Son illər, xüsusən də neftin dünya bazarındakı qiyməti kəskin enəndən sonra Azərbaycan hökumətinin inkişaf etdirməyə çalışdığı sahələr arasında kənd təsərrüfatının birinci yerdə dayandığını desək, yəqin ki, heç kimin etirazı olmaz
Həm ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, həm ixrac potensialının artırılması, həm də külli miqdarda valyutanın xaricə axmasının qarşısını almaq baxımından, aqrar sektorun inkişafı zəruridir.
Buna görə də, Prezident İlham Əliyev keçirdiyi bütün müşavirələrdə aqrar sektora xüsusi yer ayırır, bu sahənin inkişafı ilə bağlı göstərişlər verir. Eyni zamanda, kənd təsərrüfatına dövlət dəstəyinin, subsidiyaların artırılması, fermerlərin lazımı texnika və aşağı faizli kreditlərlə təmin olunması istiqamətində geniş tədbirlər həyata keçirilir. Ancaq buna baxmayaraq, kənd təsərrüfatında sıçrayışlı inkişafa hələ də nail olmaq mümkün olmayıb. İnkişaf yalnız şişirdilmiş statistik rəqəmlərdə özünü göstərir. Böyük vəsaitlər xərclənsə də, səmərəlilik yoxdur. Bəs bunun səbəbi nədir?
Bu sualın cavabını, təbii ki, daha dəqiq kənd təsərrüfatı üzrə mütəxəssislər verə bilər. Onlardan biri, alim-aqronom Vaqif Məmmədov “AzPolitika.info”ya bu suala müəyyən qədər cavabı özündə əks etdirən çox maraqlı bir yazı təqdim edib. Aqrar sektorda yaranmış vəziyyətin səbəblərini çox dəqiq şəkildə göstərən həmin yazını təqdim edirik:
“Aqrar siyasətin başında duran insanın peşəkarlığı inkişaf üçün zəruri şərtdir”
Mütəmadi olaraq, kütləvi informasiya vasitələrində Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından effektli nəticələrin əldə edilməməsi haqqında fikirlər səsləndirilir. Ölkə rəhbərliyinin hərtərəfli diqqət və qayğısına baxmayaraq, mili aqrar siyasətin başında duran Kənd Təsərrüfatı Nazirliyi bu vəzifəninin öhdəsindən gələ bilməyib.
Ayrı-ayrı ekspertlər tərəfindən bu məsələyə müxtəlif aspektlərdən yanaşılır. Ancaq təəssüf ki, bu yanaşmaların əksər hissəsini nəticələrə şablon münasibət təşkil edir. Aqrar sektorda effektli nəticələrin əldə olunmamasının səbəbləri çoxtərəfli yanaşma tələb edən məsələdir. Lakin texniki imkanların məhdudluğundan bu yazımda mən aqrar siyasətin duzgün formalaşdırılmasında və reallaşdırılmasında vacib element olan peşəkar yanaşmadan söhbət açmaq istəyirəm.
Peşəkar yanaşma ümumi məqsədlər naminə resursları düzgün istiqamətdə səfərbər edə bilmək, motivasiyanı düzgün qura bilmək bacarığıdır. Ona görə də, aqrar siyasətin başında duran insanın peşəkarlığı inkişaf üçün zəruri şərtdir, siyasətin effektivliyi rəhbərin peşəkarlığından keçir! Peşəkar yanaşma var olan bilginin bacarıqla istifadə edilməsi və üstün nəticə əldə edilməsidir! Çox təəssüf ki, Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri cənab Heydər Əsədov və onun şəxsi ambisiyaları əsasında formalaşdırdığı komandanın əksər üzvləri kənd təsərrüfatı sahəsində nə nəzəri biliyə, nə də praktiki vərdişə sahib olmayan insanlardır.
Bu yaxınlarda təsadüfən YouTube kanalında cənab Heydər Əsədov tərəfindən yerlərdə vətəndaşların qəbulu ilə bağlı video materiallarla tanış olarkən, dəhşətə gəldim. Çünki o, adi yanaşmada hiss ediləcək qədər aqrar sektorun spesifikasından uzaq, müqəddəs peşə sahiblərinə qarşı münasibətdə olduqca qeyri-səmimi bir insandır!
