Kimdir Tapdıq Mahmudov?
Salyan Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Tahir Kərimov hələ vəzifədə olarkən oğlu Həmzə Kərimovla bağlı qalmaqallı məsələlər medianın gündəminə gəlirdi. Həmin məlumatlarda qeyd olunurdu kİ, SOCAR-ın Rumıniyadakı nümayəndəliyinin rəhbəri olan Həmzə Kərimovun nurçularla əlaqələri var. Həmçinin Həmzə Kərimovun Rumıniyadakı səfirliyimizlə kəllə-kəlləyə gəlməsi barədə də məlumat yayılmışdı.
Qeyd edək ki, 2013-cü ildə “Yeni Müsavat”da “Eldar Həsənovun Rumıniyadan getməsinin əsas sirri açıldı” başlıqlı yazıda isə bildirilirdi ki, Eldar Həsənov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı nümayəndəliyinin rəhbəri Həmzə Kərimovla yola getmədiyi üçün bu ölkədən uzaqlaşmaq məcburiyyətində qalıb. Yazıda qeyd edilirdi ki, Həmzə Kərimov Rumıniyaya gedəndən sonra işini səfirlə koordinasiya etməyib, öncədən aldığı təlimat üzrə Eldar Həsənova saymazyanalıq göstərib, tamamilə bildiyi kimi fəaliyyət göstərib, həmçinin vaxtaşırı Eldar Həsənovun guya Rumıniyada Azərbaycanı layiqincə təmsil edə bilməməsi haqda donoslar yazıb. Səfir də bu məsələyə heç də müqavimətsiz dayanmayıb, Həmzə Kərimovun korrupsiya əməliyyatlarını ifşa etməyə çalışıb, onun yarıtmaz fəaliyyəti haqda hökumətə məlumatlar verib.
Bildirək ki, Tahir Kərimov vəzifədə olduğu müddətdə oğlu haqda mətbuatda yayılan məlumatların qarşısını bir sıra üsullarla ala bilirdi. Lakin o icra başçısı postundan kənarlaşdırıldıqdan sonra oğlu haqda bir-birindən ilginc informasiyalar yayılmağa başlayıb. Özəl mənbələrdən gundelik-baku.com-a daxil olan məlumatlarda isə qeyd olunur ki, SOCAR-ın Rumıniyadakı nümayəndəliyinin rəhbəri olan Həmzə Kərimovun adı qalmaqallı cinayət işinə qarışıb: «Belə ki, sabiq icra başçısının oğlu Həmzə Kərimov, eləcə də Tahir Kərimovun baldızı oğlu Bayram adlı şəxs və 2 Rumıniya vətəndaşı SOCAR-la əlaqəli olan xarici şirkətlərlə əlaqəyə girərək maxinasiyalara imza atıblar. Deyilənə görə, bu əməliyyatın nəticəsində 38 milyon mənimsənilib. Mənimsəmə faktı ilə bağlı artıq 20 gündür ki, istintaq aparılır. Bununla bağlı olaraq Rumıniyada 3 vətəndaş həbs olunub. Həmzə Kərimovun isə Azərbaycana qaçdığı bildirilir. Keçmiş icra başçısı 7 gündür ki, Rumıniyada vəkil tutaraq işin ört-basdır edilməsinə çalışır. Mənimsənilən pulun Həmzə Kərimova düşən hissəsi- 19 milyondan çoxu Tahir Kərimov tərəfindən ödənilib. Bununla bağlı oradan sorğu verilib. Sabiq məmurun oğlu SOCAR-ın adından götürdüyü pulları öz işlərinə sərf edib».
