“Mən sizə ermənilərə qoşularaq əsir alınmış azərbaycanlıları sıraya düzərək tək-tək məhv edən və bundan həzz alan rütbə sahiblərini tanıtmaq istəyirəm”
Vladimir Savelyev sovet zamanında Dağlıq Qarabağda yerləşmiş və SSRİ-nin süqutundan sonra nəzarətsiz qalıb Ermənistanın əlinə keçmiş 366-cı alaydakı 2270 nömrəli hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi olmuşdu. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci il noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət, 2000-ci ilin iyul və dekabr aylarında BMT-yə, Avropa Şurasına Xocalıda baş verən hərbi cinayətlər barədə «Məxfi arayış»ını təqdim etmişdir. O, son arayışlarını «zabit Puqaçov» imzası ilə göndərmişdir. Həmin arayış və erməni mənbələrinin etirafları Xocalı soyqırımının bir sıra gizlinlərinə dünya miqyasında aydınlıq gətirmişdir.
“Biz rusların zabit şərəfi görün necə ləkələndi!”
Polkovnik erməni terror təşkilatları ilə sovet ordusundan qalma qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyərək fakt və sənədlərdə, «agentura» yolu ilə əldə etdiyi informasiyalarda bütün olub keçənlərin şərhini verərək etiraf etmişdir: «Mən bütün bunları yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş verib. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı həm Kremlə, həm də Müdafiə Nazirliyinə, Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun! – dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi!
“Prezident Ayaz Niyazoviç Xocalıda nəyin baş verməsini dərk etmirdi”
Mən Bakıdakı hadisələri də izləyirdim. Hiss olunurdu ki, Prezident Ayaz Niyazoviçi aldadıb tora salıblar. O, kələfin ucunu itirmiş, hər şeyi nəzarətdən çıxarmış, qarşıdurmanın mərkəzində dayanmış, nüfuzunu itirmiş ali baş komandandır. Azərbaycan hərbi əks-kəşfiyyatına gəlincə belə bir qurum iflic olub. Aldığımız məlumata görə, bu qurumun əməkdaşları əsas məsələlərə girişə bilmirdilər. Prezident Xocalıda nəyin baş verməsini dərk etmirdi.
Azərbaycan ordusunun Baş Qərargahında da hamı özünü qərargah rəisi kimi aparırdı. Dördüncü ümumordu qoşun birləşmələrində isə gərginlik genişlənirdi. Bu qoşun birləşmələrində hər şey Azərbaycan əleyhinə idi. Vəziyyət nəzarətdən çıxmışdı. Zabitlər başlarını itirmişdilər. Məlumat aldıq ki, Azərbaycanda Prezident Aparatında və güc nazirliklərində ikitirəlik var. Məqsəd və fikirlər bir-birini tamamlamırdı. Hamı siyasi məqsədləri üçün «Müharibə kartından» yapışmışdı. Bu kartı paylayanlara gəlincə, onların bir qismi Azərbaycanın ali baş komandanının, bir qismi də müxalifətin və nəyə xidmət etdiklərini anlamayan savadsız və küt generalların yanını kəsdirmişdilər».
“Qar üstündə qalaqlanmış kimsəsiz, sahibsiz cəsədlərdən qorxdum”
Fransada çıxan «Frans katolik-ekklezia» aylıq jurnalında (1992-ci il,12 mart) «Hücumdan öncə» yazısını çap etdirən erməni jurnalisti Berain Siracyan yazmışdı: «Xocalını gözlərimlə gördüm. Döyüşən, hər qarış torpaq uğrunda vuruşan artsaxlıların igidlikləri məni valeh etdi. Amma mən torpaq uğrunda gedən vuruşmanın bu tərzdə aparılmasının tərəfdarı deyildim. Hər yerdən qan iyi gəlirdi. Qar üstündə qalaqlanmış kimsəsiz, sahibsiz cəsədlərdən qorxdum. Qorxdum ki, bu qan üçün heç vaxt Azərbaycan tərəfi, sabahkı nəsillər susmasın. Bu gün ruslar bizimlədir. Bəs sabah? Biz tənha qala bilərik.
