“Xocalı faciəsinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ANS-in müstəsna xidmətləri var.Mən bunu həmişə dəyərləndirmişəm”.
Bunu ANS TV-nin lisenziyasına xitam verilməsinə münasibət bildirən Milli Məclisin deputatı, Xocalı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elman Məmmədov deyib.
O, bildirib ki, ANS təcrübəli telekanaldır və Azərbaycanda belə telekanala ehtiyac var. Elman Məmmədovun sözlərinə görə, ANS TV-nin fəaliyyətini davam etdirməsi mümkündür:
“ANS bir təcrübəli telekanal olaraq bir daha qanunları pozmasa, inanıram ki, tezliklə açılacaq və fəaliyyətini davam etdirəcək. Məhkəmələrin qərarlarına heç kim müdaxilə edə bilmir. Amma belə bir şans da var: biz cənab prezidentimizin televiziyalara, mətbuata olan isti, humanist, hörmətlə yanaşdığını bilirik. Cənab prezidentin bağışlaya bilmək böyüklüyünü də bilirsiniz. Ola bilər ki, cənab prezident ANS-in uzun illər ərzində dövlətçiliyimiz, müstəqilliyimiz üçün etdiklərini nəzərə alıb, ANS-i bağışlaya bilər.
Millət vəkili Jalə Əliyeva isə bildirib ki, ANS Azərbaycan mediasının pioneridir: “Birmənalı olaraq qeyd etmək lazımdır ki, ANS öz dəst-xətti olan, hər zaman öz simasını qoyuran telekanaldır. Onun bağlanması, yaranan boşluq özünü göstərir. Amma televiziyanın lisenziyasının ləğvi ilə bağlı məhkəmə qərarı verilibsə, deməli, hüquqi əsaslar olub”.
Jalə Əliyeva ANS-in fəaliyyətinin bərpasını arzuladığını da deyib: “ANS üzr də istəyib. Bütün bunları yəqin ki məhkəmə nəzərə alacaq. Hüquqi imkanlar hələ bitməyib. Ümid edirəm ki, qanunun aliliyi qorunmaqla ANS-lə bağlı məsələdə növbəti dəfə humanistlik göstəriləcək”.
Milli Məclisin üzvü Rövşən Rzayev ANS-in fəaliyyətini dayandırmasını təəssüflə qarşıladığını deyib. O, bildirib ki, ANS-in Ali Məhkəməyə etdiyi kassasiya şikayəti ilə bağlı ədalətli qərar veriləcəyinə inanır: “Bu, ciddi məsələdir və yəqin ki, cənab prezident də bununla bağlı öz sözünü deyəcək”.
Deputatın fikrincə, ANS də daxil olmaqla Azərbaycan televiziya məkanında köklü dəyişikliklərə ehtiyac var.
Qeyd edək ki, bundan öncə də millət vəkili Qənirə Paşayeva və Aydın Mirzəzadə də ANS-ə dəstəklərini bildirmişdi. (Azxeber.com)
MilliYol.Az
Digər xəbərlər
loading...