Kulis.az İradə Musayevanın “80 ilin Anarı...” silsiləsindən dördüncü yazısını təqdim edir
əvvəli burda
Kainatın “Yer” adlı planetinin yeganə hündür binasının 20-ci mərtəbəsində tez-tez dəyişən qapılar, divarlar arasında çaşbaş qalan tənha və qəribə, qərib tələbə sonadək sirli labirintdə çırpınır. Əvvəlki fikrimi xatırladaraq, “Əlaqə” povestinə ədəbiyyatşünasların münasibəti ilə bağlı mübahisəli məqamlara diqqəti cəlb etmək istəyirəm. “Əlaqə” povestində təsvir edilən hadisələr və hallar bir çox tənqidçinin dediyi kimi, “elmi-fantastik” fərziyyələr yox, daha çox psixoloji yaşantı məqamları ilə bağlıdır. Fantastik təxəyyül, təsəvvür, təsvir üslubunda magik realizm və elmi fantastik mahiyyətli müxtəlifliklər olur. “Elmi-fantastika” anlayışında elmi arqumentlilik məsələsi var. Yəni, bədii mətndəki fantastikanın bir gün elmə çevrilməsi ehtimalını əsaslandıran ciddi faktlar olmalıdır. “Conatan Svift “Qulliverin səyahəti” əsərinin bir yerində qeyd edib ki, Mars planetinin 2 təbii peyki mövcuddur. Həmin əsər 1735-ci ildə işıq üzü görüb. Üstündən 142 il keçəndən sonra astronomların araşdırması yenidən Conatan Svifti yada saldı. 1872-ci ildə məlum oldu ki, Qırmızı planetin 2 təbii peyki var. Onları Fobos və Deymos adlandırdılar. 1870-ci ildə qələmə alınan “20 000 lye suyun altı ilə” əsərində bildirilir ki, “Nautilus” adlı sualtı gəmi elektriklə hərəkət edir. 90 il keçəndən sonra - XX əsrin 60-cı illərində elektriklə işləyən sualtı gəminin mühərriki işə düşdü. Edqard Bellin “Geriyə nəzər” əsərində kredit kartından söz açılır. 1962-ci ildə ilk dəfə kredit kart istifadəyə verildi. 1911-ci ildə Hüqo Hernsbek “Modern Electrics” jurnalında qəribə məqalə ilə çıxış edib. Bu məqalə alimləri çox maraqlandırıb. Yazıçı yazıb ki, günəş enerjisi insanların xeyrinə yönəldilə bilər. 67 il keçdi. 1978-ci ildə günəş enerjisi ilə işləyən kalkulyatorlar buraxıldı. Az sonra günəş enerjisi evləri, idarələri işıqlandırdı. (A.Qismət) Bu cür misalların sayını artırmaq da olar.
“Əlaqə” povestində təhrif olunmuş qavrama (illüziya) problemli qəhrəmanın fiziki və mənəvi-psixoloji yorğunluğu onu qorxu, təşviş, həyəcan yaradan hallarla üzləşdirir. Tibdə “psixosensor pozuntu” adlanan bu patologiyanın bir çox əlamətlərinə dünya ədəbiyyatı nümunələrinin qəhrəmanlarında rast gəlmək olur. “Qulliverin səyahəti” romanında bu cür pozuntunun iki halı - hər şeyin öz real ölçüsündən böyük görünmə (makropsiya) və hər şeyin öz real ölçüsündən kiçik görünmə (mikropsiya) –vəziyyəti ilə rastlaşırıq. Əsərdəki mübaliğə və litota kimi məcazlılıq, sən demə, həm də bir psixi pozuntu, xəstəlik faktı ilə əlaqəli imiş. Sviftin ömrünün son vaxtlarında psixi pozuntu halı yaşaması da maraqlı mülahizələr irəli sürmək imkanı yaradır…
“Əlaqə” povestinin tələbə qəhrəmanında isə psixosensor pozuntunun başqa bir halı yaşanır. Yaddaşda bir az əvvəl bir şəkildə, formada qalan əşya ikinci, üçüncü, dördüncü baxışda qarşına tam fərqli, sinonim və ya antonim məzmunlu yeni mahiyyətdə çıxır. Bu pozuntu halını psixologiya elmi “dismeqalopsiya” adlandırır.
