Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsində təmir-tikinti işləri aparılır
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Milli.Az-a verilən məlumata görə, 6 hərəkət zolaqlı olan küçənin uzunluğu 4,4 km təşkil edir. Başlanğıcını Qara Qarayev və Babək prospektləri ilə kəsişməsindən götürən küçə Xətai rayonunun intensiv nəqliyyat axını olan küçələri ilə kəsişir. Yol üzərində iki metronun iki stansiyası ("Əhmədli" və "H.Aslanov") və bir-neçə istiqamətdən gələn yolların kəsişdiyi 1 böyük dairə (Ukrayna dairəsi) yerləşir. Bu üzdən Məhəmməd Hadi küçəsi Xətai rayonunun mühüm nəqliyyat arteriyası hesab olunur.
Küçə uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Bu isə öz növbəsində prospekt boyu hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq AAYDA tərəfindən prospektin əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb.
Təmir-tikinti işləri çərçivəsində küçə boyu 130 min kv.m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır. Layihəyə uyğun olaraq küçə boyu köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, zəruri yeraltı kommunikasiya xətləri yenilənir və ya yolun hərəkət hissəsindən kənara çıxarılır,səth sularının kənarlaşdırılması üçün zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılır, mövcud sistem isə bərpa olunara işlək vəziyyətə salınır. Aparılan işlər zamanı kommnikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 84 ədəd yeni baxış qapaqları qoyulacaq, səth sularının axıdılması üçün isə 57 nöqtədə yağış barmaqlıqları quraşdırılacaq.
Bundan başqa küçə boyu yeni piyada səkiləri inşa edilir və mövcud səkilər bərpa olunaraq asfaltlanır, kənarlarına yeni səki daşları düzülür. Ümumilikdə səkilərin kənarlarına 22 min p.m-dən artıq yeni səki daşının düzülməsi nəzərdə tutulub. Həmçinin, küçəni iki hərəkət istiqamətinə ayırmaq üçün 1 m enində ayırıcı zolaq inşa edilir. Sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaqla təhlükəsiz hərəkətin təşkili üçün ayırıcı zolaqda yeni işıq dirəkləri quraşdırılır.
Tikinti layhəsinə uyğun olaraq küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtük döşənir. Asfaltlanma işləri 135 min kv.m sahəni əhatə edəcək. Bundan başqa, avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə Məhəmməd Hadi küçəsi boyunca 27 ədəd xüsusi "cib"li dayanacaqların yaradılması, 70 ədəd zəruri yol nişanın quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilməsi də layihədə nəzərdə tutulan işlərdəndir.
Qeyd edək ki, artıq küçənin təqribən 1 km-lik hissəsində təmir-tikinti işləri tam olaraq yekunlaşdırılıb. Digər hissədə isə işlər davam etdirilir. Yenidənqurma işlərinin yaxın müddətdə yekunlaşdırılması nəzərdə tutulub.
Digər xəbərlər
loading...