«ASALA» 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bilmişdi
1992-ci ilin yanvar ayında Paris yaxınlığında qeyri-leqal məxfi təlim düşərgəsi yaratmış «ASALA» erməni terrorçu təşkilatının bir qrup üzvü – 26 nəfərlik dəstə, mayor Aşin Simonyanın başçılığı ilə Xankəndiyə təşrif gətirmişdi. Onlar başlı-başına buraxılmış 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bilmişdilər. Polkovnik Yevgeni Zarviqarova nağd 36 min ABŞ dollarını tanışlıq üçün «hədiyyə» etmişdilər. Məlumata görə, 23-cü diviziyanın komandiri, general mayor Boris Budeykin polkovnik Zarviqarovu buna görə ittiham da edib. Dördüncü ordu komandanlığı qarşısında onun «zabit şərəfinə xəyanəti» üstündə azad olunmasını, qovulmasını tələb edib. Lakin bütün bu ittiham və tələblərə baxan yox idi. Çünki qanunlar artıq işləmirdi.
Polkovnik V.Savelyev tarixi arayışında daha sonra yazmışdır: «Əslində millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda alayın ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı».
Polkovnik 1992-ci ilin aprel ayının 12-də Müdafiə Nazirliyinə göndərdiyi məktubunda isə yazmışdır: «Öldürülmüş, məhv edilmiş adamların bir qisminin şəxsiyyətlərini təyin edən sənədlərdən 46-sını nömrələyib Azərbaycanın MN-nə, Prezident Aparatına göndərdim. Mənə cavab gəldi ki, biz həmin sənədləri araşdırırıq. Onda mən Tbilisidə idim və məktubu da oradan yola salmışdım. Amma dərk edə bilmirdim ki, Azərbaycan hərbi kəşfiyyatı nəyi araşdırır».
Türkiyə erməni diasporunun «Jamanak» qəzeti 1992-ci ilin fevral hadisələrini, qanlı qırğını şərh edərək yazmışdı: «Biz vəcdə gəldik. Ermənilərə öz dədə-baba torpaqları uğrunda vuruşmaq üçün güc və qüvvət verilmişdi. Bu işdə Allahın razılığını görürdük. Və vuruşurduq. Azərbaycanlılar isə bizim qədər torpaq istəyə bilmədi. Məhəbbət və Vətən sevgisi olduğu üçün biz qalib gəldik. Bakıdan da xəbərdarıq. Orada torpaq uğrunda yox, sülalə və vəzifə, səltənət və şöhrət uğrunda daha çox güc sərf olunur. Çünki Bakıda da bilirdilər ki, bu torpaqlar bizimdir, bizim dədə-babalarındır. Bu barədə rus zabiti Vladimir Savelyev adlı birisi meydanda atılan topların yanında bizdən sorğu etdi. O, bizim müxbirdən tələb edirdi ki, bu yerlərdən çıxıb getsin».
1992-ci il fevral ayının 19-da isə İrəvanın Teatr meydanında Firdos Ərəbyan adlı bir erməni emissarı (Livan) Dünya ermənilərinin «iqtisadi gəlir mənbəyi» kimi ad çıxarmış «Qaragin» erməni mərkəzində on üç nəfər varlı erməninin imzaladığı məktubu oxumuşdu: «Oyanmış xalqa eşq olsun! Müdrikliyini, ağıl və idrakını dərk edən, babalarımızın, əcdadlarımızın külünü təzədən alışdıran erməni qəhrəmanlarını alqışlamaqla yanaşı, onlara dünya ermənilərinin salamlarını yetirirəm. Parisdə, Kölndə, Romada, Vaşinqtonda, Küveytdə, Londonda, Moskva və Ankarada, Tehran və Latın Amerikasında…ayağa qalxan ermənilər sizinlədir. Biz sizə hər cür yardıma hazırıq.»
