Fevralın 19-da Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər etdi. Həftənin ilk günü baş verən önəmli səfər mətbuatın diqqətindən kifayət qədər kənarda qaldı. Narışkin Ermənistan milli təhlükəsizlik xidmətinin direktoru Qeorgi Kutoyanla məxsusi görüş keçirdi. Analizdə Narışkinin Ermənistan səfərinin əsas məqsədi və təfərrüatları təqdim ediləcək
İlkin olaraq bildirək ki, görüş haqqında detallar və müzakirə olunan məsələlər barədə rəsmi açıqlama verilmədi. Maraqlıdır, görəsən Rusiya kəşfiyyat xidmətinin rəhbəri İrəvanda hansı məsələləri müzakirə edib?
Təbii ki, Narişkinin səfərinin əsas məqsədi YPG terrorçularının Ermənistana keçməsi və son zamanlar artan İŞİD terror təşkilatının (102-ci hərbi bazanın 21 yaşlı müqaviləli hərbi qulluqçusu Dmitri Yalpayevin öldürülməsi) təhdidləri ilə bağlı ola bilərdi.
Son günlərdə, erməni KİV-ləri YPG terrorçularının Ermənistana keçməsi barədə tez-tez məlumatlar dərc etməyə başlayıb. Müxtəlif şəhərlərdə erməni polisinin gücləndirilmiş nəzarət həyata keçirməsi ilə bağlı yayılan xəbərlər isə diqqətləri fərqli bir istiqamətə yönləndirmək, sanki Sarkisyan hökumətinin terrorçulara dəstək vermədiyi və onları axtardığı kimi təqdim etmədən ibarət idi. Ermənistan milli təhlükəsizlik xidməti isə bu xəbərləri nə təsdiq edir, nə də təkzib edirdi.
Lakin məlumatları ilkin olaraq yayan “Jamanak” qəzeti türkiyəli hərbçilərlə toqquşmalardan qaçan PYD/PKK terrorçularının Türkiyə-Ermənistan sərhəddini keçməsini və ən əsası Ermənistan-Türkiyə sərhəddini qoruyan rus hərbçilərinin onların Ermənistana girişinə mane olmadıqlarını qeyd edirdi. Təbii ki, bu Sarkisyan hökumətinin terrorçulara açıq-aşkar sığınacaq verməsindən başqa bir şey deyil.
Bu, PKK/YPG terrorçuları tərəfindən Türkiyə-Ermənistan sərhəddinin keçilməsi ilə bağlı ilk hal deyil. Bu kimi hallar 90-cı illərdə Türkiyənin Şimali İraqda apardığı genişmiqyaslı əməliyyatlar zamanı və Qarabağ müharibəsi ərzində də baş verib. Türkiyə xalqına qarşı çoxsaylı terraktlar həyata keçirən terrorçular canlarını qurtarmaq üçün, məsuliyyətdən azad olacaqlarına əmin olaraq, Ermənistana keçirdilər.
Lakin hazırkı geosiyasi vəziyyət iki amildən asılı olaraq bir az fərqlidir. Birincisi, Ermənistana keçən terrorçuların sayıdır. Terrorçuların sayının 50-70 nəfərdən ibarət olduğu qeyd edilir ki, bu da çox böyük rəqəmdir.
Bildiyimiz kimi, Ermənistan-Türkiyə sərhəddini ruslar qoruyur. Ermənistan hökuməti məsuliyyətdən yaxa qurtarmaq üçün, sərhəd pozuçularını saxlamaqla bağlı rusların məsuliyyət daşıdığını düşünür.
Lakin sərhəd pozucularını saxlayan kimi, rus sərhədçilər onları Ermənistan milli təhlükəsizlik xidmətinə təhvil verməyə borcludurlar. Yalnız Ermənistanın xüsusi xidmət orqanları YPG terrorçuları ilə necə davranmağa qərar vermə səlahiyyətinə malikdirlər.
