Almaniya prezidenti Frank-Valter Ştaynmayer Angela Merkelin kansler vəzifəsinə yenidən namizədliyini irəli sürüb
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli televiziya məlumat yayıb.
Almaniya kansleri Angela Merkelin başçılıq etdiyi mühafizəkarlar bloku Sosial-Demokratik Partiyası ilə koalisiya hökuməti qurur.
Xatırladaq ki, 2017-ci il sentyabrın 24-də Almaniya Federativ Respublikasında (AFR) Bundestaqa, parlamentə seçkilər keçirilib. Xristian Demokratlar İttifaqı (XDİ) və Xristian Sosial İttifaqının (XSİ) lideri, 63 yaşlı Angela Merkel 4-cü dəfə qalib gəlib. AFR-də parlamentə seçkilər hər 4 ildən bir keçirilir. Ölkə üzrə 18 yaşdan yuxarı 61,5 milyon seçici var. Almaniya Bundestaqına seçkilər qarışıq: 50 faiz majoritar, 50 faiz proporsional sistem üzrə keçirilir. Seçkidə 42 partiya iştirak edib. Nəticələrə əsasən, XDİ/XSİ 33 faiz (XDİ 26,8 faiz, XSİ 6,2 faiz), Sosial-Demokratik Partiya 20,5 faiz, Almaniya üçün Alternativ Partiya 12,6 faiz, Azad Demokratik Partiya 10,7 faiz, “Sollar” 9,2 faiz, “Yaşıllar” 8,9 faiz səs toplayıb. Onlar 5 faizlik səsvermə baryerini keçərək parlamentdə təmsil olunacaqlar.
Yeni Bundestaqın tərkibi 709 yerədək genişləndirilib. Əvvəlki parlamentdə 630 yer var idi.
Angela Merkel 2005-ci ildən Almaniyanın kansleridir.
Digər xəbərlər
loading...