Bir gün ərzində 49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələnmişdi
İki milləti qarşı-qarşıya qoyan bu «millət qəhrəmanları» bir məsələni dərk etmirdilər. Dərk etmirdilər ki, heç kəsin qanı yerdə qalmır. Edilən cinayətlər üçün, tökülən qanlar üçün cavabdehlik və məsuliyyət nə Vaşinqtonun, nə Londonun üstündə qalırdı. Bütün bu vəhşiliklərin cavabdehliyi İrəvanın üzərinə düşürdü. Bunu isə, sadəcə, dərk etmək lazım idi. Necə ki, kəşfiyyatçı V.Savelyev bunları görür və dərk edirdi.
Polkovnik Zarviqarov və başqa vəzifəli şəxslər isə ermənilərə cavab atəşini açan döyüş nöqtələrinin susdurulması barədə ordu və dairə komandanlığının rəsmi icazəsilə 366-cı alayın Xocalı istiqamətində gedən əməliyyatlarında ermənilərlə birləşdi. Nəticədə, bir gün ərzində 49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələnmişdi. Qərargah rəisi, podpolkovnik Sergey Kraulenin verdiyi tapşırığa əsasən, birinci motoatıcı batalyonun komandiri polkovnik Arkadi Moiseyev, 2-ci batalyonun komandiri Seyran Ohanyan və digər zabitlər Xankəndinin atəşə tutulmasında, 58 dinc azərbaycanlının öldürülməsində iştirak etmişdilər.
Roma papası II İohanın 366-cı alayın zabitlərinə yazdığı məktub: “Erməni qardaşlarımın…”
1992-ci il fevralın 4-də Roma papası II İohanın 366-cı alayın zabitlərinə yazdığı məktubda bildirilmişdi: «İmkan olarsa, Xocalıya gəlib orada həlak olan erməni qardaşlarımın vuruş və döyüş məkanlarında baş əyəcəyəm.» Doğrudan da, 2003-cü il sentyabrın 21-də Roma Papası Ermənistana gələndə Qarabağın işğalı zamanı öldürülən ermənilərin məzarlarını yad etmişdir.
Polkovnik V.Savelyev daha sonra yazmışdır: «Xocalının işğalında, ölüm və kütləvi qırğın hadisələrində azərbaycanlı zabitləri də günahlandırıb ittiham edirəm. Bu necə Vətəndir? Bu necə ordudur? Bütün bunları anlaya bilmirəm. Bu oyunlara rus zabitlərini qoşmaqla onları alçaltdılar, şərəfinə lənət damğasını vurdular. Mən on addımlığımda güllə yarasından can verən səkkiz-doqquz yaşlı qızcığaza heç cür kömək əlimi uzada bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram.»
Lənətlənmiş günlər isə bir-birini əvəz edirdi. Həmin ərəfədə Fransadan gəlmiş «Operator-II» özəl studiyasının erməni əməkdaşları isə (Jül Barelyan, Şerin Sitaryan) Xocalı ətrafında qalaqlanmış meyitlərin yandırılmasını lentə köçürürdülər. Rusiyanın 2-ci batalyonunda vuruşan zabit İvan Karabelnikovun verdiyi məlumata görə bu yer «Xocalının şimal-şərq hissəsində kiçik təpəciklər olan bir yer idi».
Xocalı faciəsini «işıqlandırmaq» (ermənilər buna qəhrəmanlıq deyirlər) üçün Xankəndinə dünyanın 32 ölkəsindən 47 nəfər erməni jurnalisti gəlmişdi. Onların bir qismi polkovnik Y.Zarviqarovun ayırdığı zirehli maşınların gözlüklərindən, qərargah mərkəzlərindən hadisələri izləyir, qeydlər götürür, bəziləri də operativ çəkilişlər aparırdı. Dağılmış, viranə qalmış yerləri dünyaya göstərir və acı bir təəssüflə qeyd edirdilər: guya, «Azərbaycanlılar günahsız erməniləri qırırlar.» (?)
