Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku Strateq.az saytına müsahibə verib
Səfir müsahibəsində əsasən Rumıniya-Azərbaycan əlaqələrinin indiki durumundan, eləcə də perspektivlərindən danışıb:
– Cənab səfir, Azərbaycanın Avropa İttifaqı ilə enerji daşıyıcılarının ixracı sahəsində əməkdaşlığını necə qiymətləndirirsiniz?
– Azərbaycan uzun müddət nəinki tək Avropa İttifaqı, həmçinin region üçün əhəmiyyətli enerji iştirakçısı olub. Ölkəniz zamanla cəsarətli və uzaqgörən qərar qəbul edib. Siz Xəzər dənizini sərmayəçilərə açan 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi”ni, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin tikilməsini xatırlayırsınız. Keçən il biz əsrin yeni müqaviləsinin imzalanmasının şahidi olduq. Ötən illər ərzində başqa bir strateji layihə həyata keçirildi – Cənub Qaz Dəhlizi layihəsi. Avropa İttifaqı Azərbaycanı energetika sahəsində strateji tərəfdaş kimi tanıyır. Həmçinin Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycanın strateji töhfələrini tanıyır. Bu, çox mühüm layihədir, çünki bu, Avropanın enerji təhlükəsizliyinin güclənməsinə kömək edir. Və eyni zamanda, bu, diversifikasiyanın nə demək olduğuna canlı bir nümunədir. Çünki Cənub Qaz Dəhlizi həm mənbələr, həm də nəqliyyat marşrutlarının real diversifikasiyasıdır.
Mən çox məmnunam ki, Rumıniya ilk dəfə olaraq bu yaxınlarda Bakıda təşkil edilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının IV toplantısına öz rəsmi nümayəndə heyətini göndərib. Bu, Cənub Qaz Dəhlizinin verdiyi diversifikasiyaya bizim maraq və öhdəliklərimizi göstərir. Bildiyiniz kimi, Rumıniya hal-hazırda qonşu ölkələrlə enerji sahəsində əməkdaşlığı genişləndirməyə səy göstərir. Vacib layihələrdən biri Rumıniya-Bolqarıstan-Macarıstan-Avstriyanı bir-birinə bağlayacaq yeni boru kəməridir. Bu, Cənub Qaz Dəhlizindən nəql olunan Xəzər Dənizi qazını digər Mərkəzi Avropa bazarlarına daşıya biləcək bir əlaqə olacaq. Düşünürəm ki, bununla bağlı biz gələcək illərdə daha çox perspektivlərin və mühüm inkişafların şahidi olacağıq.
– Azərbaycan hazırda iki beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsində əsas rol oynayır: Şimal-Cənub nəqliyyat dəhlizi və Şərq-Qərb-Transxəzər nəqliyyat dəhlizi. Rumınya bu layihələrə maraq götsərirmi?
– Rumıniya Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb dəhlizlərini böyütmək, inkişaf etdirmək üçün olan səylərinə böyük maraq və diqqət ayırır. Əlbəttə ki, coğrafi baxımdan Şərq-Qərb dəhlizi Rumıniya üçün birbaşa maraq kəsb edir. Mən həmçinin iki mühüm inkişafı qeyd etmək istərdim: birincisi, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanın genişləndirilməsi, ikincisi isə Bakı-Tbilisi-Qars dəmiryolunun tamamlanmasıdır. Bunların hər ikisi Şərq-Qərb Dəhlizi üzrə Mərkəzi Asiyanı və Çini Avropaya bağlayan əsas kommunikasiyalardır.
Rumıniya Azərbaycan ilə həmçinin nəqliyyat sahəsində də əməkdaşlıq qurmaqda fəal olub. Konstansa və Bakı Limanlarının keçən il imzalanan əməkdaşlıq müqavilələri var. Konstansa limanı Qara Dəniz ərazisində karqo həcminə görə ən böyüyüdür. O, eyni zamanda karqonun ölkə daxilində, su və dəmiryolları vasitəsilə daşınması və nəql edilməsi üçün geniş və inkişaf etmiş imkanlara malikdir. Konstansadan Dunay çayı vasitəsi ilə bir çox Mərkəzi Avropa ölkələrinə getmək mümkündür.
Biz, eyni zamanda, Xəzər dənizi ilə Qara dəniz arasındakı və daha sonradan üzü Avropaya doğru ticarət nəqlinin gələcəkdə asanlaşmasına kömək edəcək bu Şərq-Qərb Dəhlizini daha da inkişaf etdirmək məqsədilə azərbaycanlı həmkarlarımızla sıx əməkdaşlıq etməklə, imkanları siyasi səviyyədə müzakirə edirik.
