Bu gün Prezident İlham Əliyev xalq artisti, mərhum Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib
Sərəncamda 2018-ci ilin mart ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Səttar oğlu Turabovun anadan olmasının 80-ci ildönümünün tamam olduğu bildirilib.
Əlavə olunub ki, Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca bəhrələnən Həsən Turabov fitri istedadının verdiyi imkanlar sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu yaratmış və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazmışdır. Sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazlar ölkə teatrı tarixinin və kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir.
Bütün bunları nəzərə alan Prezident milli mədəniyyətin inkişafında təqdirəlayiq xidmətlərini nəzərə alaraq, görkəmli sənətkar Həsən Turabovun 80 illiyinin qeyd olunmasını təmin etmək məqsədi ilə aşağıdakı qərar verib:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Xalq artisti Həsən Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
MilliYol.Az
Digər xəbərlər
loading...