Televiziya və radio kanallarında əyləncəli verilişlər yalnız rəsmi matəm günündə dayandırılır
Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğında 25 nəfərin həlak olması ilə əlaqədar əyləncəli verilişlərin dayandırılıb-dayandırılmaması məsələsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, ciddi rezonans doğuran faciəvi hadisə baş verərsə, yayımçılar özləri mənəvi məsuliyyətlərindən çıxış edərək əyləncəli verilişlərinin yayımını dayandıra bilərlər:
“Biz onlardan qanunla tələb edə bilmərik. Ancaq rəsmi matəm elan edilərsə, bu halda qanunla əyləncəli verilişlərin yayımı dayandırılmalıdır”.
Respublika Baş Prokurorluğunun, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına əsasən, yanğın martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin bir korpusunda baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.
Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub. Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Yanğın saat 08:30-da söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...