Son günlər ard-arda baş verən bəzi hadisələr fonunda bəlkə də həmişə mövcud olan, amma gözümüzdən qaçan bir problem diqqətimi çəkdi. Aydın oldu ki, həm kütlədə, həm də cəmiyyətin savadlı kəsimində iş adamlarına qarşı kəskin bir nifrət var. Bəlkə də özləri bunun fərqində deyil.
"Coffeeshop" qalmaqalı
Bir neçə gün əvvəl ölkənin aparıcı internet medialarından birinin rəhbəri "Coffeeshop"da rastlaşdığı bir olayı sosial şəbəkədə statusa çevirdi və ardından əksər medialarda bu, xəbər oldu. Statusda yoldan keçən bir ziyalının yorulub bir anlıq nəfəs dərmək üçün "Coffeeshop"un açıq havadakı masalarından birinə oturmağından, amma ofiasiantın onu geyiminə görə məkandan qovduğundan bəhs edilirdi. Status ictimailəşdi və dərhal kütlə ənənəvi linç əməliyyatına başladı.
Amma bir neçə gün sonra "Coffeeshop"-un öz rəsmi səhifəsində yaydığı videokadrlardan bəlli oldu ki, bu "ziyalı" hər gün bu və ətrafdakı məkanlara dilənməyə gəlir, orada oturan müştərilərə yaxınlaşıb pul toplayır, onları narahat edir və s. Bütün bunlara rəğmən həmkarımızın bəhs etdiyi olay zamanı (əslində videokadrlardan bəlli olur ki, heç bir olay-zad baş verməyib) "Coffeeshop"un ofissiantı nəinki bu "ziyalı"nı qovmur, əksinə, təmkinlə davranır, onun qarşısına bir fincan içəcək qoyur və hətta əlini cibinə salıb ona pul da verir.
Göründüyü kimi, həm həmkarımız, həm də kütlə tələsik qərar verib və qarşı tərəfi dinləmədən linçə başlayıb.
Ərəb maniyası və ya turist xofu
Son vaxtlar Azərbaycana ərəb turistlərinin axını da sosial şəbəkələrdə kütləvi qınaqla müşayiət olunur. Hətta ağıllı hesab etdiyimiz adamların da bu məzmunda statuslar yazdığını gördükdə adam heyrətlənir. Axı turistlər, xüsusən də bunlar varlı ərəblərdirsə, ölkəyə pul xərcləməyə gəlir. Böhran başlayandan obyektləri sürətlə və ard-arda bağlanan iş adamları üçün bu vacib bir nəfəslikdir, xilas üçün ümiddir. Siz 5 turistdən bu qədər narahatsınızsa, tez-tez üz tutduğunuz Gürcüstan, siz də daxil olmaqla, ildə 15-20 milyon turistlə necə davransın? Bəs hanı öyündüyünüz tolerantlıq, liberal dəyərlər-filan? Heç olmasa ağıllı sandığımız adamlar bu cür statuslar yazarkən min ölçüb-biçməlidir. Axı siz cəmiyyəti yanlış yönəldirsiniz.
"Çörək bahalaşdı" panikası
İndi də çörəyin bahalaşması panikası haqqında.
Deməli, iki devalvasiyadan sonra gündəlik tələbatımızın əsas hissəsini təşkil edən bütün ərzaqlar az qala 2 dəfə bahalaşıb. Amma xalqımız bundan narahat deyil. Hər zaman onu yalnız yumurta və çörəyin bahalaşması narahat edir. Qəpiklərlə ifadə olunan bu bahalaşmadan yuxusunu qaçıran xalqımız yağın 4-5 manat bahalaşmasına göz yumur. Əslində hakimiyyətin də hər zaman bu iki məhsulun bahalaşmasına sərt reaksiya verməsi kütlənin diqqətini bu nöqtəyə yönəldir. Həm də bilərəkdən. Diqqəti yayındırmaq üçün. Baxın, ölkənin taxıl ehtiyatının yarıdan çoxu xaricdən valyuta ilə alınırsa, ölkə daxilində su və işıq bahalaşıbsa, ümumiyyətlə hər şey son bir ildə kəskin bahalaşmaya məruz qalıbsa, çörək hansı əsasla bahalaşmasın? Axı çörək istehsal edən zavod və sexlər dövlət müəssisəsi deyil. Belə getsə, o müəssisələrin müflis olacağını, nəticədə 90-cı illərdə olduğu kimi çörək tapa bilmək üçün əsir-yesir qalacağımızın fərqindəyikmi? Bizi çörəklə təmin edən kiçik biznes nümayəndələrini linç etmək əvəzinə, dövlətdən müəyyən tədbirlər görməsini istəməli deyilikmi? Məsələn, dövlət xaricdən gətidiyi unu iş adamlarına daha ucuz sata bilər, taxılçılığın inkişafı üçün formal yox, real addımlar ata bilər, bu sahəni vergi və rüsumlardan azad edə bilər və s.
İş adamlarını niyə sevməliyik?
Ölkədə 710 min vergi ödəyicisi var. Əlbəttə bunların hamısı iri vergi ödəyiciləri deyil. Bunların 684 mini sadələşdirilmiş vergi ödəyicidir ki, onların büdcə daxilolmalarında ümumi payı cəmi 2,8 faiz təşkil edir. Amma 26 min ƏDV ödəyicisinin ödədiyi vəsait vergi daxilolmalarının 1/3-ni təşkil edir. Bu, təxminən 2 milyard 400 milyon manat deməkdir. Hələ onların sosial müdafiə fonduna ödəmələri də bura əlavə etsək, daha böyük rəqəmlər alınır. Məhz bu vəsaitlər hesabına müəllimin, ordunun, təqaüdçülərin maaşları, xərcləri qarşılanır ki, bundan da hər evə pay düşür.
Məhz bu pulların hesabına, bütün yeyintilərə rəğmən, yollar, parklar salınır, məktəblər tikilir.
Deməli, onlar həm də sizin üçün çalışır, sizi iş yerləri ilə təmin edir, sizin həyat şəraitinizi yaxşılaşdırır. Onlar müflis olarsa, sizin bir işçi və ya vətəndaş kimi dəyəriniz nə qədər yüksək olursa-olsun, bu problemlər qarşısında təkbaşına heç nə edə bilməzsiniz. Əlbəttə, Azərbaycanın biznes sektorunda problemlər minlərlədir, monopoliya var, vergidən yayınma var, əmək hüquqlarının pozulma halları var və s. Amma bu problemlərin kökündə də günahkar işadamları yox, düzgün qurulmayan və işləməyən sistem dayanır. Bəlkə siz daha yaxşı biznes mühitinin olmamasından narahat olasınız? Yox, bağışlayın, axı siz siyasətə qarışmırsınız. Qarışırsınıze, amma yalnız beynəlxalq siyasətə...
Gedək Türkiyəni müzakirə edək...
Zahir Əzəmət
Qaynarinfo.Az-ın baş redaktoru
Digər xəbərlər
loading...