Respublika Narkoloji Dispanserdə baş verən güclü yanğında yaralananlar 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aparılıb
Bu barədə musavat.com-a yanğının baş verdiyi ərazidə xidmət aparan hüquq-mühafizə orqanlarının nümayəndələri məlumat verib.
Musavat.com-un müxbiri adıçəkilən xəstəxanada olub, yaralıların ailələri ilə görüşüb. Xəstəxananın qarşısında polis əməkdaşları dayanıb, gəlib-gedənlərə nəzarət edirlər. Media nümayəndələri və zərərçəkənlərin yaxınları içəriyə buraxılmır. Bu səbəbdən də yaralıların qohumları narazılığını bildirirlər: "Səhər tezdən buradayam və çox narahatam. Qohumum haqqında heç bir məlumat vermirlər. 2-3 saatdır xəstəxananın giriş qapısında dayanmışıq".
Yanğın baş verən ərazidə toplaşan yaralıların qohumları musavat.com-a bildirdilər ki, hadisə zamanı xəsarət alan 20 nəfər şəxs qeyd edilən xəstəxanaya gətirilib: "Elgiz İsmayılovun qohumuyam. O, sinir xəstəsi idi və 3-4 gün idi ki, dispanserə gətirilmişdi. Hadisəni eşidən kimi Ağdam rayonundan Bakıya çıxdıq. İndi onun nə vəziyyətdə olduğunu bilmirik. Ölübmü-qalıbmı bizə bir məlumat verən yoxdur".
Digər bir xəstənin valideyni Mələk Məmmədova isə yanğında xəsarət alanların bu xəstəxanaya gətirildiyini bildirdi: "Oğlum Rəşad Məmmədovdan bir xəbər yoxdur. Çox narahatam, sağ qalıb-qalmadığını bilmirəm. Polislər bizi köhnə Əhmədlidə yerləşən 22 saylı xəstəxanaya göndərdilər. Polislərin dediyinə görə yanğında xəsarət alanlardan 20 nəfər ora göndərilib. Yaralıların siyahısını da həmin xəstəxanadan öyrənəcəyimizi dedilər. Buna baxmayaraq heç kim mənə və digər valideynlərə bir söz demirlər. Polislər xəstəxananın həyətinə addım atmağa qoymurlar".
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...