“ABŞ və bəzi kənar qüvvələr Putin-Ərdoğan-Ruhani görüşünə mane ola bilməyəcək”
Bu sözləri Axar.az-a Rusiya, İran və Türkiyə liderlərinin İstanbulda planlaşdırılan üçtərəfli görüşünü şərh edən politoloq Arzu Nağıyev deyib.
Ekspert liderlərin görüşünün baş tutma ehtimalının yüksək olduğunu bildirib:
“Bu görüşdə əsas mövzu Yaxın Şərq layihəsi olacaq. Suriya və İraq məsələsində, ümumiyyətlə Yaxın Şərqdə hər bir dövlətin təhlükəsizlik baxımından özəl maraqları var. Lakin bu maraqların koordinasiyası baş tutmur və nəticədə böhran getdikcə daha da dərinləşir. Söhbət ilk növbədə Rusiya, İran və Türkiyədən gedir. Türkiyə NATO üzvüdür və hazırda ABŞ-la bir çox məsələlər razılaşdırılır. Əslində, Rusiyanın Suriya rejimini dəstəkləməsi Ankaranı heç cür razı salmır. Baxmayaraq ki, Rusiya və Türkiyə rəhbərləri arasında müəyən razılıq əldə edilmişdi, PKK/PYD-yə qarşı aparılan əməliyyatlarda Rusiya izi göründü. Bu, görüşdə müzakirə olunacaq birinci məsələdir.
İkincisi, İran nəyin bahasına olursa-olsun, məzhəb baxımından Suriyada öz təsirini saxlamağa çalışır. Bu da təbii ki, Türkiyəni razı salmır. İran Türkiyəni razı salan addımlar atsa və paralel olaraq PKK/PYD-yə qarşı mübarizədə iştirak etsə, narazılıq da aradan qalxacaq. İranla Səudiyyə, İranla İsrail arasında problemlər yaşanır. Bu da özlüyündə Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlara təsirsiz ötüşmür. Bu kontekstdə gərgin müzakirələr qaçılmazıdır.
Üçüncüsü, xarici diplomatiyada dost-qardaş anlayışı yoxdur, ümumi maraqlar var. Bildiyiniz kimi, Türkiyənin Afrin əməliyyatları zamanı ABŞ 300-ə yaxın rus vətəndaşını məhv etdi. Düzdür, bu yöndə tərəflər arasında ikitərəfli danışıqlar gedir, ancaq razılıq yoxdur. Bu fonda müəyyən məsələlər razılaşdırıla bilər”.
Qeyd edək ki, Türkiyə, Rusiya və İran prezidentləri apreldə üçtərəfli zirvə toplantısında İstanbulda bir araya gələcəklər.
Digər xəbərlər
loading...