– Rumınya-Azərbaycan iqtisadi əlaqələrinin səviyyəsini necə qiymətləndirirsiniz? Buxarest və Bakı arasında ikitərəfli siyasi, iqtisadi əlaqələrin güclənməsi üçün tövsiyələrinizi eşitmək istərdik…
– Bizim iqtisadi əməkdaşlığımız geniş miqyaslıdır, böyüyür və çox gözəl perspektivləri var. Hər şeydən əvvəl, ölkələrimizin iqtisadiyyatı bir-birini tamamlayır. Rumıniyanın güclü sənaye bazası, dinamik xidmətləri və sənayesinin İT sahəsində innovativ şirkətləri vardır ki, bu da Avropa İttifaqı bazarının bir hissəsidir. Digər tərəfdən, Azərbaycan dinamik və artan əhaliyə, eləcə də tam diversifikasiya və inkişaf prosesində olan iqtisadiyyata malikdir. Azərbaycan Cənub Qafqaz regionunda ən vacib ölkədir. Onun Mərkəzi Asiya, İran, Çənub-Şərqi Asiya, Rusiya və MDB ölkələri bazarları ilə çox yaxşı əlaqələri mövcuddur.
Digər vacib element isə Azərbaycan iqtisadiyyatının diversifikasiyasıdır. Düşünürəm ki, bütün bunlar bizim iqtisadi əməkdaşlığımızı hazırkı vəziyyətindən kənara çıxara biləcəyimizi göstərir. Bizim yaxşı başlanğıcda olan çox ümidverici ticarət rəqəmlərimiz var. Bizim ikitərəfli ticarətimiz ilbəil artır. Rumıniya statistikasına görə, ötən il ikitərəfli ticari dövriyyəmiz, təxminən, 400 milyon ABŞ dolları olub (həm ixrac və həm də idxal). Düşünürəm ki, bu əməkdaşlığı genişləndirmək üçün biz daha çox işlər görməliyik. Əvvəla, biz şirkətlərə digər bazarlarda mövcud olan yeni imkanları – ikitərəfli ticarət, yeni məhsullar, xidmətlər, sərmayə yatırımları, eləcə də Azərbaycanda, Rumıniyada və ya digər bir üçüncü ölkədə birgə layihələr yaratmaq imkanlarını – aşkar etməkdə kömək göstərməliyik. Bu, səfirliyimizin nəzərində saxlayacağı bir prioritet olacaq. Daha sonra, biz yeni sahələr axtarışında olmağa hazır olmalıyıq. Məsələn, bunlardan biri İT sahəsidir ki, potensialı hələ tam həyata keçirilməyib. İT və EOS xidmətləri o sahədir ki, fikrimcə, Rumıniyanın bu sahədə malik olduğu müvafiq məhsullar Azərbaycan şirkətlərini maraqlandıra bilər. Əlbəttə ki, neft və qaz sahəsi də bizim ticarət mübadiləmizin artıq vacib komponentidir. Əminəm ki, bütün bunlar Hökumətlərarası Birgə Kommissiyanın növbəti toplantısında müzakirə və analiz olunacaq.
– Hökumətlərarası Birgə Kommissiyanın növbəti toplantısının nə vaxt keçiriləcək?
– Növbəti aylarda. Biz azərbaycanlı həmkarlarımızla bunun üzərində birgə çalışırıq.
– Bəs təhsil sahəsində nə kimi yeniliklər gözlənilir?
– Bizim azərbaycanlı həmkarlarımızla universitetlər arasında əlaqələrin genişləndirilməsində yaxşı əməkdaşlığımız var. Çünki bu təhsil ocaqlarında təhsil alan tələbələr bizim gələcəyimizdir. Onlar gələcəyin iş adamları, mühəndisləri, professorları, vəkilləri və mütəxəssisləridir ki, ikitərəfli əməkdaşlığımızın inkişafına kömək edəcəklər. Biz hətta daha da irəliyə getmişik: bu il Azərbaycan Dillər Universitetində Rumın Dili Mərkəzi açacağıq – hansı ki, bu yolla tələbələr və universitetlərlə daha sıx əlaqələrin qurulmasına, ölkələrimiz arasında biznes və ticarət sərmayələrinə vasitəli yollarla kömək edəcəyik. Rumın dərsləri artıq başlayıb. Biz bu mərkəzin tələbələr və universitetlər arasında səmərəli mübadilələr üçün bir platforma kimi inkişaf etməsinə ümid edirik.
– Rumıniyadan Azərbaycanın müxtəlif universitetlərində tələbələr təhsil alırmı?
– “Erasmus” Təhsil Proqramı çərçivəsində bir neçə tələbəmiz burada təhsil alır. Rumın tələbələri qısa müddətə təhsil almaq üçün bura gəlir, eləcə də, azərbaycanlı müəllimlər, tələbələr, professorlar qısa müddətli təhsil çərçivəsində Rumıniya universitetlərinə gedir. Bizim həmçinin Rumıniya dövləti tərəfindən hər il azərbaycanlı tələbələr üçün təşkil etdiyi təqaüd proqramımız da var. Azərbaycan universitetləri ilə texnika və mühəndislikdən tutmuş biznes, kənd təsərrüfatı, baytarlıq elmlərinə kimi müxtəlif sahələrdə bu cür təhsil müqavilələri bağlayan Rumıniya universitetlərinin sayında artım var. Bu da ölkələrimizin tələbələrinin gələcəyini bir araya gətirmək potensialının da olduğunu göstərir.
MilliYol.Az
Digər xəbərlər
loading...