Azərbaycan prezidenti İlham Əliyevin 22 fevral 2018-ci il tarixli fərman və sərəncamların icrası ilə əlaqədar Prezidentin fərdi və fəxri adlara görə təqaüdlərinin artırılmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ödənilən həmin təqaüdlər üzrə dövlət büdcəsindən ilin sonunadək əlavə olaraq 1,8 mln. manata yaxın vəsait ayrılacaq
Bu barədə “APA-Economics” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan prezidentinin 22 fevral 2018-ci il tarixli fərman və sərəncamları ilə Azərbaycan prezidentinin müvafiq kateqoriyalardan olan şəxslər üçün fərdi və fəxri adlara görə təqaüdləri növbəti dəfə artırılıb.
“Belə ki, Azərbaycan prezidentinin 22 fevral 2018-ci il tarixli fərmanına əsasən ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə həmin şəxslərə Azərbaycan prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən 1300 manatdan 1450 manata çatdırılacaq. Fərman 415 nəfərə şamil olunacaq”, - deyə şöbə müdiri əlavə edib.
E.Babayev vurğulayıb ki, fəxri adlara görə aylıq təqaüdlərin artırılması ilə bağlı sərəncam isə bu təqaüdlərin məbləğinin 2018-ci il martın 1-dən artırılaraq “Xalq” fəxri adı üçün 100 manatdan 150 manata, “Əməkdar” fəxri adı üçün 60 manatdan 100 manata çatdırılmasını nəzərdə tutur. “Xalq” və “Əməkdar” fəxri adı alan şəxslərdən hazırda 2 801 nəfərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Prezidentin aylıq təqaüdü ödənilir: "Qeyd olunan 2801 nəfər işləmədikləri və ya qeyri-dövlət sektoruna aid müəssisədə işlədikləri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Prezidentin aylıq təqaüdü alanlardır. Fəxri ad alan şəxslərdən büdcə təşkilatında işləyənlər isə həmin təşkilat tərəfindən Prezidentin aylıq təqaüdləri ilə təmin olunurlar”.
MilliYol.Az
Digər xəbərlər
loading...