Bizim təbliğat maşınımız isə Prezident Aparatından kənara çıxmırdı. Bakıdakı adicə diplomatik korpusların nümayəndələrinə həqiqəti deməkdə çətinlik çəkirdik. Susmağımız isə erməni təbliğatı üçün qol-qanad verirdi. Ermənilər Xocalı ilə bağlı Azərbaycanı «qan tökməkdə günahlandıran» bir materialı, əllərinə keçən hər hansı bir faktı və yaxud sənədi təkrar-təkrar çap edirdilər. Məsələn «Azərbaycanlılar Xocalını yandırıb, getdilər.» fotoreportajını ermənilər 49 dəfə dünya mətbuatında çap etdiriblər.
“Əlimizə keçənləri məhv edirdik“
Xocalının işğal edilməsi planının strateji tərəflərini ermənilərlə yanaşı, ruslar da «çox düşünüblər». Nəticədə, birinci batalyonun qərargah rəisi, mayor Abram Çitçiyan, mayor Q.Nabokix və kapitan İ.Lixodey hərbi əməliyyatlarda bilavasitə vuruşublar. Zabit İ.Karabelnikovun məlumatına görə, A.Çitçiyan 13 nəfərlik «Babayevlər ailəsini güllədən keçirib.» Ona 1993-cü ildə Fransa Erməni Diasporu tərəfindən 150 min ABŞ dolları mükafat və ən böyük «Kilsə mükafatı» verilib. A.Çitçiyan 1994-cü ilin sentyabr ayının 2-də Fransaya mühacirət edib və orada yaşayır.
366-cı alayın sıravi qulluqçusu, rabitəçi Afik İsbeliyevin məlumatına görə, o, fevralın 24-də (1992) kapitan İ.Lixodeyin komandasında topçu dəstəsində vuruşub və Xocalının işğalında iştirak edib. – Siz necə vuruşurdunuz? – sualına belə cavab verib: – “Biz həm də qorxurduq. Ölümdən qorxurduq. Əlimizə keçənləri məhv edirdik. Bəzən küləkdən tərpənən ağaclar, xışıldayan yarpaqlar da bizi qorxuya salırdı. Mən bilmirəm, Azərbaycan xalqı məni bağışlayarmı”?
Anam azərbaycanlılara qarşı ermənilərlə əlbir olub vuruşduğum üçün məndən imtina edib. Mən artıq evə gedə bilmirəm, hamı məndən üz döndərib. Amma məni məcbur etdilər. Əmr verdilər. Biz isə əmrə tabe idik. Məni artıq heç kəs bağışlamır”.
“Qərara alındı ki, ermənilərdən bunun müqabilində pul və zinət şeyləri alınsın”
Beləliklə, fevral ayının 25-dən 26-sına keçən gecə Xocalı yandırıldı, işğal edildi. Qoşun isə sakitləşmək bilmirdi. Polkovnik V.Savelyev «Məxfi arayış»ında bu barədə qeyd etmişdir: «Üçüncü batalyon Xocalı işğal olunan gecə müharibə zonasından çıxarıldı, amma oranı tərk etmədi. 366-cı alay isə ərazidən çıxarılmadı. Ordu tərksilah olundu. Zabitlər satqınlıq etdilər. Silahlara gəlincə, işlənməmiş silahları ermənilər üçün ayırdılar. Qərara alındı ki, ermənilərdən bunun müqabilində pul və zinət şeyləri alınsın. «Böyük Ermənistan» adlı bədnam və rüsvayçı plan uğrunda vuruşanlara gəlincə, bu, hələlik açıq qalmış bir məsələdir».
1992-ci ilin mart ayının 19-da (müsəlman təqvimində bu gün Novruz günü, bahar bayramı idi) Xocalıda öldürülmüş azərbaycanlılar üçün kiçik bir qəbiristanlıq salındı. Orada 54 nəfər öldürülmüş günahsız azərbaycanlı dəfn edildi. Ermənilərin Fransa Diasporunda telekanal müəllifi Surik Şaqenyan bu mənzərəni elə həmin günün axşamı İranın, Türkiyənin, Moskvanın, Yerevanın, Vaşinqtonun, Londonun, Parisin, Bonnun telekanallarına çıxartdı, Ermənilərin öldürülmüş azərbaycanlıların meyitlərinə etdikləri «hörmət və ehtiramdan» (?), təşkil olunmuş dəfn mərasimindən danışdı.