Məlumatlı mənbə vurğulayır ki, SOCARı-n Rumıniyadakı nümayəndəliyinin rəhbəri mənimsədiyi vəsaitlərlə özünə Almaniyada geniş biznes şəbəkəsi yaradıb. Bundan başqa, onun xaricdən Azərbaycana dərman preparatları idxal etdiyi də yayılan məlumatlar arasındadır. Mənbəmiz vurğulayır ki, Tahir Kərimov oğlunun qeyri-qanuni yollarla qazandığı pulların bir hissəsilə ölkə daxilində biznes imperiyası yaradıb. Nəzərinizə çatdıraq ki, Həmzə Kərimovun ortaqlarından birisə milliyyətcə erməni olan Nersesyan Eduard (Edik-red) adlı şəxs olub. Əldə olunan gəlirlərin çox hissəsini Həmzə Kərimov İrəvanda biznes açmaq üçün Nersesyana verib. Bu isə ən böyük cinayət hesab olunur. Bundan başqa, Kərimovların Qusarda, eləcə də Azərbaycanın müxtəlif bölgələrində geniş biznes strukturlarının olduğu iddia edilir. Məlumatlardan belə aydın olur ki, Kərimovlar ailəsinin Qusarda üst-üstə 20 hektardan artıq alma-üzüm bağları var. Tağıyev (Nasosnı) qəsəbəsində yerləşən balıq hisə vermə zavodu da Tahir Kərimovun ailə müəssisəsidir. Eyni zamanda Xudatdakı balıq zavodunun da sabiq məmur tərəfindən ələ keçirildiyiə dair iddialar var. Rumıniyada baş vermiş qalmaqallı cinayət hadisəsi ilə bağlı Tahir Kərimovun münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə vermədi. Onu tapa bilmədik. İddialara əsasən, sabiq icra hakimi vəhhabilərlə bir yerdə gəzir və son günlər saqqallı gəzir. Biz inanırıq ki, SOCAR rəhbərliyi səsləndirilən ittihamlara tezliklə aydınlıq gətirib 38 milyonluq yeyintinin izinə düşəcək.
Amma bu inamımızla yanaşı biz həmin o oğurluq 38 milyonluq sərvətin Azərbaycanda artıq törətdiyi fəsadları bir daha diqqətlərə çatdırmaq istəyirik. Bu barədə keçən günlərdə "Qana bulaşmış şübhəli milyonlar və... - Tapdıq Mahmudovun qorxduğu mövzu" başlıqlı yazımızda müəyyən məqamlara aydınlıq gətirmişdik.
Kimdir Tapdıq Mahmudov? Bir daha xatırladırıq...
Düz 6 il əvvəl baş vermiş bir qətl hadisəsi Azərbaycanda böyük rezonansa səbəb oldu. Söhbət o zamanlar Ali Məhkəmənin cinayət işləri üzrə məhkəmə kollegiyasının hakimi işləyən, hazırda isə Gəncə Apellyasiya Məhkəməsinin sədri postunu tutan Tapdıq Mahmudovun həyat yoldaşının xüsusi amansızlıqla qətlə yetirilməsindən gedir. Onu da bildirək ki, DİA.AZ-a bu olayı da özündə ehtiva edən bir sıra ilginc faktların yer aldığı material daxil olub.
Hələliksə, qayıdaq 6 il əvvələ...
Xatırladaq ki, Tapdıq Mahmudovun mərhum həyat yoldaşı Natəvan Mahmudovanı qətlə yetirən şəxs 38 yaşlı Xalidə Bababəy qızı Əhmədova idi. O zamanlar mediada bu barədə deyilirdi: “Buzovna qəsəbəsindəki hərbi şəhərcikdə yaşayan Xalidə Əhmədova ilkin dindirmə zamanı bildirib ki, qətli sələm pul üstündə törədib. Onun sözlərinə görə, mərhum sələm pul verməklə məşğul olurmuş. Natəvan Mahmudova ona da müəyyən miqdarda pul veribmiş. Xalidə dindirmə zamanı Natəvan Mahmudovanı öldürmək məqsədi olmadığını deyib. Sadəcə, hadisə baş verən gün pulla bağlı hansısa məsələsini aydınlaşdırmaq üçün Mahmudovların evinə gəlib və aralarında mübahisə yaranıb”.