Anar özü də, zənnimcə, qəhrəmanını fantastik təxəyyül mübaliğəsi ilə deyil, psixopatoloji vəziyyətdə olan, tanıma, xatırlama duyğusunda pozuntu əmələ gələn bir adam kimi təsvir edir. Amma bu “pozuntu” dəlilik anlamı kimi qəbul edilməməlidir. Müəllif oxucusunu “pozuntu” dediyimiz situasiyada daha dərin məzmunlu suallarla düşündürür. Və qəribədir ki, suallardan cavablar doğduğu kimi, cavabların mahiyyəti və çoxvariantlılığından da sonsuzluğa aparıb çıxara biləcək suallar doğur. Məlum “toyuq, ya yumurta” absurdluğu fəlsəfi düşüncə selində bədii planlı olur. Əsərdə hadisə yoxdur, düşüncələrin, şüur axını vəziyyətinin süjet və kompozisiyası isə məlumdur. İmtahanlara hazırlığın yorğunluğu, həyəcanı, qeyri-adi istilər beyin nahiyəsini zədələyir, xarici qıcıq qəbul edən reseptorlarda (göz, qulaq və s.) problem yaranır, duyğu orqanlarına, qavrama analizatoruna təsir edir. Dünyanın, əşyaların, fraqmental görüntülərin obrazı, mahiyyəti subyekt olaraq oğlanın qavramasında tez-tez müxtəlif forma alır. Həyatda bir cür, bir formada mövcud olan şeylər onun subyektiv dünyasında tez-tez şəklini, surətini dəyişir. “Divarlarda çoxlu fotoşəkil vardı. Bu həmin o qarının otağındakı adamların şəkilləri idimi? Ya yox? Tələbə bunu dəqiq müəyyənləşdirə bilməzdi. Görünür, oradakı şəkilləri xeyli vaxt seyr etmişdisə də əməlli-başlı hafizəsində saxlaya bilməmişdi. Amma bir şeyi bilirdi ki, bu şəkillər daha cavandırlar, əks olunmuş adamların sinlərinə görə deyil, onların çəkilmə vaxtlarına görə təzə idilər, adamlar da yaxın vaxtların dəbləriylə geyinmişdilər.
...Tələbə qarını liftəcən ötürdü və mənzilə qayıtdı. İçəri girərkən ona elə gəldi ki, otaqda nə isə dəyişilmişdir, amma nə? Tələbə diqqətlə otağa göz gəzdirdi: ona elə gəldi ki, fotolar azalıb. Bəzilərinin yerində mismarlar görünür. Qarı bunları haçan çıxartdı? — deyə tələbə düşündü. — Mən dəhlizə çıxanda? Maşallah, yaman əldən qıvraqdı qarı”.
Əsərin qəhrəmanının qulağına səslər gəlir, zamanı müəyyənləşdirə bilmir. Bəzən işıq sürəti ilə keçir zaman, bəzən sanki zamanın ayağına daş bağlanır. (“Sonralar, qarının evindən çıxandan sonra tələbə elə hey bu barədə düşünürdü, amma yaddaşını nə qədər ələk-vələk eləsə də, müəyyənləşdirə bilmirdi ki, qarının saata tərəf gedib-gəlməsiylə kürsüsünə çöküb mürgüləməsi arasında nə qədər vaxt keçib. Divar saatının günortanı vurmasını - on iki zəng çalmasını tələbə aydın xatırlayırdı. Qarının evindən çıxanda da qol saatına baxdı - ikiyə on beş dəqiqə işləmişdi. Amma bu iki zaman nöqtəsinin arasındakı müddət heç cür onun şüuruna sığışmırdı. Bu müddətdə nə olmuşdu? Bir-iki kəlmə söz, qarının saata tərəf gedib gəlməsi və kürsüdə mürgü döyməsi. Yəni o bir saat mürgüləyib?”) Bir müddət bir evdə qaldığı oğlanla qarşılaşması da müəmmaya çevrilir. “Odur, o deyil?” – çaşqınlığı sonrakı təsvirlərin hamısında təkrarlanır. Qarının oğlanları hesab etdiyi psixiatr və astrofizik haqqında dəfələrlə “Odur, o deyil?” –adlı sual təkrarlanır...