Fikir verin, nazir Quba rayonunda uzun illər boyu həyatlarını torpağa bağlayan insanları qəbul edir, fermerlər ona meyvə ağaclarının xəstəlik və ziyanvericilərinə qarşı istifadə olunan pestisidlərin keyfiyyətsiz olması barədə müraciət edirlər. Nazir isə cavabında bildirir ki, siz torpağı düzgün suvarmırsınız, ona görə də su torpağın üstündə olan “ÜLVİ GÜBRƏNİ” (Fərqləndirmə “AzPolitika”nındır) yuyub aparır. Üzvi gübrəni “ülvi gübrə” adlandırmağın fərqində olmayan bir insanın ölkənin aqrar sektoruna rəhbərliyindən hansı effektiv nəticələr əldə oluna bilər?
“Mesaj ötürür ki, idxal-ixrac əməliyyatları Kəmaləddin Heydərovun monopoliyasındadır!”
Digər vətəndaş nazirdən kənd təsərrüfatı məhsullarının ixracı zamanı gömrük-buraxılış məntəqələrində mövcud olan bürokratik əngəllərin aradan qaldırılmasını xahiş edir. Cənab Heydər Əsədov cavab olaraq bildirir ki, mən bu məsələ ilə bağlı Kəmaləddin Heydərovla danışaram. Nazirin cavabına məntiqi yanaşanda belə qənaətə gəlmək olur ki, ya bu adamın ümumiyyətlə ölkənin ictimai-siyasi həyatından xəbəri yoxdur, Gömrük Komitəsi sədrinin Kəmaləddin Heydərov yox, Aydın Əliyev olduğunu bilmir, ya da cəmiyyətə mesaj ötürür ki, baxamayaraq Aydın Əliyev simvolik olaraq Gömrük Komitəsinin sədridir, əslində idxal-ixrac əməliyyatları bütünlüklə Kəmaləddin Heydərovun monopoliyasındadır.
İdxal olunan pestisidlərin bahalığından gileylənən fermerlərə nazir cavab olaraq bildirir ki, indi internet əsridir, həmin dərmanların birjalarda topdan satış qiymətlərini götürün, üzərinə nəqliyyat xərclərini və digər xərcləri gəlin və bir də idxalçı şirkətin 5% gəlirini əlavə edin, əgər bundan baha satılarsa mənə məlumat verin, ciddi tədbir görəcəm. İlk baxışdan fermerlərə toxtaxlıq üçün gəlişi gözəl sözlərdir!
Rusiya Federasiyasının Krasnodar vilayətində istehsal olunan yüksək markalı Amofos gübrəsinin bir tonunun topdan satış qiyməti 24 000 rubl, yəni Azərbaycan manatı ilə ekvivalent dəyərdə (1 rubl 0,0295 man. Mərkəzi Bankın məlumatı) 708 manatdır. Bir ton gübrənin dəyərinin üzərinə daşınma və s. xərclər üçün 50 manat əlavə etsək, ümumi məbləğ 758 manat təşkil edər. Nəzərə alsaq ki, fermerlərə satılan mineral gübrələrin satış qiymətinin 70%-i (531 manat) dövlət büdcəsindən ödənilir, əslində fermerlərə amofos gübrəsinin bir tonu 227 manata satılmalı olduğu halda, 73 manat bahasına, yəni 300 manata satılır.
“Heydər Əsədovun qardaşı ancaq bir növ aqreqatın idxalından 5 milyon manat qazanıb”
Yaxud, “Aqrolizinq” ASC tərəfindən Türkiyə Respublikasında istehsal olunan HBM-N24 markalı taxılsəpən aqreqat 2016-cı ildə 6100 manata, 2017-ci ildə isə 9600 manata satılıb. Faktı “Aqrolizinq” ASC-nin 2018 və 2017-ci illər üçün verdiyi alış-satış sənədləri və 2017-ci il “Aqrolizinq” ASC-nin internet səhifəsindəki qiymət də təsdiq edir. Nəzərə alsaq ki, təkcə 2017-ci ildə 1500 ədəd taxılsəpən aqreqat alınıb və hər birinin qiymətində 3500 manat fərq var, məlum olur ki, nazir Heydər Əsədovun bu işlərlə məşğul olan qardaşı ancaq bir növ aqreqatın idxalından 5 milyon manat qazanıb! Eyni zamanda, cənab H.Əsədov formal olaraq keçirdiyi tenderdə üstünlüyü qardaşının firmasına verməklə, “Korrupsiyaya qarşı mübarizə” haqqında Azərbaycan Respublikası Qanununun da tələblərini kobud şəkildə pozub.
