Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini vəzifəsində çalışan Arif Əsgərovun oğlu Elnar Əsgərov ifadə verib. O bildirib ki, əvvəllər "Liman qrupu" şirkətinin rəhbəri vəzifəsində çalışıb. Onun sözlərinə görə, təqsirləndirilən Rahib Hüseynovla heç bir iş birliyi olmayıb və zərərçəkmiş Qoşqar Zeynalovdan alınan pullar ona çatmayıb: "Rahiblə münasibətimiz əvvəllər yaxşı olub. Ancaq bu iş açılandan sonra mən bilmişəm ki, o belə əməllər törədib. Rahib Hüseynov məndən sui-istifadə edir, məni şərləyir ki, başqalarından mənimsədiyi pulları məndən alıb qaytarsın".
O deyib ki, R. Hüseynov onun atası A. Əsgərova güvənib və adından sui-istifadə edib: "Sonradan bu cinayət işi başlayanda atamı və bizim ailəmizi şərlədi. Qoşqara deyib ki, guya pulu mənə verib. Amma mənə o, heç vaxt pul verməyib. Eyni zamandan məndə səs yazısı da var ki, Rahib orda mənim adımdan istifadə edərək, zərərçəkmişdən pul alıb".
İttihama görə,R. Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
R. Hüseynov nəqliyyat nazirinin müavini, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifələrində çalışmış Arif Əsgərovun baldızı oğludur.
R. Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
İttihama görə, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
E.Hüseynov 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.
Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxslərdən biri Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovdur.
MilliYol.Az
Digər xəbərlər
loading...