Yalnız adamlarla bağlı deyil, həm də vəziyyətlər, hərəkətlər də həyəcan yaradır: “Külqabının qırağına qoyulmuş siqaretdən xəfif tüstü qalxırdı. Tələbə siqareti dodaqları arasına alıb, içinə sümürdü, dənizin uzaqlarına baxdı və birdən diksindi. Axı onun siqareti qurtarmışdı. Bu hardan çıxdı, tələbə bu siqareti haçan yandırdı? Həm də ki, yarısı kül olub tökülüb, deməli, çoxdan odlanıb. Haçandan? Qarı qoyub gedə bilməzdi. Çox vaxt keçib. Deməli, o özü, tələbə bu siqareti haradansa tapıb yandırıb, yana-yana qoyub hamama gedib... Amma necə olub ki, bütün bunlar büsbütün yadından çıxıb?...
...Amma allah, bu nədir belə? Pəncərə —onun pəncərəsi birdən–birə işıqlandı. Məhz bu pəncərədə, — onun pəncərəsində, tək bircə onun pəncərəsində işıq yandı. Kimsə işıq yandırdı. Deməli, indi orada, onun otağında kimsə vardı. Tələbənin əti ürpəşdi”.
Povestdə yenə sonuncu mərtəbə, yenə telefon, saat, güzgü və s. detallar var ki, xüsusi məna kəsb edir. O mərtəbə bəlkə də yoxdur, amma bina var... Bu atributlarla onun nəsrində bir neçə dəfə qarşılaşmışıq. Məsələn, telefon obrazından əvvəlki məqalələrdə bəhs etmişdim. Birtərəfli telefon, avtomat telefon və s. Burada isə xətdən ayrılmış, kəsik simli telefon təsvir olunur. Dünyayla əlaqəsizlik mesajı... Və müəllif bu detalın üstündə çox dayanmır. Lakin tələbə hər dəfə təhlükəli hal yaşayanda oxucu da qeyri-ixtiyari telefon əlaqəsinə ehtiyac olduğunu hiss edir və tez də yadımıza düşür ki, xətt kəsilib... Oğlan, əslində bu əlaqəsizliklərə görə 20-ci mərtəbədə özünü tənha, səhradakı kimi hiss edir... Böyük tənhalıq halı yaşanır. Təkcə oğlanın yox, Yer kürəsinin tənhalığına qədər böyüyən yalqızlıq mistik qarşılaşmalar durumunda təsvir edilir..
Reallıq və illüziyalı səhnələr arasında məsafə yoxdur. Sanki hər yanda bir “qapı açılana qədər” tilsimi hökm sürür. Liftin qapısı açılır, qocanın yaşadığı evin qapısı açılır, iki tərəfində də rul olan maşının qapısı açılır və mənzərə dəyişir. “20-ci mərtəbədə kirayə ev elanı”nı oxuyan oğlan qoca ev sahibi, hökmlü və sirli siması ilə xof yaradan “xozeyka”ya çatana qədər başqa qapılardan da keçir. Oğlan axtardığı “ev”i tapır. Burada axtarılan, arzulanan ev ideyası da maraqlı nüansdır. Arzu olunan ev-sirli bir dünyanın qapısından içəri salır bizi. İçəri girənə qədər darvazanın bu tayındakı dünya o taydakı dünyayla müxtəlif işarələrlə əlaqələndirilir. Oğlanın şüurunda da bu “əlaqələnmə” prosesi ziddiyyətli şəkildə baş verir. Əsərdə iki dünya, iki həyat tərzi, iki adamın hiss və düşüncələrini yaşayan tələbə, qarının iki oğlu, iki qapı və iki tərəf təsvir edilir. Hətta iki qadın-qarı və onun evinin qapısını açıb tələbəni ora yönəldən başqa bir qadınım davranışı, səsi, danışıq və təqdimat etikası, intonasiyası başqa cür, fərqli təsəvvür yaradır. “Ah” qədər qısa bir nidayla onu hayladılar, tələbə çevrildi və doğrudan da ikinci mərtəbədə eyvana açılan qapının ardında qoca bir qarını, daha doğrusu, qadının güclə sezilən siluetini, kölgəsini