Söhbət 2-3 nəfərdən getdiyi halda onların məsələsini həll etmək asandır. Ermənistan onları yenidən Türkiyədə terraktlar keçirsinlər deyə geri göndərə bilərdi. Sarkisyan hakimiyyəti bunu müxtəlif kanallar vasitəsilə edə bilər. Lakin burada söhbət bütöv bir dəstədən gedirsə, bu artıq başqa məsələyə çevrilir.
Türkiyənin və Rusiyanın yaxınlaşmasını nəzərə alsaq, o zaman problemin daha incə xüsusiyyət aldığını görərik. Əgər, əvvəllər Rusiya açıq-aşkar olmasa da, Türkiyəyə qarşı təzyiq vasitəsi kimi PYD-ni dəstəkləyirdisə, indi Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşması fonunda bu qəbuledilməzdir.
Bundan əlavə, bu yaxınlaşma ABŞ-ın dəstəyini qazanan YPG-yə qarşıdır. Rusiya yanvarın 20-də Afrin şəhərində hərbi polis qüvvələrini çıxartdı. Buna görə, YPG terrorçuları Rusiyanı xəyanətə görə günahlandırır və açıq şəkildə cavab verəcəkləri ilə bağlı rəsmi Moskvanı təhdid edirlər.
Faktiki olaraq, əvvəllər təzyiq vasitəsi kimi istifadə olunan YPG ilə “qarşılıqlı münasibətlər” və əlaqə mexanizmlərinin artıq işləməsi mümkün deyil. Rusiya yaxşı başa düşür ki, bu məsələ Türkiyə ilə münasibətlərə ciddi təsir edə bilər. Əgər bu dəstə Ermənistanın milli təhlükəsizlik xidmətinə təhvil verilibsə, yenə də bütün heyətlə necə davranmağa İrəvanın gücü çatmaz.
Bu baxımdan, Narışkinin əsas müzakirə edəcəyi mövzu sərhədi keçməyə çalışan terrorçuların kimin sifarişi ilə buraxılmasıdır. Hazırda, Narışkinin səfərindən sonra erməni mətbuatında YPG terrorçuları ilə bağlı gedən məlumatlar sonlandırılıb. Görünür, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sarkisyan hakimiyyətinə Ermənistana görə Türkiyə ilə münasibətləri pozmayacağını bildirib.
Rusiyanın xarici kəşfiyyatı üçün həssas olan digər məsələ, İŞİD tərəfdarlarının Ermənistanda olmasıdır. Bir müddət öncə Gümrüdəki 102-ci hərbi bazanın bir rus əsgərinin İŞİD tərəfdarı Arman Cancuğazyan tərəfindən bıçaqlanaraq öldürülməsi hələ aysberqin görünən hissəsidir.
Rusiya, Suriyada İŞİD-in məhv edilməsindən sonra, terrorçuların Rusiyadan intiqam almağa çalışacaqlarını yaxşı bilir. Məlumdur ki, Rusiya Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Bəşər Əsədin döyüşçüləri müvəffəqiyyətə nail olub. Bu baxımdan rus hərbçiləri Ermənistanda İŞİD terrorçuları üçün olduqca asan hədəf ola bilər. İŞİD-ə sadiq qalan ermənilərin mövcudluğu terrorçuların müəyyənləşdirilməsi və məhv edilməsini daha da çətinləşdirir.
Ermənistanın faktiki olaraq, Türkiyəyə qarşı təhdid yaradan YPG-ni və Rusiyaya qarşı döyüşən İŞİD-i dəstəkləməsi, onları himayə etməsi regionun təhlükəsizliyini şübhə altına qoyur. Doğrudur, hazırda Ermənistanda nə qədər İŞİD üzvünün olması və 70 nəfərlik YPG terrorçusunun vəziyyəti haqqında hər hansı bir məlumat yoxdur. Lakin Ermənistan məsuliyyətdən yayınmaq və terrorçulardan faydalanmaq üçün onları işğal altında olan Qarabağ kimi qanunsuz bölgəyə göndərə bilər. Və ola bilsin ki, artıq göndərib… (ordu.az)
Digər xəbərlər
loading...