ANS TV-nin bağlanmasına bir qrup millət vəkili və ziyalı münasibət bildirib.
Millət vəkili Fazil Mustafa: "Medianın hər hansı bir qurğusunun bu formada bağlanması müsbət bir hadisə deyil. Demokratik bir respublikada plüralizm baxımından, informasiya məkanının çoxşaxəliliyi baxımından müstəqil telekanalların olması vacibdir. Azərbaycan cəmiyyətində ANS informasiya məkanında böyük rolu olan bir televiziyadır. Ümid edək ki, məhkəmənin bu qərarını yuxarı instansiya məhkəməsi dəyişəcək. Hər halda bu Azərbaycan teleməkanı üçün böyük bir itkidir. Belə bir müstəqil telekanalın olması plüralizm üçün insanların demokratik təfəkkürünün formalaşması üçün fayda verə bilərdi. ANS-in yeri həmişə görünəcək”.
Millət vəkili Asim Mollazadə: "Böyük təəssüf doğurdu məndə ANS-in bağlanması. Bu məsələ hüquqi müstəvidə apellyasiya məhkəməsi və digər instansiyalarda müzakirə olunmalıdır. Mən ümumiyyətlə hər hansı telekanalın bağlanmasına təəssüf edirəm. Bu ilk növbədə iş yerləridir. Sadəcə bu məsələlər hüquqi müstəvidə həll olunmalıdır”.
Millət vəkili Araz Əlizadə: "Kiminsə hətta fərdlərin səhvi varsa telekanalı bağlamaq düzgün deyil. ANS ilk müstəqil telekanaldır. Ümumiyyətlə telekanalların bağlanmasının əleyhinəyəm. Geci-tezi var, ANS açılacaq. Heç olmazsa ANS-in tarixi kadrları var, onlar insanların yadına həqiqəti salır. ANS açılmağını kimdən gözləməlidir? - Prezidentdən.
Xalq yazıçısı Anar: "Şübhəsiz ki, ANS-ə hər zaman ehtiyac var".
Xalq yazıçısı Çingiz Abdullayev: "Mən ANS TV-nin açılacağına inanıram. Bir ya iki aya, amma inanıram ki, açılacaq".
Xalq artisti Rasim Balayev: "ANS bir telekanal olaraq xalqa xidmət edib. Bir telekanal açıb, onu məşhurlaşdırmaq elə də asan məsələ deyil. ANS-in kanallar arasında öz dəsti-xətti var”.
Yazıçı Xeyrəddin Qoca: "Mən ANS TV-yə nəinki baxırdım, həm də sevib bəyənirdim, hətta orda çıxışlar edirdim. Heç bir televiziyanın bağlanmasını istəməzdim, arzulamazdım. Telekanalın bağlanmasını mən yaxşı qarşılamadım. Çox təəssüf etdim. ANS müstəqil televiziya kimi Azərbayjan teleməkanında birincidir. Çox təəssüf etdim, gözəl bir kanalımız bağlandı. ANS adi televiziya deyildi, yeri görünür. Müstəqil televiziya necə olub, xalqa ilk dəfə o çatdırıb”.
MilliYol.Az
Digər xəbərlər
loading...