gördü. Tələbəyə, hətta elə gəldi ki, ona əl elədilər, işarə verdilər, amma bunun belə olub-olmadığını qəti deyə bilməzdi. Hər halda tələbə qıfıllı qapıya yanaşdı və eyvanın düz altında dayandı. Görünür, doğrudan da onu çağırmışdılar, çünki haradasa, lap yaxında danışıq eşidildi, nə barədəsə qızğın mübahisə edirdilər: tələbə bircə kəlmə sözü də seçə bilmirdi, amma mübahisənin gərginliyini anlayırdı. Sonra bayaqkı darvaza açıldı, ortayaşlı qadın çıxdı. İndi onun yanında balaca çaş bir qız da vardı. Onlar dinməz-söyləməz 17 nömrəli evin qapısına yanaşdılar, qadın xalatının cibindən bir dəstə açar çıxartdı və qıfılı açdı. O yenə də əvvəlki kimi acıqlı idi və çox qaba bir tərzdə tələbəyə: –Yuxarıdadır, — dedi — pilləkənlə qalx. Sonra kobud şəkildə qızın belindən yapışdı, boynuna bir qapaz vurdu, qoltuğunun arasına alıb apardı, darvazadan içəri girdi. Qız bərkdən ağlamağa başladı. Qadın ona bir qapaz da vurub darvazanı çırpdı, kilidlədi”.
Dilemma, ikilik, hətta cənnət və cəhənnəm işarəli görüntü (binanın bir tərəfində xarabaxana mənzərəli qaranlıqlar, ölgünlük və sükut, o biri tərəfində isə həyat, xoşbəxtlik, ümid və sevinc nişanəli canlılıq var) oğlanın şüurunda xaotik bir vəziyyət yaradır. “Adam böyük yanmış evin xarabalıqlarına doğru gedirdi. Ay işığında xaraba evin divarları uzun əcaib kölgələr salırdı. Sütunların da kölgəsi düşürdü. Sütunların tağı uçmuşdu, bu sütunlar indi yalnız boşluğa dayaq idilər; bir neçə il qabaq dəhşətli yanğın zamanı bu evin, demək olar ki, bütün sakinləri tələf olmuşdu. Bəziləri diri–diri mənzillərində yanmış, bəziləri tüstüdən boğulmuş, bəziləri uçub dağılan divarların arasına pərçim olub qalmışdı. Onların yalnız bu divarlara yazılmış səsləri dururdu və aydınlıq gecələrdə bu hıçqırıqlar, iniltilər bərkdən səslənməyə başlayırdı”.
O biri tərəfdə isə başqa həyat yaşanır:
“Sakinlər yeyir–içir, mırt vurur, gülür, eyvandan eyvana danışır, musiqi, radio dinləyir, televizora baxır, cürbəcür oyunlar oynayırdılar. Ev normal bir axşam həyatıyla yaşayırdı. Tələbə anladı ki, onlar evin arxa tərəfindən çıxırlar, indiyəcən o, evi yalnız avandından görmüşdü, odur ki, o biri səmt — yanmış xarabalıq tərəf ona bu qədər qeyri-tanış gəlmişdi. Maşın dayandı”.
Tələbə ev sahibi olan qarının iki oğlu ilə - psixiatr və astrofiziklə qarşılaşır. Onlar doğrudanmı qarının oğulları idi? Bəlkə hər iki obrazda gözə görünən elə bir adamdır, bəlkə də yox.... Bəlkə o adamlar elə tələbənin özüdür? Şüur və genetik yaddaşda min illərlə ötürülən mesajlar beyində təkrarlanır və bu cür hisslər, fikirlər bir başlanğıcın, ilk və yeganə insan Adəmin şüurundan axıb gəlir. Geriyə işləyən saatlardakı zaman “kosmos” kimi gələcək və möcüzəli boşluğa doğru irəliləyişdirmi? Bəlkə geriyə, vahidliyə, ikiləşmədən təkliyə yol gedirik?
Zaman
meyarı, ətraf aləmi qavrama hissiyyatı, başqa planetlər, yad dünyalar, kosmik aləm təsəvvürləri - hamısı haqqında psixiatr və astrofizik nitqində “mühazirə” xarakterli söhbət dinləyirik.
