“İlin əvvəlində saytlarla bağlı monitorinqlərə start vermişik. Martın sonunda isə bununla əlaqəli hesabat ictimaiyyətə təqdim ediləcək”
Bunu Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva Modern.az-a deyib. O bildirib ki, institut ildə iki dəfə saytlarla bağlı monitorinqlər keçirir və nəticələri elan edir:
“Əvvəlki illərlə müqayisədə saytların dil normalarına əməl etməsi istiqamətində müsbət dəyişiklik müşahidə edilir. Saytların vəziyyəti bu gün çox yaxşıdır. Monitorinq zamanı kobud qüsurlar aşkarlamadıq. Amma mütəxəssis olaraq bizim nəzərimizdə olan, diqqətimizi cəlb edən yazıları oxuyanda təbii ki, qüsurların mövcud olduğunu görə bilirik. Məsələn, saytlarda qoyulan informasiyalarda hər üç norma - fonetik, leksik, sintaktik normaların pozulduğunu müşahidə edirik. Cümlələrin qarışıq formada təqdim edilməsi, cümlə üzvlərinin yerində işlədilməməsi kimi nöqsanlarla qarşılaşırıq.
Bu gün Azərbaycan ədəbi dil normalarına uyğun olaraq cümlədə normaların qorunması bizim başlıca istəyimizdir. Eyni zamanda biz saytların problemlərini bilmək istəyirik. Sayt nümayəndələrinin, rəhbərlərinin istənilən suallarına mütəxəssis olaraq cavab verməyə hazırıq”.
S.Əliyeva qeyd edib ki, monitorinqə 24-25-ə yaxın aparıcı sayt cəlb olunub:
“Eyni zamanda monitorinqə xırda həcmli saytlar da daxil edilib. Yəni bütün işlərimiz paralel şəkildə gedir. Ilk növbədə saytlarla bağlı açıqlama verəcəyik. Bundan sonra ilin ikinci yarısında yeni monitorinqlər başlayacaq. Nəsimi adına Dilçilik İnstitutu dil qüsurları aşkar edilən saytlara xəbərdarlıq etmir. Biz monitorinqlərdən sonra ümumi açıqlamalarımızı verir və mütəxəssis kimi rastlaşdığımız qüsurları qeyd edirik. Bunlardan nəticə çıxarmaq isə saytların işidir. Məqsədimiz kimisə birinci və ya ikinci olaraq sıralamaq deyil”.
Müsahibimiz deyib ki, bəzən jurnalistlər dil qüsurlarının aşkar edildiyi telekanalların ardıcıllığını soruşurlar:
“Bu baxımdan biz deyə bilərik ki, AzTV və İctimai Tv həqiqətən bu gün qüsurların ən az müşahidə olunduğu kanallardır. Amma bu o demək deyil ki, məqsədimiz kanalları ardıcıl düzməkdir. Biz qüsurları paralel şəkildə təqdim edirik və hər kəs öz nəticəsini çıxarır. Mütəxəssislərin yeganə amalı normal pozuntularını, dil qüsurlarını aşkarlayıb ictimaiyyətə təqdim etməkdir”.
S.Əliyeva bildirib ki, müğənnilərin ifalarındakı dil qüsurlarının aşkarlanması ilə bağlı monitorinqlər davam edir. Onun sözlərinə görə, aprelin sonunda nəticələr ictimaiyyətə açıqlanacaq.
Digər xəbərlər
loading...