“Heydər Əsədovun ironiyalı atmacaları, istehzalı cavabları ikrah hissi yaradır”
Digər videomaterialda nazir Heydər Əsədovun İmişli rayonunda vətəndaşları qəbulundan söhbət açılır. Bəri başdan qeyd etmək istəyirəm ki, İnsanlığın baş əydiyi, ehtiramla yanaşdığı müqəddəs əkinçilik peşə sahiblərinə qarşı Heydər Əsədovun sərgilədiyi ironiyalı atmacalar, istehzalı cavablar məndə dərin ikrah hissi yaratdı. Problemlərini dilə gətirən insanlara “mən pomidor alanam?”, “mən kartof-soğan alanam?”, yaxud “mən pambıq əkdirmişəm, pambıq alım? Gedin kim əkdirib dərdinizi ona deyin”, yaxud “mən toxum satanam?”, yaxud “kasıblara kredit verilmir, Siz gedin Səlim Müslümova müraciət edin” kimi ironiyalı cavabları Azərbaycan əkinçisinə qarşı ən böyük sayğısızlıq, ən böyük hörmətsizlikdir!
Hesab edirəm ki, bu ifadələri yalnız və yalnız aqrar sektorun spesifikasını anlamayan qeyri-peşəkarlar işlədə bilərlər! Çox şükürlər ki, fəaliyyətində hər zaman aqrar sektorda çalışanlara xüsusi diqqət yetirən, qayğı göstərən hörmətli Prezidentimiz tərəfindən Azərbaycan əkinçisinin pamidoruna da, kartofuna da, soğanına da sahib tapıldı, güzəştli toxum da verildi, ənənəvi sahə olan pambıqçılığın inkişafı üçün önəmli addımlar atıldı və güzəştli kreditlərə ələçatımlıq təmin edildi!
“Milli aqrar siyasətdə heç vaxt indiki kimi xaotiklik və sistemsizlik olmayıb”
Ömrünün 35 ilini aqrar sahəyə həsr etmiş, Krasnodar Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, bu illər ərzində dünyanın onlarla uzman alim və mütəxəssisləri ilə təmasda olmuş, Hollandiya, İsrail, Amerika və Türkiyə kənd təsərrüfatına yaxından bələd bir insan kimi, tam səmimi olaraq bildirirəm ki, aqrar sektorun enişli illəri də, yüksəliş illəri də olub. Amma mən milli aqrar siyasətimizdə son dövrlərdə hökm sürən xaotikliyi və sistemsizliyi heç vaxt görməmişəm!
Ölkə Prezidenti dəfələrlə aqrar sektorda torpaq-iqlim şəraiti və əkinçilik ənənələri əsas götürməklə, ixtisaslaşma aparılması ilə bağlı konkret tapşırıqlar verib, Kənd Təsərrüfatı Nazirliyi isə, nəinki bu istiqamətdə müfəssəl bir təkliflər paketini ortaya qoya bilməyib, əksinə, pambıq bitkisinin bioloji, fizioloji xüsusiyyətləri, su və digər aqrobioloji xüsusiyyətləri nəzərə alınmadan illərlə təbii ot örtüyünü formalaşdırmış otlaq sahələrində və yem bitkiləri əkilmiş sahələrdə pambıq əkini aparıldı. Nəticədə, pambıqçılıq üçün olduqca əlverişli keçən cari ildə hər hektardan cəmi 15,1 sentner, başqa sözlə, Azərbaycanın Çar Rusiyasının tərkibində olduğu 1913-cü il səviyyəsində məhsuldarlıq əldə olundu!
“Niyə bu qədər münbit şərait fonunda hər hektardan 15 sentner məhsuldarlıq götürülüb?”
Digər tərəfdən, heyvandarlığın yem təminatında yaranmış ciddi problemlər ucbatından heyvandarlıq məhsullarının satış qiymətlərində kəskin artımlar baş verdi. Məgər digər problemlər yaratmadan 80 min hektar sahədə pambıq əkib, hər hektardan 25 sentner olmaqla, 200 min ton məhsul götürmək olmazdımı? Doğrudanmı hər hektardan 15 sentner xam pambıq əldə etmək üçün biz Türkiyədən pambıq toxumu alıb, hər kq-nı 5 manatdan əkinçiyə sırımalıyıq? Hanı ölkəmizdə vaxtilə əkilən, hər hektardan 30-35 sentner məhsul verən milli sortlarımız?!