Bakıda isə əslində hələ heç kəs hadisələrin, Xocalıda baş vermiş faciənin səbəblərini araşdıra bilmirdi. Yaradılmış deputat komissiyasından tutmuş, müxalifət partiyalarınadək hamı iflic vəziyyətində idi, hakimiyyət çat vermişdi. Təhlükəsizlik orqanları öz informasiya mənbələrinin əsas dayaqlarını itirmişdi. Təhlükəsizlik sisteminin böyük bir qrupu müxalifətlə, necə deyərlər, «əhd-peyman» bağlamışdılar. A.Mütəllibov hakimiyyəti cəmiyyətdə və dövlətdə siyasi gücünü artıq itirmişdi. O, öz səriştəsizliyinin, komandasındakı fitnə-fəsadın qurbanı olmuşdu.
Hərbi sursatların ermənilərə verilməsində bilavasitə iştirak edən generallar
Həmin ərəfədə rus kəşfiyyatçısı V.Savelyev Azərbaycan hakimiyyətini təsvir edib, yazırdı: Xocalının işğalından sonra A.Mütəllibov hakimiyyəti öz yaşamaq hüququnu itirdi. Nazirlər isə Baş nazirin ətrafında dövlət daxilində dövlət yaratmışdılar.
Alayın çıxarılmasında, hərbi sursatların ermənilərə verilməsində bilavasitə iştirak edənlərə baxın: general-polkovnik Qromov, general-leytenant Qrekov, general-leytenant Ohanyan, polkovnik Y.Zarviqarov, polkovnik O.Kraule, deputat İ.Andronov …
Dördüncü Ordu 23-cü motoatıcı diviziya nümayəndələrinin Xocalı əməliyyatında iştirak etmələri üçün şərait yaratmışdı. 23-cü motoatıcı diviziyanın komandan müavini A.Babukov və K.Yermolayev isə erməni yaraqlılarına verilmiş hərbi texnikanın geri qaytarılmasını tələb etmişdi. Onları isə kim idi eşidən?!»
V.Savelyev məsələləri şərh edərək, qeyd edir: «1992-ci ilin fevral ayının 23-də hərbi şəhərcik «Qrad» qurğularından atəşə tutulduqdan sonra polkovnik Y.Zarviqarov alayın daimi dislokasiya məntəqəsindən ehtiyat bölgəyə keçirilməsi haqqında qərar verib. Qərar isə erməni silahlı dəstələrinin heç bir müqaviməti olmadan həyata keçirilib. Dislokasiya yerinin dəyişdirilməsi heç də zərurətdən irəli gəlməyib. Bu zaman bir sıra bölmələrin döyüş texnikaları çıxarılmayıb. Həmin günlərdə Xankəndi şəhərinə gələn general-leytenant İ.Ohanyan (mayor Ohanyanla qarışdırmayın) təkid edib ki, artilleriya divizionu, zenit artilleriya divizionu, tank rotası texnikası saxlanılsın. Nəticədə, ermənilər heç bir maneə ilə rastlaşmadan 23 ədəd «PDM», 3 ədəd «ZSU-23- 4», 8 ədəd «D-30» və xeyli digər döyüş texnikası ələ keçirdilər.»
