Natiq Cəfərli: “Bizi təhqir edənlər bir müddət sonra bir-birilərini təhqir edəcəklər”
REAL hərəkatı Milli Şura (MŞ) sədri Cəmil Həsənlinin birgə mitinq keçirməklə bağlı müraciətinə “yox” deyib. Amma bununla belə, hərəkat üzvlərinə aksiyada iştirak etməkdə sərbəstlik verib. Bu isə o anlama gəlir ki, martın 10-da keçirilməsi planlaşdırılan mitinq Müsavat Partiyası və Milli Şura tərəfindən təşkil olunacaq.
REAL-ın mitinqin təşkilatçısı olmaqdan imtina etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. REAL-ın qərarı tənqid edilir, hərəkatın ünvanına sərt ittihamlar, iddialar səslənir. Əsas iddialar isə həbsdə olan REAL sədri İlqar Məmmədov üzərində cəmləşib. Belə ki, imtina qərarının onun azadlığa çıxması üçün verildiyi bildirilir.
REAL-ın icraçı katibi Natiq Cəfərli hərəkatın idarə heyətinin iclasında ciddi müzakirələrdən sonra bu qərarın qəbul olunduğunu bildirdi: “Qərar İlqar Məmmədovla razılaşdırılıb. Qərarın nədən verildiyi barədə facebook səhifəmdə paylaşdığım 10 bəndlik yazım da var. Hər bir siyasi partiya üçün mitinq keçirmək onun təbii haqqıdır. Amma birgə aksiyaların təşkil olunmasından öncə ciddi müzakirələr aparılmalı, taktiki və strateji addımlar hesablanmalıdır, eyni zamanda şüarlar, insanlara veriləcək ümidlər, hədəflər əvvəlcədən müzakirələr əsasında müəyyən edilməlidir. Çox təəssüf ki, biz mitinqə yalnız dəvət aldıq. Sanki qərar verilmişdi, sadəcə, iştirakımız barədə müraciət oldu. Bizim hərəkat olaraq, əvvəlcədən müəyyən edilmədən belə tədbirlərdə iştirakımız heç zaman olmayıb”.
N.Cəfərli mitinqlərin nəticələrinin olacağına inanmır: “Hətta mitinqin təşkilatçılarının özlərində belə ciddi nəticələr əldə olunacağı haqda ümid yoxdur. Bu, biz tərəfdən qeyri-səmimilik olardı. Bunu mitinqin təşkilatçılarına demirəm, onların səmimiyyətlərinə şübhəm yoxdur. Sadəcə, onların hesablaşmaları yanlış ola bilər. İnsanları nəticəsi olmayan prosesə cəlb etmək doğru yanaşma deyil. İndiki halda cəmiyyətdə belə bir sosial sifarişin olduğunu da müşahidə etmirik. Həm də bu mitinqlər hakimiyyətə ciddi arqumentlər verəcək. Çünki martın 10-dan sonra ölkəyə Avropa institutlarından bir neçə missiyanın gələcəyi gözlənilir. Həmin missiyalara hökumət tərəfindən ölkədə sərbəst toplaşma hüququnun olduğu tezisini sərbəst şəkildə ifadə etməyə şərait yaradılacaq. Əslində bir çox məsələləri müzakirə edib, sonra mitinqə icazə verilməli idi. Bunun mənfi və müsbət tərəfləri mütləq araşdırılmalı idi. Amma bunlar bizimlə müzakirə edilmədi. REAL-ın tərəfdarlarının sayının az olması barədə deyilənlərə gəldikdə isə sayımız azdırsa, niyə dəvət edirdilər? Digər tərəfdən, bizim mitinqdə iştirak qərarımız olsaydı belə, normativ, götürmək fikrimiz yox idi. Bu pambıq yığını deyil. Sistemdən kənar düşüncəyə sahib olmaq lazımdır ki, sistemə qalib gələ biləsən. Bu da əslində sistemin oyun qaydalarına uymaq deməkdir. Son 20 ildə müxalifətdə 12 birlik modeli olub. Bunların heç biri uğurlu nəticələrin qazanılmasına imkan verməyib. Bunları görüb, oturub düşünmək lazımdır. Çox ciddi müzakirələr tələb edən məsələlərdir. Dəvətə görə təşəkkür edirik. Əgər REAL hərəkatının bu mitinqi daha kütləvi edəcəyinə inamdan müraciət irəli gəlirdisə, çox yaxşı. Amma iddia etmələri ki, REAL tərəfdarları yoxdur, o zaman nə üçün dəvət göndərildiyini düşünsünlər.
Bizim mitinqdə təşkilatçılıqdan imtina etməyimiz nə üçün bu qədər müzakirə mövzusu olmalıdır?
Bunlar çox ciddi suallardır. İttiham səsləndirənlərin özləri bu suallara cavab versələr daha yaxşı olardı. Bütün proseslərlə bağlı İlqar Məmmədov xəbərdar olunur. REAL yarandığını gündən bu günə qədər öz prinsipləri və dəyərləri ilə hərəkət edir. REAL bir və ya bir neçə şəxsin təşkilatı deyil. Bir faktı da deyim ki, martın 5-də elan olunan qərarımız bir neçə gün öncə qəbul olunub. Sadəcə, İlqar Məmmədovla hər gün əlaqə qura bilmirik deyə, martın 5-də cavab ala bildik və qısa müddətdə də yaydıq. Belə mitinqlərin hakimiyyətə necə bir ciddi arqumentlər verəcəyi göz önündədir. Biz beynəlxalq qurumlarla bütün görüşlərimizdə deyirik ki, ölkədə sərbəst toplaşmaq hüququ pozulub. Amma indi boykota gedən qüvvələrə şəhərin mərkəzində, metro stansiyasının yaxınlığında yer verirlərsə, bu, sərbəst toplaşmaq hüququnun hökumət tərəfindən qabardılmasına səbəb olacaq. Bu amillərin qərarımıza təsirləri də az olmadı. 2013-cü ildə də bu tipli məsələlər baş vermişdi. O zaman Milli Şuraya daxil olmaq üçün yeddi dəfə danışıqlar apardıq. Təklif etdiyimiz prinsiplər və qırmızı cizgilər qəbul edilmədi deyə, ideoloji səbəblərə görə o təşkilata qoşulmadıq. O zaman çox ciddi qınaq obyekti olmuşduq, hətta təhqirlərə belə məruz qaldıq. Buna baxmayaraq, seçkilərdən bir neçə ay sonra Müsavatın Milli Şuradan çıxmasından və Milli Şuranın demək olar AXCP-dən ibarət bir quruma çevrilməsindən sonra bizi təhqir edən bir neçə insan bizdən üzr istədi. Sizi inandırıram ki, bu gün bizi təhqir edənlər bir müddət sonra bir-birilərini təhqir edəcəklər”. (musavat.com)
Digər xəbərlər
loading...