Tələbə oğlanın düşüncə sürəti nə qədər yüksək templi olsa da, nə qədər çox sivilizasiyadan, inkişafdan bəhs edən təsvirlər və fikirlər ilə tanış olsaq da, şüur yenə dairədə qapanır... Dünyanın, yer kürəsinin özü kimi dairəvi, yumru, nöqtələnmə məntiqi yeni bir qapının açılmayacağı ehtimalını yəqinləşdirir... İnsan şüuru özünü, yaşadığı dünyanı, ətrafında baş verən hadisələri belə dərk etməkdə aciz ikən başqa planetlərlə əlaqəyə cəhd edir... Tələbə növbəti bir qapını nəinki açmaq, hətta qırmaq, sındırmaq qərarına gəlir. “... qaranlıqda həmin qapıya tərəf gəldi və çalınçarpaz taxtalardan yapışıb var gücüylə dartdı. Taxtalar qopdu. Sonra qapının dəstəyindən tutub güclü bir hərəkətlə özünə tərəf çəkdi, amma qapı çox yüngülcəsinə və yumşaq açıldı”.
Əsərdə bütün mistik, fantastik, illüziya burulğanında çabalama vaxtının növbəti dəqiqəsindəcə tam təbii, real, tanış və doğma həyat, məişət mənzərəsinə qapı aşılır. Oğlan heyrət edir ki, abad bir binanın ətrafında bu xarabalıq hardan ola bilər? Necə ola bilər ki lift həm aşağı, həm də yuxarı (yer səthindən aşağı, yerin dibinə və yuxarı) işləsin, maşında iki rul və s. Amma həmin andaca izahını da ala bilir. Məsələn, sürücü oğlnaın heyrətini görəndə bildirir ki, sadəcə təlim maşınıdır, ona görə iki tərəfdə də texnologiya eyni sistemlidir və s... Reallığa bu qədər yaxın və reallıqdan bir planet böyüklüyündə uzaq məsafələrə də baş alıb gedən vaxtları olur...
Yer adamı başqa planetlərdən səs eşitmək, yeni üzlər görmək həvəsindədir. Tələbə real məkan sakini kimi bu cəhddə deyil, əksinə, qulağıdinc bir həyat arzulayır, lakin şüur və hisslər onun iradəsindən asılı deyilmiş... Hətta yaddaş da ayağa qalxır, instinkt də başqa dünyaya dartınır, səs isə gəlmir, cavab yoxdur, ulduzlar susub...Və astrofizik də bunu etiraf edib deyir ki, “əgər doğrudan da uzaq ulduzlarda həyat varsa, bəs niyə ordakılar hay vermirlər?!”
Anarın hər əsərində bu tənhalığın adı dəyişir. Bəzən insan öz içində, bəzən cəmiyyətində, bəzən ailəsində, bəzən isə kainatda, planetlərarası boşluqlarda tənhalaşır...
“Macal” povestinin də qəhrəmanı tənhadır. Doğmalar arasında yad... Yenə ikiləşmə, dağınıqlıq, taleyinin sahibi olmaq uğrunda mücadilə və özünə məğlubluq... Fuad bir dəfə ölə bilərdi, ölmədi. İkiləşdi, başqa bir Fuad kimi həyatına davam etdi. Amma o gecə öldü, toya hazırlaşdıqları gecə. Xoşbəxt başlanğıcın ilk gecəsində bir sınaqla qarşılaşdı. Gecə nişanlısıgildən evlərinə gedəndə yolda iki adamın bir kişini sürüyüb öldürməyə apardıqlarını gördü. Həmin adam yalvarır, ağlayır, kömək diləyirdi. Bu nalənin bircə Fuad eşidirdi və bu böyük dünyada ona kömək edə biləcək yeganə adam da elə o idi. Amma o xoşbəxt olmalı idi, ölümə gedə bilməzdi. Xoşbəxt olmaq üçün zəngin və adlı-sanlı Şövqi müəllimin qızın almışdı. İndi isə bir satqın və qorxaq adamın harayına hay verməklə özünü və doğmalarını da məhv edə bilərdi...
MilliYol.Az
Digər xəbərlər
loading...