Digər bir məlumatda isə deyilirdi ki, hakimin həyat yoldaşı Əhmədli qəsəbəsində yerləşən 7 saylı uşaq poliklinikasında uşaq həkimi işləyib. Həmin poliklinikada, qohum-qonşuda kimə borca pul lazım olubsa, onlar hakimin həyat yoldaşına müraciət ediblər. Xalidə Əhmədova da tanışları vasitəsilə hakim arvadından borc olaraq bir neçə dəfə pul alıb. Sonradan isə bu münasibətlər bir qədər də dərinləşib. X.Əhmədova hakimin həyat yoldaşından müxtəlif məbləğlərdə pul alaraq faizə verib. Pulu geri qaytaranda isə faizin müəyyən hissəsini də aralarında bölüblər.
Sonuncu dəfə isə X.Əhmədova hakimin həyat yoldaşından 15 min dollar pul alaraq faizə verib. 2 ay bu məbləğin faizini ödədikdən sonra pulu ödəməkdən imtina edib. Bu zəmində hakimin həyat yoldaşı ilə onun arasında mübahisə yaranıb. Hadisə baş verən gün Xalidə Əhmədova səhər hakimin evinə gedərək onun həyat yoldaşı ilə telefonda başlanmış mübahisəni davam etdiriblər. Həmin vaxt hakimin həyat yoldaşının ürəyində problem yaranıb. Qadın valerian qəbul edib. Mübahisə getdikcə gərginləşib. Nəticədə tərəflər bir-birinə əl qaldırıblar və X.Əhmədova hakimin həyat yoldaşının başını divara çırpıb. Bu zaman qadın “Xalidə, qurban olum, məni öldürmə” qışqırıb.
Bu yerdə qeyd edək ki, qonşuluqda yaşayan bir qadın qışqırıq səsini eşitsə də buna əhəmiyyət verməyib. Üstəlik qonşu qadın qətl hadisəsindən sonra dindirilən zaman “Xalidə” ilə “Nailə” sözləri həmahəng olduğundan əməliyyatçılara səhv deyib. N.Mahmudova yerə yıxılandan sonra X.Əhmədova yastığı üzünə qoymaqla onu boğub.
Qeyd edək ki, araşdırmalar zamanı X.Əhmədovanın əvvəllər Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah saxlama) və 178-ci (dələduzluq) maddələri ilə məhkum olunduğu da prtaya çıxmışdı. Əməliyyat-istintaq qrupu X.Əhmədovanın evinə baxış zamanı onun evindən təxminən 2 kiloqram miqdarında qızıl-zinət əşyaları, həmçinin 25 min manat məbləğində pul aşkarlanaraq maddi sübut kimi götürülüb. Bu qədər sərvətin Tapdıq Mahmudovun evindən götürüldüyü də məlum olub.
Gələk əsas məqama...
Həmin zaman yerli KİV-lərdə belə bir iddia da səsləndi ki, guya Tapdıq Mahmudovun həyat yoldaşının kimlərəsə sələmə pul verməsindən xəbəri olmayıb. Hər halda belə bir məlumatın o zaman ictimai rəyə buraxılması sonradan aydın olur ki, səbəbsiz deyilmiş. Bununla bağlı DİA.AZ-a daxil olan məlumatda deyilir ki, əslində Tapdıq Mahmudovun bu sələm məsələsindən nəinki xəbəri olub, hətta sələm üçün ayrılan vəsaiti özü təşkil edirmiş.
Mənbənin iddialarına görə, bu zaman onun köməyinə hazırda işsiz olan sabiq icra başçılarından biri çatırmış. Məlumata görə, həmin sabiq icra başçısı xarici ölkələrin birində oğullarının vasitəsilə çirkli pulların yuyulması ilə məşğul olduğundan əlində kifayət qədər ciddi məbləğdə - milyonlarla nağd pul olub. Həmin pullar isə Azərbaycanda Mahmudovların vasitəsilə müxtəlif şəxslərə sələm kimi verilib və əldə olunan qazanc da hakimlə sabiq icra başçısı arasında bölüşdürülüb.