24 nəfər rus zabitinə və əsgərinə pul mükafatları verildi
Həmin gün ermənilərin özünümüdafiə dəstəsi adı ilə vuruşan, əslində «ASALA» terror təşkilatının Xankəndində yaradılmış özəyinin başçısı kimi tanınan İllarion Allaverdiyan 24 nəfər rus zabitinə və əsgərinə pul mükafatlarını elan etmişdi. Məsələn, dəstənin önünə çıxarılmış rus zabiti Yevgeni Qolubevə üstündə «ASALA» yazılmış 25 qramlıq qızıldan tökülmüş orden və 5 min ABŞ dollarını təntənəli surətdə təqdim etmişdi. Və yaxud həmin gün sıravi Anastas S.İvanova 10 min ABŞ dolları təqdim etməklə yanaşı İrəvanda onu gözləyən «Hunday» markalı avtomobilin sənədlərini vermişdi.
Göründüyü kimi, erməni silahlı dəstələrilə rus zabitləri arasında şəxsi bağlaşmalar, «Döyüş müqavilələri» də imzalanmışdı. Yadınıza salaq ki, bütün bunlar, yəni ermənilərlə ruslar arasında olan bu hərbi bağlaşmaların bir qismi şifahi sərəncamlarla edilirdi. Bunun üçün hər sərəncamın, general sözünün öz qiyməti var idi. Məsələn, Xankəndi şəhərindəki 463-cü əlahiddə kimyəvi mühafizə batalyonu və 909-cu əlahiddə kəşfiyyat batalyonunun döyüş planları ilə bağlı, ermənilər tərəfdən vuruşması barədəki əmrin qiyməti 18 min ABŞ dolları idi.
“General Zarviqarov zabitlərə “dinimizi qorumalıyıq” dedi”
1992-ci il fevral ayının 24-də saat 21.15 dəqiqədə general rütbəsi almış Y.Zarviqarov zabitlər önündə belə bir çıxış etmişdir ki, regiondakı müharibə torpaq müharibəsi yox, islamın xristianlığa qarşı müharibəsidir. O, çıxışında göstərmişdi: «Dünyanın islam ölkələrinin nümayəndələri, hərbi müşavirlər Bakıya (?) yığışıblar ki, bizim xaçı necə sındırıb, əzsinlər. Xristianlığa qarşı bir yürüş var. Bu yürüşdə ya dinimizi, şərəfimizi qorumalıyıq, ya da şərəfsizliyi qəbul edib tabe olmalıyıq».
Polkovnik V.Savelyev bütün bunlara toxunaraq yazmışır: «Birinci batalyon ehtiyat bölgəyə keçirilən zaman polkovnik İvan Moiseyev texnikanı və şəxsi heyəti dağlar arasındakı Çapar dərəsində saxlayıb, gözləmə mövqeyi tutub. Sonra onun batalyonu Çixani yaşayış məntəqəsinə daxil olub. Ermənilərin mühasirəsinə düşüb. Nəticədə batalyon könüllü surətdə öz döyüş texnikasını ermənilər üçün qoyub. İvan Moiseyevə və şəxsi heyətə pul təklif edilərək, birlikdə vuruşmağa çağırılıblar.»
“«İvanın vəhşi batalyonu» Xocalının ətraf yaşayış məntəqələrinin külünü göyə sovurdu”
Xocalının ətraf yaşayış məntəqələrini də dağıdan, külünü göyə sovuran da elə İvan Moiseyevin batalyonu olub. Və bu batalyon da ermənilər arasında «İvanın vəhşi batalyonu» kimi tanınıb.Tədqiqat zamanı 02270 saylı hərbi hissənin əks-kəşfiyyatının materiallarından aydın olur ki, 366-cı alaydakı hərbi texnika və silahların 85 faizi ermənilərin əlinə keçmişdi. Üstəlik, Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd güllə, 460 ədəd bronejilet, 11 ton konservləşdirilmiş yemək, min iki yüz cüt ayaqqabı (altı cür ölçüdə), 146 ədəd tapança ermənilərin istifadəsinə verilmişdi. Amerikada istehsal olunmuş 149 ədəd ratsiya da ermənilərə paylanılmışdı.