Ölkə Prezidenti tərəfindən pambıqçılıq siyasətinin bütün konturları çılpaqlığı ilə ortaya qoyulur, digər sahələrlə müqayisədə rəqabət qabiliyyətini artırmaq üçün sistemli tədbirlər həyata keçirilir. Özündə iqtisadi, sosial və siyasi məziyyətləri ehtiva edən bu sahənin inkişafından ötəri yüz milyon ABŞ dolları həcmində investisiya yatırılıb, xam pambığın satınalma qiyməti artırılıb, dövlət büdcəsindən subsidiya verilir və s. Bəs nədən bu qədər münbit şərait fonunda hər hektardan 15 sentner məhsuldarlıq? Bunun adı nə? Bunun adı başqa sahələrdə olduğu kimi, bu sahəyə də QEYRİ-PEŞƏKAR yanaşmadır!
Bəlkə səpin materialı kimi istifadə olunan çiyidin təsərrüfat yararlığını müəyyənləşdirmək üçün də Ölkə Prezidenti xüsusi Sərəncam imzalamalıdır? Məhz toxumluq çiyidin keyfiyyətsizliyi ucbatından ölkədə bir və iki dəfə təkrar səpin aparıldı, bunun da nəticəsində ümumi gəlirdə maya dəyərin xüsusi çəkisi artaraq 900-1000 manata yüksəldi (hər dəfə sahə yenidən malalandı, toxumluq çiyid alındı, təkrar səpin aparıldı və s.), pambıq yığımı dekabr ayının sonuna kimi uzandı və nəticədə xam pambığın keyfiyyət göstəriciləri xeyli aşağı düşdü. Kənd əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına yönəlmiş mütərəqqi siyasət sonda pambıq əkən əkinçilərin ölkə üzrə, təxminən, 10 milyon manatdan çox borclu qalmalarına səbəb oldu.
Əkin sahələri şişirdilərək, toxumçuluq təsərrüfatına külli miqdarda artıq vəsait ödənilir!
Bəs hara baxırdı bəh-bəhlə yaratdığın və yerlin olan biologiya müəllimini rəis təyin etdiyin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti? Bu qədərmi çətindir toxumluq çiyiddən nümunələr götürüb analiz etmək və analizin nəticələrinə uyğun olaraq sort və səpin keyfiyyətini təsdiq edən sertifikat vermək? Varmı bir əkinçidə belə bir sertifikat ki, əkinçi ona dəymiş ziyana görə istehsalçıya qarşı ziyanın ödənilməsi ilə bağlı mülki iddia qaldırsın?
Məgər bu qurumun işi ancaq və ancaq “toxum satışı” adı altında müxtəlif maxinasiyalarla, dövlət büdcəsindən toxumçuluq təsərrüfatlarına verilən subsidiyalara “şərik” olmaqdan ibarətdir?! Yeri gəlmişkən qeyd edim ki, bu yaxınlarda maraq çərçivəsində 2016-cı ildə bir toxumçuluq təsərrüfatı tərərəfindən bir rayonun əkinçilərinə güya satdığı taxıl toxumlarına gorə dövlət büdcəsindən ödənilən subsidiya cədvəli ilə taxıl əkininə görə verilən yardım cədvəlini müqayisə etdikdə, dəhşətli bir mənzərinin şahidi oldum. Təkcə bir rayon üzrə əkin sahələrinin artıq göstərilməsi ucbatından həmin toxumçuluq təsərrüfatına 400 min manatdan artıq vəsait ödənilib!
“Bu “ənənə” cənab Heydər Əsədova qudası Ziya Məmmədovdan miras qalıb”
2017-ci ildə pambıq əkin sahələrinin əksər hissələrində bir və yaxud iki dəfə vegetasiya suvarması aparıla bildi. Ciddi problemin həllindən ötəri dəfələrlə kənd təsərrüfatı idarəsinə müraciət edənlərə idarənin rəisi vəzifəsini müvəqqəti icra edən şəxslər tərəfindən (maraqlıdır ki, nazir tərəfindən ölkədə 2 ildən çoxdur ki, 80% kənd təsərrüfatı idarələrinə daimi rəis təyin edilməyib) verilən şablon cavab bu oldu ki, “biz özümüz nazirin tapşırığı ilə pambiq əkmişik, özümüzün problemlərini həll edə bilmirik, sizlərə nə kömək edə bilərik?” Anlaya bilmirik ki, aqrar siyasətin başında duran təşkilat, hansı əsasla kommersiya fəaliyyəti ilə məşğul olur? Hesab edirəm ki, bu “ənənə” cənab Heydər Əsədova qudası Ziya Məmmədovdan miras qalıb. O da ölkənin nəqliyyat sistemini düzgün koordinasiya etmək əvəzinə, Nəqliyyat Nazirliyini kommersiya strukturuna çevirmişdi.