Mənbə dia.az-a açıqladığı faktlarda iddia edir ki, məlum qətlin istintaqı zamanı hətta iri iş adamlarının, nüfuzlu məmurların belə Mahmudovlardan sələmə pul götürdüyü ortaya çıxıb. Lakin bu faktın incəliyinə o qədər də varılmayıb.
Tapdıq Mahmudov Bakıdan Gəncəyə gedir...
Beləcə, əlində böyük pul kütləsi olan Tapdıq Mahmudov bu sələmçilik fəaliyyətində ən yaxın adamını itirsə də, özünün qeyd olunan istiqamətdəki fəaliyyətini davam etdirir. Bu barədə də dia.az-a yazan mənbə iddia edir. Qaynağın bildirdiyinə görə, Tapdıq Mahmudov həmin yaxın qohumu olan keçmiş icra başçısının çirkli pulları hesabına özünə təkcə sərvət yox, həm də mövqe də qazandığından bu gün belə bir çirkli reputasiyaya malik şəxs Gəncə kimi iri bir şəhərin Apellyasiya Məhkəməsinin sədri postuna qədər yüksəlməyi belə bacarır.
Yenə də qayıdaq həmin ərəfədə Mahmudovun sələm məsələsindən xəbərsiz olması barədə uydurulan informasiyalara... Xatırladaq ki, Tapdıq Mahmudov həmin zaman Ali Məhkəmənin cinayət işləri üzrə məhkəmə kollegiyasının hakimi işləyirdi. Yəni belə bir PEŞƏKAR məhkəmə işçisi hər halda evində baş verən olaylardan xəbərdar olmaya bilməzdi.
Bəli, bu gün isə aydın olur ki, həmin Tapdıq Mahmudova arxa-dayaq olan bir zamanlar Salyan rayonuna rəhbərlik etmiş bibisi oğlu Tahir Kərimovdur. Tahir Kərimovun oğlunun Rumıniyada "fırlatdığı" 38 milyonluq sərvət isə məhz Mahmudovlar ailəsinin "özəl bankı" tərəfindən sələm şəklində müxtəlif iş adamlarına, hətta məmurlara belə verilib.
Məhkəmədə işləyən və kimin hansı dərəcədə "problemli" olduğunu, nə qədər pula ehtiyacının olduğunu yaxşı bilən Tapdıq Mahmudov məhz çirkli pulları təkrar olaraq sələm şəklində dövriyyəyə buraxdığının nəticəsidir ki, artıq bu qana bulaşmış sərvət bir CAN ALIB...
Təbii ki, bizləri bir vətəndaş olaraq burada daha çox narahat edən faktların ən başlıcası Tapdıq Mahmudovun təkcə cəmiyyətdə deyil, həm də ciddi bir postda özünə mövqe qazanmasıdır. Məgər möhtərəm Ədliyyə Nazirliyinin rəhbərliyi bunları bilmirmi? Onlar bilmirlərmi ki, sələmçiliyi nəticəsində həyat yoldaşını itirmiş bir şəxs Gəncə kimi bir şəhərdə nəinki ədaləti təmsil edə bilməz, hətta DÖVLƏT ADINDAN məhkəmə qərarlarını elan etməsi belə cinayətdir.
BUNLARI ƏDLİYYƏ NAZİRİMİZ BİLMİRMİ?
Möhtərəm nazirimzə aydın deyilmi ki, belə bir şəxs dövlət adına apellyasiya şikayətlərini dəyərləndirib qərar verə bilməz. Bu adam istənilən halda ədalətsiz olacaq və dövlətimizin adını ləkələyən Avropa Məhkəməsinə şikayətlərə rəvac vermiş olacaq, zəmin yaradacaq. Məhz Tapdıq Mahmudov kimi qeyir-peşəkar və qeyri-sağlam hakimlərin sayəsində Azərbaycan dövləti Avropa Məhkəməsində öz vətəndaşları ilə üz-üzə qalmalı olur.
Yəni sözümüz budur ki, cənab Ədliyə Naziri Fikrət Məmmədov bu barədə düşünsün...
Ən azından AZƏRBAYCAN NAMİNƏ!
MilliYol.Az
Digər xəbərlər
loading...