Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda Fətullah Gülən tərəfdarlarının çevrilişə cəhd potensialının olmasıyla bağlı verdiyi sensasion açıqlama birmənalı qarşılanmayıb. Türkiyə prezidenti Fətullah Gülənə qarşı mübarizədə dünyadakı bütün dövlətlərin birlikdə və bu prosesə ciddi şəkildə başlamağın vacibliyini söyləyib.
Bəs Fətullah Gülən həqiqətən Azərbaycanda çevriliş edə bilər? Bununla bağlı millət vəkillərinin və ekspertlərin fikrlərini təqdim edirik.
Мillət vəkili Aydın Mirzəzadə: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fətullah Gülən tərəfdarlarının Azərbaycanda hakimiyyət çevrilişi etmək cəhdi ilə bağlı səsləndirdiyi bəyanatı, sadəcə, onun Azərbaycana olan sevgisi və xoş niyyətinin göstəricisi kimi izah edərdim. Бu bəyanat Ərdoğanın Azərbaycanda hətta, gələcəkdə ola biləcək hadisələrlə bağlı daxili narahatçılıqdan irəli gələn məsələdir.“Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycanda nə FETÖ, nə də digər terror təşkilatlarının fəaliyyət göstərməsi üçün nə sosial baza, nə də imkan var. Azərbaycanda 1993-cü ildən bəri dövlətçiliyin möhkmləndirilməsi, torpaqlarınn müdafiə olunması, vətəndaş cəmiyyətinin inkişaf etməsi bu cür halları istisna edir. Ara-sıra xaricdən Azərbaycanda “beşinci kolon” və yaxud, kiçik qrup halında terrorçu dəstəsi yaratmaq cəhdi olsa da, onun qarşısı dərhal alınıb və zərərsizləşdirilib. Azərbaycanda belə radikal qüvvələrin dəstəyi yox dərəcəsində olduğundan, onların fəaliyyəti istisnadır. “Ona görə də bu baxımdan heç bir təhlükə yoxdur. Bundan əlavə, Azərbaycan hüquq-mühafizə orqanları dövlətçiliyin keşiyində durublar. O baxımdan, Türkiyədən səslənən bəyanatları Azərbaycana xoş istəklərin nəticəsi kimi qəbul edirik".
Millət vəkili Elman Məmmədov: "Fətullah Gülən tərəfdarları dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da fəaliyyət göstərməsi istisna deyil. Bu qüvvələr məqsədyönlü şəkildə hakimiyyət orqanlarına yerləşdirilirlər. Ancaq mən Azərbaycanda olan Fətullah Gülən tərəfdarlarının ölkə üçün təhlükə yaradacağına və onların güclü təşkilat kimi formalaşmasına inanmıram. Onlar Azərbaycanda təhlükə yarada biləcək səviyyədə ola bilməz. Çünki Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanları ölkə üçün təhdid yaradacaq hər hansı təşkialtın fəaliyyətinə imkan verməyib və verməyəcək də. Onların səmərəli fəaliyəti nəticəsində belə qruplar vaxtında aşakarlanıb zərərsizləşdirilirlər. Yəni, öncədən proflaktik tədbirlər görülür".
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu (MTN-in əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı): "Türkiyə rəsmilərinin, eləcə də Rəcəb Tayyib Ərdoğanın bu cür bəyanatlarının artıq ciddiyə alınmamasının tərəfdarıyam. Ərdoğanın Fətullah Gülən ətrafında, eləcə də onun təşkilatı haqqında Türkiyədə spekulyasiya etməsi, bu “təhlükələr” faktiki olaraq, göstərir ki, Türkiyə hökuməti artıq bir xarici siyasət vasitəsinə çevrilməyə başlayıb. Rəsmi şəxslər gah Qırğızstanı, gah da Azərbaycanı təhdid edirlər. Yəni, əgər bu adamların Azərbaycandakı və Qırğıstandakı real vəziyyətdən ciddi məlumatları varsa, onda bəs necə olub ki, onlar öz ölkələrində “gülənçi”ləri bu qədər dərinə buraxıblar? Bunların dediyinə inansaq, az qala ölkədə hərbi çevriliş olacaqdı. Hesab edirəm ki, bu tip bəyanatları ciddiyə almaq lazım deyil. Sadəcə, nəzərə almaq olar, vəssəlam. Qeyd edim ki, onların basqısı altında hansısa addımlar atmaq Azəraycan dövlətinin marağında da deyil. Hər bir dövlərin öz maraqları var. Biz də öz dövlət maraqlarımızı qoruyub saxlamalıyıq. Düşünürəm ki, Ərdoğanın belə bəyanatları güclü stress və qorxu hissinin məhsuludur. “Gülənçi”lər Azərbaycanda necə çevriliş edə bilərlər? Faktiki olaraq, ölkədə hər şey hakimiyyətin güclü nəzarətindədir. Axı, necə mümkün olar ki? Bu şişirtmədir. Azərbaycanda dövlət çevrilişi edilməsi absurddur, qeyri-mümkündür. “Gülənçi”lərin Azərbaycanda dövlət çevrilişinə potensial gücü olmasıyla bağlı fikir bildirmək özü də, elmi-fantastik hekayəyə oxşayır. Ərdoğan faktiki olaraq, paranoya vəziyyətindədir. Ona görə də xarici ölkələrə verilən bu tip bəyanatlar daha çox təzyiq xarakterlidir".
"Təhlükəsizlik" Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl (MTN-in keçmiş şöbə rəisi): "Türkiyədə iyulun 15-də baş verən hadisələrdən sonra ölkənin siyasətində - konkret olaraq isə Rəcəb Tayyib Ərdoğanın siyasətində Fətullah Gülən siyasətinə və tərəfdarlarına qarşı aşırı şəkildə ittiam irəli sürülməyə başlanıb. Bunu Türkiyə daxlində baş verən hadisələrdən və həbslərdən də aydın görmək olur. Həbs edilənlər arasında günahsızarı da var. Ərdoğanın özünə yaxın bildiyi ölkələr, o cümlədən də Azərbaycan haqqında belə həyəcanlı anonslar verməsi, əslində, onun hələ də fobiya içərisində olmasından xəbər verir. Deyim ki, Azərbaycanda adı Fətullah Gülənlə hallanan Qafqaz Universitetində hamı “gülənçi” ola bilməz. Eləcə də bu, hazırda Azərbaycanda biznes fəaliyyətiylə məşğul olan iş adamlarına da aiddir. Deyim ki, hətta Azərbaycanda “gülənçi”lər olmuş olsaydılar belə, onlarda da Ərdoğanın verdiyi anonsdakı kimi Azərbaycanda çevriliş etmək potensialı yoxdur. Ərdoğan isə o qədər vahimə içərisindədir ki, sonuncu “gülənçi”ni belə sıradan çıxarmamış sakitləşməyəcək. Ərdoğanın “Fətullah Gülənin Azərbaycanda çevrilişə cəhd etmək potensialı var” deməsi, sadəcə, blefdir. Azərbaycanda nəinki “gülənçi”lər, heç başqaları da dövlət çevrilişinə cəhd belə etmək iqtidarında deyillər. Azərbaycan höküməti bu baxımdan situasiyanı daim ciddi nəzartdə saxlaya bilir".(gununsesi.info)
MilliYol.Az
Digər xəbərlər
loading...