Bir dəfə də özünə kənardan bax... Açıq etiraf etsək, hamımızın həyat tərzi eynidir və həyatımızın əsas oyunçusu virtuallıqdır...
Bəzən hər şeyi olduğu yerdə qoyub, geri çəkilmək istəyir insan. Geri çəkilmək və yaşadıqlarına, yaşananlara kənardan baxmaq...
Fikrən bunu etmək bəlkə də asandır. Hətta içində bir hüzur, məmnunluq hiss edə bilərsən. Özünü hər zaman güclü, dözümlü göstərməyə çalışdığın üçün qürurla geri çəkilməyə razı ola bilərsən. Hər insan belədir. Başqalarının yaddaşında güclü qalmaq düşüncəsini özünün bir uğuru hesab edər. Nə dəxli var ki, tək qalanda sıxılırsan, boğulursan, ağlayırsan, çiyinindəki yükləri atmaq və bacara bildiyincə bağırmaq istəyirsən? Əsas odur, başqaları səni hər zaman güclü saysın, güclü bir insan kimi xatırlasın...
Məsələn, çox az insan başqasının çiyninə başını qoyub, yorulduğunu etiraf edər. Güclü görünməyə çalışmaqdan yorulduğunu, artıq yüklərinin olduğunu və bunun onu incitdiyini söyləyər. İnsan xisləti elədir ki, saf etiraflardan yeri gələndə bir silah kimi istifadə edər. Ola bilsin, bu acı həqiqəti anlayanlar həyatı dərk edənlərdir.
Hər halda müharibənin iştirakçısı olmaqla, müharibəyə kənardan baxmaq eyni deyil. Düşünərsən ki, “etirafın” uğurlu olacaq. Amma əmələ gələndə, bu “etiraf”, geri çəkilmək, insanı düşünməyə vadar edər. “Niyə? Nə üçün? Dəyərmi? Vacibdirmi?” suallarına cavab verməyə çətinlik çəkirsən...
Bir dəfə öz həyatına kənardan bax. Hanı deyirlər e, insanı insan edən onun “MƏN”idir. O “mən”ə uzaqdan bax. Görəcəksən ki, robotlaşdırılmış şəkildə hər gün səhər işə gedirsən, axşam yorğun halda evə qayıdırsan. Hələ bunun günlük əsəbini, stressini, tıxaclarda keçən mənasız dəqiqələrini demirəm...
Evə çatandan sonra bir az ailənlə və ya evdəki işlərlə başını qatıb, yatırsan. Çünki növbəti monoton günün üçün enerji yığmalısan. Bəzən monotonluqdan çıxmaq üçün dost-tanışlarla görüşürsən, kinoya, teatra, əyləncə mərkəzlərinə gedirsən və istirahət etdiyini düşünüb özünü aldadırsan. Və ya özlüyündə mənəvi rahatlığın üçün bir sübuta ehtiyac duyursan. Sosial insan olduğunu göstərmək üçün sosial şəbəkələrdə ruhunun boşluğunu virtualın aktivliyi ilə ört-bastır etməyə çalışırsan. Bu “ört-bastır” işinə o qədər aludə olursan ki, reallıqdan uzaq düşürsən. Həyatındakı ən cüzi, çoxlarına mənasız gələ biləcək hadisələri belə virtualda şişirtməyə çalışırsan və göstərilən hər diqqət, reaksiya ilə özün özünə qarşı məmnunluq hiss etməyə başlayırsan.
Səncə, hamımız reallığdan uzaq düşmədikmi? Məncə, düşdük. Açıq etiraf etsək, hamımızın həyat tərzi eynidir və həyatımızın əsas oyunçusu virtuallıqdır. Elə bilirsən, hər kəs virtualdakı qədər vicdanlı, şərəfli, hörmətli və ya mərhəmətlidir? Nəysə, məsələmiz virtuallıq olmadığına görə hər parlayanın Günəş olmadığını deyib keçirəm...
Özünə və ətrafına kənardan baxanda bir növ yenilənirsən. Davranışlarına fərqli-fərqli donlar geyindirməyə çalışırsan. Etdiyinlə etməli olduğunun fərqini, hansının uğur və ya uğursuzluq gətirə biləcəyini analiz edirsən. Qəribə olan bilirsən nədir? Sən məmnun olduğun çevrənə və həyatındakı insanlara kənardan- yad insan gözüylə baxanda - reallığı daha yaxşı anlaya bilirsən. Reallığı dərk edəndə isə bir sual səni düşündürür: Dəyərmi?...
“İnsanın öz həyatına kənardan baxmasına ehtiyac varmı?”, desən, ehtiyac var. Nənəm deyirdi ki, yer belləmək də bir işdir. Ancaq yeri bellədikcə arxaya doğru gedirsən.
Atdığın addımın səni irəli və ya geri apardığını anlamaq üçün həyatına kənardan baxmağa ehtiyac var. Həm də ki, özünü və həyatını analiz etməyən insanın yaşaması elə bellənmiş yer kimi bir şeydir...
Gülşən ŞƏRİF
Digər xəbərlər
loading...