Milli Məclisdə “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb
“Qafqazinfo” xəbər verir ki, müzakirələrdə çıxış edən Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov deyib ki, layihəyə birinci oxunuşdan sonra əsasən texniki dəyişikliklər edilib: “Birinci oxunuş zamanı bəzi həmkarlarımız məsələlər qaldırdı. Bu məsələlər də nəzərə alınıb. Eyni zamanda redaktə xarakterli işlər aparılıb. 8-ci maddənin 8.3.2 bəndinə “ödəmələr” sözü artırılıb. Bundan öncə isə ancaq dividendlər ifadəsi mövcud idi. 11-ci maddədə hüquq və vəzifələr sözlərinin yeri dəyişdirilib. 11.2 maddəsində infrastruktur sözü daha əhatəli şəkildə ifadə olunub”.
Spiker Oqtay Əsədov isə bildirib ki, bu qanun layihəsi Milli Məclisdə o qədər müzakirə olunub ki, artıq bütün millət vəkilləri Ələt Azad iqtisadi zonası barədə mütəxəsissə çevriliblər.
Millət vəkilli Əli Məsimli bildirib ki, qanunun birinci oxunuşundan ikinci oxunuşuna keçiddə xeyli dəyişikliklər olub. “Burada təkcə millət vəkillərinin dediklərinə əsasən yox, tənqidi münasibətdən yanaşaraq dəyişikliklər edilib. Bu dəfə də təkliflərin nəzərə alınacağına inanıram. Qanunun müzakirəsi zamanı onun Konstitusiyaya uyğunluğu, Beynəlxalq hüquq normalara və hüquqi normativ aktlara uyğunluğu məsələsi qaldırılıb. Birinci müzakirədə qanunun Konstitutsiyaya uyğunluğu aydın oldu. Lakin hər hansı hüquqi şəxsin istifadəsinə verilən əraziyə sahibkarlıq və sərəncam vermək hüququ olmalıdır. Bu məsələ də qanuna əlavə edilməlidir. Ələt Azad İqtisadi zonası Dubay modelidirsə, demək, bu beynəlxalq aləmdə tətbiq edilən üsuldu”.
Deputat Mirzəcan Xəlilov isə əlavə edib ki, Azad iqtisadi zona üçün Ələt ən uğurlu bölgədir: “Ancaq Bakıdan Ələt istiqamətinə gedəndə Qobustanı keçəndən sonra bir boşluq ərazi qalıb. Bu mənada xarici investor və yerli sahibkarları həmin bölgədə fəaliyyətə cəlb etməliyik”.
Sonda millət vəkillərinin fikirlərinə münasibət bildirən V.Ələsgərov qeyd edib ki, əlavə dəyişikliklər üçün həmkarlarının fikirlərinə açıqdır: “Birinci oxunuşdan sonra deputatlar tərəfindən bir sıra təkliflər olub. Ad çəkmək istəmirəm, lakin millət vəkilləri təsdiq edər ki, onların təklifləri nəzərə alınıb. Biz bu qanunu beynəlxalq səviyyəyə uyğun hazırlamalıyıq, ona görə də dil məsələsində bəzi anlaşmazlıqlar ola bilər. Lakin qeyd etməliyəm ki, Azərbaycan hüquqşünasları bu qanunun dili üzərində işləyib. Sərhədlə bağlı təklif məni təəccübləndirdi, çünki Ələtdə gəmi limanından bəhs ediriksə, sərhəd məsələsi burada da tətbiq ediləcək. Mənim qapım qanunun müzakirəsi üçün hər zaman açıqdır. Çünki hamımız dövlət və millətin xeyrinə olan qanun hazırlamaq istəyirik”.
Qeyd edək ki, qanun ikinci oxunuşda qəbul edilib.
Digər xəbərlər
loading...