Bugün səhər saat 09:10 radələrində hüquq-mühafizə orqanlarının apardığı müvafiq ekspertiza prosedurundan sonra martın 2-də Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı dünyasını dəyişən 25 nəfərdən 16-nın meyiti ailəsinə təhvil verilib
Oxu.az xəbər verir ki, bu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoiya Birliyində ölən şəxslərin ailə üzvləri ilə birgə meyitlərə baxış zamanı mümkün olub.
Aparılan ekspertiza işləri zamanı həmin şəxslərin şəxsiyyəti müəyyənləşdirilib.
Qeyd edək ki, ölənlərdən yeddisinin şəxsiyyəti müəyyənləşdirilərək martın 3-də ailə üzvlərinə təhvil verilib.
Xatırladaq ki, martın 2-də, səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib. Operativ şəkildə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan üçü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə, biri isə Sabunçu rayonu 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.
Digər xəbərlər
loading...