Minlərlə sadə əkinçi ölkə Prezidentinin pambıqçılıqla bağlı çağırışına qoşularaq pambıq əkdi. Bəs Siz və əkin sahələrini vaxtında və tələbata uyğun əkin suyu ilə təmin etməyə məsul olan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə necə, bu sahənin inkişafından ötəri hansı töhfələr verdiniz? Yaxud, susuzluqdan bar orqanları yerə tökülən zaman əkinçilərin keçirdiyi daxili sarsıntılara rəğmən vicdanlarınız sızlamadımı? Ümumiyyətlə, dünyada mütərəqqi əkinçilik sisteminin tədbiq edildiyi bir dönəmdə pambıq sahəsinin hər hektarından 15 sentner pambıq məhsulu götürülən bir ölkədə, Kənd Təsərrüfatı Nazirliyinin aqrar siyasətin uğurlarından danışmağa hansı mənəvi haqqı var?
Vaxtilə rejim dövlətin başında duran İ.Stalin söyləyirdi ki, kadr cəmiyyətin qızıl fondudur. Aqrar sahədə fundemental təhsil görmüş insanın müasir çağırışlara cavab verən mütəxəssis kimi formalaşması üçün yüksək səviyyədə nəzəri biliyə və praktiki təcrübəyə sahib mütəxəssislərin əhatəsində 10-15 il vaxt lazımdır. Özünüz aqrar sahəyə yad bir insan olduğunuza rəğmən hansı haqla bütün həyatlarını aqrar sahənin nəzəri və praktiki problemlərinə həsr etmiş, Ulu Öndərin rəhbərliyi altında milli aqrar sektorda əldə olunmuş uğurlarda pay sahibləri olmuş alim-mütəxəssisləri şəxsi iddialarınıza qurban verərək, küçələrə atdınız?! Onların əvəzinə isə qeyri-peşəkar insanları Nazirliyə gətirdiniz! Dəyərsizləşdirdiyin o insanların hər biri aqrar sahədə fəaliyyət göstərən sadə əkinçilərdən tutmuş, mütəxəssislərə kimi, faydalandıqları böyük bir məktəb idi.
“Cənab Heydər Əsədov etiraf edin ki, iç dünyanızda qisasçılıq hissi yaşadırsınız!”
Şəxsən Sizin iştirak etdiyiniz tədbirlərdən çəkilmiş videomaterialların “Şərhlər” bölməsinə baxanda məni dəhşət bürüdü. Həmin bölmələrdə bir nəfər tapmadım ki, bir insan və bir nazir kimi Sizin haqqınızda müsbət fikir bildirsin. Etiraf – öz qüsur və nöqsanını, özünün günahını inkar etməyib qəbul etmə, təsdiq etmə və boynuna alma kimi yüksək fəlsəfi dəyər, insani keyfiyyətdir.
Ulu Füzuli demişkən:
Yüz şükr ki, yox sənə xilafım
İnsafım var, var etirafım.
Cənab Heydər Əsədov, etiraf edin ki, aqrar sektor Sizin həyat tərzinizdən, məfkurənizdən və sahib olduğunuz şəxsi məziyyətlərinizdən uzaq bir sahədir. Etiraf edin ki, zahirən özünüzü “sədaqət mücəssəməsi” kimi göstərsəniz də, iç dünyanızda “fironluq taxtından” salınmış qudanız Ziya Məmmədova və dəbdəbəli həyat tərzindən məhrum olunmuş kürəkəniz Anar Məmmədova görə qisasçılıq hissi yaşadırsınız!
Biz, müqəddəs peşə sahibləri inanırıq ki, fəaliyyətində həmişə kənd təsərrüfatının inkişafına ciddi önəm verən Möhtərəm Prezidentimiz mili aqrar siyasətimizə peşəkər nəfəsinin gətirilməsi üçün konkret addımlar atacaq.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...