Erməni diplomatı O.Ter-Qriqoryan 1992-ci ilin aprel ayında İrəvanın Teatr meydanındakı çıxışında demişdi: «Erməni təbliğatı Bakının diplomatik mərkəzlərində artıq özünə istənilən mövqeyi tutub.» (?) Diplomat çıxışı zamanı bir yerində xatırladırdı ki, ermənilərlə rusların dostluğunun sınmayan sütunları var: «Hələ 300 il bundan qabaq ermənilər I Pyotrdan xahiş edirlər ki, yadelli işğalçılara qarşı vuruşanda onlardan da istifadə etsinlər. Əgər Moskvada (təkcə şəhərin özündə) 1959-cu ildə 18,4 min nəfər erməni var idisə, indi bu rəqəm 47 min nəfərdir. RF-in xaricdəki diplomatik korpuslarında çalışan ermənilərin sayı 142 nəfərdir. Onların 59 nəfəri jurnalist kimi fəaliyyət göstərir.»
Sıravi əsgər Qriqori Voroşilovun məlumatına görə, Xocalı ilə bağlı ermənilərin ruslarla əlaqələrinə dair sənədlərin bir qismi 1992-ci il mart ayının 1-də Zaqafqaziya Hərbi Dairəsinin aviasiya komandanı general-mayor S.Lukaşovun əmrilə yandırılmışdır.
Əsir alınmış azərbaycanlıları tək-tək məhv edən və bundan həzz alan rus zabitəri
Polkovnik V.Savelyev xatırladır: «Ermənilər ruslara məxsus «02-19–MM» nömrəli «KAMAZ»la ərazidəki azərbaycanlı meyitləri yığıb Xocalıda tonqal qurdular. İnsanın insana olan nifrəti burada həddini aşmışdı. Kim yaratmışdı bunu, dərk edə bilmirdim.
Mən sizə ermənilərə qoşularaq əsir alınmış azərbaycanlıları sıraya düzərək tək-tək məhv edən və bundan həzz alan rütbə sahiblərini tanıtmaq istəyirəm:
1. Polkovnik B.Baymukov — arxa cəbhə üzrə alay komandirinin müavini;
2. Polkovnik İ.V.Moiseyev — birinci batalyonun komandiri;
3. Mayor S.İ.Ohanyan — ikinci batalyonun komandiri;
4. Mayor E.A.Nabokix — üçüncü batalyonun komandiri;
5. Mayor V.İ.Çitçiyan — birinci batalyonun qərargah rəisi;
6. Mayor V.Q.Hayriyan — alayın kəşfiyyat rəisi;
7. Baş leytenant O.V.Mirzaxayzarov — rota komandiri;
8. Baş leytenant S.V.Xrinxua—kəşfiyyat bölməsinin rəisi;
9. Baş leytenant V.N.Qarmaş — tank rotası komandiri;
10. Baş leytenant N.T.Hakopyan — rota komandiri;
11. Baş leytenant V.İ.Valilovski — rota komandiri;
12. Baş leytenant A.B.Lısenko — bölmə komandiri;
13. Baş leytenant V.A.Azarov — batareya komandiri;
14. Baş leytenant İ.S.Abraimov — tank əleyhinə batareya komandiri;
15. Leytenant O.V.Balezni — üçüncü tank rotasının komandiri;
16. Leytenant A.V.Smakin — tank bölməsinin komandiri;
17. Leytenant S.İ.Raçkovski — mühəndis-istehkam rotası komandiri;
18. Leytenant V.İ.Bondaryev — kəşfiyyat rəisinin müavini;
19. Leytenant A.İ.Kulov — radiokimyəvi bölmənin rəisi;
(eləcə də 41 nəfər milliyyətcə erməni olan kiçik rütbəli şəxslər)».
V.Savelyevin — vicdanlı, səriştəli rus kəşfiyyatçısının «Məxfi arayışı» haqsızlıqlarla barışmayan bir zabitin acı etirafıdır. Bu arayış ermənilərin və onların havadarlarının Xocalıda planlı, düşünülmüş hərbi cinayətlər–azərbaycanlı əhaliyə qarşı amansız soyqırımı törətdiklərini təkzibolunmaz faktlarla bir daha təsdiqləyir (virtualaz.orq).
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...