Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Petriaşvili küçəsi-48 ünvanında yaşayan 7 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzədir
APA-nın Gürcüstan bürosunun məlumatına görə, həmin ailələrin 5-i azərbaycanlı ailəsidir.
Ailələrin evlərindən çıxarılmasının səbəb kimi onların dədə-babadan, bir əsrə yaxın yaşadıqları evlərlə bağlı müvafiq sənədlərinin olmaması göstərilir. 7 ailənin taleyi Gürcüstanda sosial şəbəkələrdə aktiv müzakirə olunan mövzulardan birinə çevrilib. Ötən həftə 3 ailənin evlərindən əşyaları ilə birgə zorla çıxarılmasının əks olunduğu videogörüntülər internet istifadəçilərinin hiddətinə səbəb olub. Həmin gün məhkəmə icraçıları ərazidə olub və sakinlərlə şifahi qarşıdurma yaşanıb. Hadisə yerinə patrul polisi və təcili tibbi yardım çağırılıb.
Ailələrin şəraitsiz, köhnə ev əşyalı və rütubətli evləri 156 kv. m. sahədə yerləşir. Ailələrin xəbəri olmadan şəhərin mərkəzi Vera rayonunda yerləşən bu sahə bir qadın tərəfindən satın alınıb. İş adamı olan həmin qadının Petriaşvili küçəsinin yaxınlığında bir neçə ticarət və digər obyektlərin olduğu bildirilir. Neçə nəsil həmin evlərdə yaşamış 5 azərbaycanlı və 2 gürcü ailənin maddi vəziyyəti çox ağırdır. Onların arasında 3 əlil, yaşlı xəstələr və uşaqlar var. Ümumilikdə 35 nəfər hər günü evsiz qalacağı qorxusu və təlaşı ilə yaşayır.
Evini itirmək təhlükəsi ilə üzləşmiş ailələrdən biri Məmmədovlar ailəsidir. Ailənin üzvü, II qrup əlil Pərviz Məmmədov bildirib ki, atası 80 ildən çoxdur bu evdə yaşayır: “Martın 9-da məhkəmə icraçıları evimizin otaqlarını boşaltdılar. Şəkər xəstəsi olan atam və həyat yoldaşımla mətbəxə sığınmışıq. Sonradan tikildiyinə görə, mətbəx satılıb-alınmış yaşayış sahəsinə daxil olmayıb. İki uşağımı isə tanışların evinə yerləşdirmişik. Yaşamağa digər yer versələr, evimizdən çıxmağa razıyıq. Amma nə yaşayış yeri, nə də kompensasiya vermək istəyirlər. Getməyə başqa yerimiz yoxdur. Şikayətlərimizə baxan da yoxdur”.
Məmmədovların boşaldılmış evinin qapısının qulpu çıxarılıb. Ailənin ev əşyaları qonşu evlərin həyətində açıq havada qalıb, evin qazla təchizatı da dayandırılıb.
Ailənin digər nümayəndəsi Fatma Məmmədova deyib ki, 7 ailə qanunsuz olaraq küçəyə atılır: “Ailələrin durumu çox ağırdır. Kasıbçılıqla, xəstəliklə çarpışan ailələrin evlərini əllərindən necə almaq olar? Vəziyyətimiz çox ağırdır. Martın 25-də məhkəmə icraçıları yenə gələcək və növbəti evi boşaldacaqlar”.
Evindən çıxarılma qorxusu ilə yaşayan Maisuradze ailəsinin yaşayış sahəsi ilə bağlı sənədləri qaydasındadır. Lakin buna baxmayaraq, onların 1969-cu ildən yaşadığı sahə ailənin xəbəri olmadan satılıb. Ailənin yaşlı qadın üzvü evsiz qalmaq qorxusunun stressinə dözməyərək bu günlərdə vəfat edib. Ailənin ahıl başçısı gözdən əlildir və bu yaşda evsiz qalmaq qorxusu onun sağlamlıq durumunu daha da ağırlaşdırıb.
Yeddi ailənin hüquqlarını müdafiə edən vəkil Klara Şukvani ailələrin evlərindən çıxarılmasını qanunsuz olduğunu deyib: “Məhkəmə prosesi 2010-cu ildən davam edir. Sahəni satın almış tərəf müəyyən hissəni qanunsuz əldə edib və bununla bağlı cinayət işi üzrə araşdırma aparılır. Məhkəmənin son qərarı olmadan ailələrin evlərindən zorla çıxarılması yolverilməzdir. Həmin ailələrə xüsusi statusun verilməsini tələb edirik”.
İş üzrə növbəti məhkəmə iclasının aprelin 2-də keçiriləcəyi gözlənilir.
Ailələrin problemi ilə bağlı Gürcüstan Azərbaycanlılarının Milli Konqresi (GAMK) artıq müvafiq dövlət qurumlarını məlumatlandırıb. GAMK sədri Əli Babayev bildirib ki, ailələr illərdir həmin ərazidə yaşayır, kommunal xərclər və digər vergiləri ödəyir: “Onların evlərinin olduğu sahə dələduzluq sxemi üzrə mənimsənilib. Biz tələb edirik ki, istintaq hərtərəfli aparılsın və günahkarlar müəyyən olunsun”.
Ə. Babayev məsələ ilə bağlı Gürcüstanın baş naziri, Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, Ombudsman Aparatına müraciətin hazırlandığını və bu günlərdə təqdim olunacağını söyləyib.
Çarəsiz qalmış azərbaycanlı ailələr son ümidlərini Azərbaycan dövlətinə bağlayıb. Onlar Azərbaycanın Gürcüstandakı səfirliyini məsələ ilə maraqlanmağa çağırıblar. Azərbaycan səfirliyindən isə bildirilib ki, azərbaycanlı ailələrin problemi nəzarətə götürüləcək və diqqətdə saxlanılacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...