Müdafiə Fondunun digər fəaliyyət istiqamətlərində görülən işlər də diqqətə çatdırılıb.
İclasda 2017-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülmüş işlərin yekunları ətraflı müzakirə edilib. Müsbət nəticələrlə yanaşı, əhaliyə xidmət sahəsində yol verilmiş nöqsan və çatışmazlıqlardan da bəhs olunub, fəaliyyətini düzgün qurmayan vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul olunub, fəaliyyət sahələrinə dair müvafiq tapşırıqlar verilib.
MilliYol.Az
Digər xəbərlər
loading...