Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər fevralın 28-dən Türkiyənin paytaxtı Ankarada, Hacettepe Universitetinin xəstəxanasında müalicə alır
O, Ankaraya Müsavat Partiyasının başqanı Arif Hacılı ilə birlikdə gedib.
Martın 5-də Novator.az-a danışan Arif Hacılı deyib ki, xəstəxanada İsa Qəmbərlə birlikdədir: “Müalicə davam edir. İsa bəyin səhhəti sürətlə yaxşılaşır. Yəqin ki, həftə ərzində müalicə başa çatacaq. Ya bu həftənin sonu, ya da gələn həftə Bakıya qayıtması gözlənir”.
İsa Qəmbər yanvarın 13-dən 18-dək Bakıdakı Mərkəzi Klinik Xəstəxanada ürəyindən müalicə alıb. Fevralın 23-dən 28-dək o, yenidən Mərkəzi Klinik Xəstəxanada müayinə olunub.
İsa Qəmbər 1957-ci il fevralın 24-də Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1979-1989-cu illərdə Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb.
Siyasətə 1980-ci illərin ikinci yarısında qoşulan İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi milli demokratik hakimiyyət hərbi-siyasi qiyamla devriləndən sonra İsa Qəmbər bir müddət həbsdə yatıb.
1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.
Digər xəbərlər
loading...