Azərbaycanda Konstitusiyaya ediləcək yeni dəyişikliklərdən sonra baş nazir postu ləğv edilə bilər. Bu barədə Qaynarinfo.Az-a məlumatlı mənbədən bildirilib.
Mənbənin fikrincə, yaradılması gözlənilən birinci vitse-prezident postundan sonra Nazirlər Kabinetinin sədri görəvinə ehtiyac qalmaması ehtimalı böyükdür. “İstisna deyil ki, nazirlərin əlaqələndirilməsini və onlara rəhbərliyi də birinci vitse-prezident həyata keçirsin” deyə mənbəmiz söyləyib.
Onun sözlərinə görə, ölkənin üzləşdiyi ciddi iqtisadi-maliyyə problemləri fonunda xərclərin optimallaşdırılması və idaretmə aparatının sadələşdirilməsi hökumətin prioritetlərinə daxildir. Bu baxımdan ciddi sosial və iqtisadi əhəmiyyət kəsb etməyən qurumlarn ləğvi, məhdud funksiyalarının başqa qurumlara verilməsi gündəmdədir. “Görünən odur ki, Konstitusiyaya məlum dəyişikliklərin bir qismi də məhz bu zərurətdən yaranıb. Bu dəyişikliklər yalnız hansısa qurumların ləğvi və ya birləşdirilməsi ilə yekunlaşmaya, baş nazirlik institunun da tarixin arxivinə göndərilməsi ilə bitə bilər” - deyə mənbəmiz vurğulayıb.
Azərbaycanda hazırda baş nazir postuna bir neçə yüksək çinli məmur iddialıdır. Onların arasında son vaxtlar adı xüsusilə ön plana çıxanlar maliyyə naziri Samir Şərifov, baş nazirin birinci müavini Yaqub Eyyubov və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Bundan başqa, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanovla təhsil naziri Mikayıl Cabbarovun da adı hazırki baş nazirin potensial varisləri kimi çəkilirdi. Bunlardan birincinin baş nazir təyin edilməsinə ekspertlər xüsusilə son vaxtlar sıcaq baxmırdılar. Hesab olunur ki, ölkənin maliyyə bazarında ciddi təhlükələrin dolaşdığı vaxtda maliyyə nazirinin dəyişdirilməsi heç də mücbət nəticələr verməyəcək.
Belə görünür ki, birinci vitse-prezidentlik postunun təsis edilməsindən sonra adı çəkilən məmur-oliqarxların ölkənin de-yure ikinci şəxsinə çevrilmək xəyalları da “suya düşmüş” olacaq.
Onu da qeyd etmək yerinə düşərdi ki, hazırki baş nazir Artur Rasizadənin vəzifədən gedəcəyi ilə bağlı xəbərlər bu günədək mediada dəfələrlə müzakirə mövzusu olsa da, 1996-cı ilin noyabrından bəri (2003-cü ildə cəmi bir neçə ay “gözlərindəki ağrı səbəbindən” işdən gedib) o, “əvəzedilməz” olaraq qalır. Baş nazir siyasi çəkisinə görə ölkənin de-yure ikinci şəxsi sayılır, bu baxımdan Rasizadənin yaşının çox olmasın baxmayaraq indiyədək həmin postda saxlanılmasının səbəbi onun siyasi iddialarının olmaması ilə izah edilir. Bu isə hakimiyyət daxilindəki bütün qrupların maraqlarına hələlik uyğundur.
Əgər mənbəmizin yuxarıda dedikləri doğrulansa, Rasizadə müstəqillik dövrünün yalnız ən uzunmüddətli baş naziri kimi yox, həm də sonuncu baş naziri kimi tarixə düşəcək. Bu isə xeyli vaxtdır o postda gözü olan bir sıra məmur-oliqarxları üçün “qara xəbər”dən başqa bir şey ifadə etmir...
MilliYol.Az
Digər xəbərlər
loading...