İslam Kərimovun zamanında Orta Asiyanın “Şimali Koreyası” sayılan Özbəkistanda bu aylarda maraqlı hadisələr baş verir
Bir neçə həftə bundan öncə prezident Şövkət Mirzəyayev Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Rüstəm İnoyatovu vəzifəsindən azad edərək onu fəxri təqaüd sayılacaq bir vəzifəyə, dövlət müşavirliyinə gətirib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, həmin vaxtdan bu yana Mirzəyayev xüsusi xidmət orqanlarının əlindən səlahiyyətləri bir-bir alıb.
İnoyatovun istefasından sonra xüsusi daxili qoşunlar MTX-nin tərkibindən çıxararaq Daxili İşlər Nazirliyinə verilib. Bu birləşmələr 2005-ci ildə Əndicandakı faciəli hadisələrdən sonra yaradılmışdı və ehtiyac yarandıqda dinc əhaliyə divan tutulması üçün tətbiq olunmalı idi.
“Azadlıq” radiosunun Özbəkistan bürosunun verdiyi xəbərə görə isə, MTX-nin xüsusi dəstələrini kurasiya edən generallardan birinin poqonlarını Mirzəyayev şəxsən özü söküb.
Daha sonra prezident MTX-ni əvvəlki binasından sürgün edib və binanı Daxili İşlər Nazirliyinin balansına verib. Əgər əvvəllər ölkənin əsas xüsusi xidmət orqanı Daşkəndin mərkəzində fəaliyyət göstərirdisə, indi onları paytaxtdan kənara köçürüblər. Özü də özbək çekistlər heç də tam tərkibdə yeni məkanlarına getməyiblər. Mirzəyayev MTX daxilindəki Korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsini də dəyişdirib. Əvvəllər bu idarə İnoyatovun əlində xoşuna gəlmədiyi adamları vurmaq üçün qılınc kimi fəaliyyət göstərirdi.
Bundan başqa, Mirzəyayev MTX-nin Buxara şöbəsini tamamilə darmadağın edib. Fevralın 19-da etdiyi çıxış zamanı o, təhlükəsizlik orqanının yerli əməkdaşlarını azı 20 illik həbsə göndərəcəyini vəd edib. Prezident həmin adamların bu yaxınlara qədər törədilən vəhşiliklərin əsas günahkarı olduğunu söyləyib.
“Belə şeyləri 37-ci illərdə belə görməzsiniz. Bunlar hətta elektrik dirəklərini də həbs edə bilərdilər”, - Mirzəyayav bəyan edib. MTX-nin universitetlərdə və məsçidlərdəki kuratorları da işləri ilə vidalaşıblar. Həmin adamların fəaliyyəti indi prokurorluğun ciddi nəzarəti altındadır.
Nəhayət, MTX tərəfindən vaxtilə həbs edilib zülmlərə məruz qalan adamların işlərinə yenidən baxılmasına başlanılıb.
Öncə jurnalist Babamurad Abdullayevlə bağlı məsələni qeyd etmək olar. Abdullayev keçən il dövlət çevrilişini hazırlamaqda və bir neçə naziri öldürməyi planlamaqda ittiham olunub. Mühacir mətbuat həmin dövrdə jurnalistin ağır işgəncələrə məruz qaldığını və onun hətta zorla vəkilindən imtina etməyə məruz qoyulduğunu yazırdı.
İndi situasiya 180 dərəcə dəyişib. Abdullayevin vəkilini geri qaytarıblar, onun işi dayandırılıb, işi aparan müstəntiqdən isə hələlik olduğu yerdən kənara çıxmamaq barədə iltizam alınıb.
Fevralın 19-da isə baş prokurorluq Abdullayevə qarşı işgəncələrlə və cinayət işində yol verilən saxtakarlıqlarla bağlı faktların araşdırılmasına başlayıb. (Abdullayevin anası oğlunun belinin şikəst edildiyini deyir).
Mirzəyayevin qəzəbinə təkcə MTX-çilər gəlməyib. Hazırda İslam Kərimov dövründə baş prokuror işləmiş Rəşid Kadırovun da həbsinə hazırlıq getdiyi barədə xəbərlər gəlməyə başlayıb. Vergi və Gömrük komitələrində təmizləmələrə isə bir neçə ay bundan öncə başlanılıb.
Bir çox ekspertlərin rəyinə görə, Özbəkistan prezidentinin atdığı addımlar özünüqoruma instinktindən başqa bir şey deyil.
Mütəxəssislərin fikrincə, Gürcüstanda Saakaşvilinin etdiyi kimi Özbəkistanda korrupsiya sisteminin tamamilə yox edilməsi olduqca çətindir. Çünki Saakaşvilin arxasında pulları və müşavirləri ilə duran Qərb vardı.
Mirzəyayevdə isə bu yoxdur. Lakin ona qarşı və özlərini ölkənin əsl ağası hesab edən və korporativ şəkildə müqavimət göstərə biləcək məmur ordusu var.
Ekspertlərin fikrincə, Mirzəyayev yeni sistem qurmaq istəsə, gərək demokratik dövlətin əsas institutlarını da tətbiq etsin. Lakin belə bir vəziyyətə ölkə hələ kifayət qədər uzaq məsafədədir.
Digər xəbərlər
loading...