Akif Çovdarovun azadlığa buraxılacağı gözlənilir
9 ay əvvəl Milli Təhlükəsizlik Nazirliyində (MTN) başladılan qəfil yoxlamalar qurumun ləğv olunması, 10 MTN generalı da daxil olmaqla, ümumilikdə 21 MTN-çinin həbsi ilə sonuclandı. Sabiq nazir Eldar Mahmudovun kreslosu ilə vidalaşması da həmin yoxlamaların başlandığı günə təsadüf etdi.
Amma həbslər dalğasında istintaqının əli həbs edən Eldar Mahmudovun yaxasına yapışa bilmədi. Ötən müddət ərzində Eldar Mahmudovun ölməsi, ölkədən qaçması, həbsə alınması, istintaqa çağırılması, ürəyinin ağrımasınadək xəbərlər yayıldı. Onun əlindəki 2800 seks videosunun üzərindən azadlıqda qalması da gələn xəbərlər sırasında oldu.
Fakt odur ki, bu gün sabiq nazirin barəsində mətbuat 3-5 ay əvvəlkitək yazmır. İstintaqçıların da ona sarı uzanan əlləri artıq görünməz olub. Kənardan belə görünür ki, artıq istintaqçılar “MTN işi” üzrə Eldar Mahmudova sarı addımlar atmaq niyyətində deyillər.
Onun kadrı – MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarovu azadlığa aparacaq yolun üzərindəki dəmir qapılar bir-birinin ardınca açılır. Bu təsadüfidirmi?
A.Çovdarovun mundirində bir-birinə qarışmış “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, reportyor Aqil Xəlilin qan ləkələri qartmaq bağlayıb, poqonları üzərindən arxaya baxanda neçə-neçə müxalifətçinin döyülməsi, qorxudulması, sahibkarların, qanunsuzluqlarla razılaşmayan MTN-çilərin intihar səhnələri görünür.
Akif Çovdarov qanı özbaşına tökməyib, heç sahibkarların cibini və ömürlərini də “yuxarı”dan xəbərsiz kəsməyib. Ona qarşı yumşalma, onun birbaşa şefinə qarşı yumşalmadır. A.Çovdarovu xəstəliyinə görə azadlığa buraxmaq təşəbbüsləri və ya cəhdləri ortadadırsa, deməli, Eldar Mahmudovun vəziyyəti də düşünüldüyü kimi pis deyil.
Bu arada Eldar Mahmudova ölkədən getmək üçün “yaşıl işıq” yandırılması xəbərləri də gəlməkdədir. Onu qarşı tərəfə “güllə” – informasiya “bomba”ları atmamaq öhdəliyi ilə ölkədən buraxmaq istəyirlər; “getsin və səsini kəssin!”, “Üçqat agent” iddialarını ortaya atıb siyasi səhnədə zəlzələ, məmurların canında vəlvələ salmasın”.
İddia edilir ki, buna ilkin razılıq var və yaxınlarda səssizcə sabiq MTN şefini ölkədən yola salacaqlar. “MTN işi”nin öləzimiş şəkildə, ictimaiyyətdən gizlin aparılmasının səbəblərindən biri də budur.
Gələn məlumatlara görə, E.Mahmudov bu gün faktiki olaraq təcrid olunmuş vəziyyətdədir. Eldar Mahmudovdan tələb edilən xaricdə susması və şərtlərə əməl etməsidir. Əgər o, əvvəllər qohumları ilə əlaqə saxlayıb, onların xeyir-şər məclislərində iştirak edə bilirdisə, indi bu mümkün deyil. Hətta telefondan istifadə etmək belə qadağan olunub. Razılıq əldə olunacaqsa, şərtlər qəbul ediləcəksə, onunla bağlı səhifə bağlanacaq. Amma belə görünür ki, Eldar Mahmudov ölkədə şərt qəbul edib, ağzını bağlayıb xaricə getmək istəmir.
Əsas ehtiyatlanılan məsələ isə onun hansısa məlumatları xaricə ötürə bilməsidir. MTN şefinin xaricə ötürə biləcəyi faktlar və informasiyaların kifayət qədər ciddi olmasını söyləməyə, bir daha xatırlatmağa ehtiyac varmı?
Təkcə Eldar Mahmudovun 11 il Azərbaycanın xüsusi xidmət orqanına rəhbərlik etməsi onun əlinin altında bir qalaq kompromatların toplanmasını söyləmək imkanı yaradır. Mahmudov illərlə əlinin altına yığılan, toplanan materialları qaranlıqdan çıxarıb üstündəki tozu üfürmək iqtidarındadır. Onu azadlıqda saxlayan, yaxasından tutacaq dəmir əlləri uşaq oyuncağıtək vurub kənara atan da bu fakt – “kompromat anbarı”nın üzərində oturmasıdır(musavat.com).
MilliYol.Az
Digər xəbərlər
loading...