Bu gün Milli Məclisin plenar iclasında “Standartlaşdırma haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb
6 fəsil, 27 maddədən ibarət qanun layihəsi standartlaşdırmanın məqsəd və prinsiplərinin, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.
Qanun layihəsinə əsasən, bu qanun standartlaşdırma sahəsində əlaqələri tənzimləyir və bu sahədə fəaliyyət göstərən bütün dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə şamil olunur. “Bu qanunun müddəaları malın (işin, xidmətin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin təhlükəsizliyinə dair məcburi tələblərin müəyyən edilməsinə, həmin məcburi tələbləri müəyyən edən normativ hüquqi aktlara, eləcə də bu normativ hüquqi aktlar üzrə aparılan məcburi uyğunluğun qiymətləndirilməsi məsələlərinə şamil edilmir. Bu qanun təhsil, dövlətin müdafiəsi, təhlükəsizliyi, insanların həyat və sağlamlığını, təhlükəsizliyi ilə bağlı məcburi standartlara şamil edilmir”, - deyə qanun layihəsində qeyd olunub.
Qanun layihəsinə əsasən, dövlət standartlarının hazırlanması işlərinin planlaşdırılması milli standartlaşdırma qurumu tərəfindən formalaşdırılan, təsdiq edilən və nəşr edilən 3 illik milli standartlaşdırma proqramı formasında həyata keçiriləcək. Standartlaşdırma üzrə milli proqram standartlaşdırma ilə əlaqəli olan normativ hüquqi aktların, texniki reqlamentlərin tələbləri, standartlaşdırma üzrə texniki komitələrin iş planları nəzərə alınmaqla hazırlanacaq. Milli standartlaşdırma proqramının forması, formalaşdırma prosedurları, onlarda dəyişikliklərin edilməsi qaydası müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.
Layihəyə əsasən, dövlət standartları “AZS” nişanı ilə nişanlanacaq.
“Standartlaşdırma haqqında” qanun layihəsi I oxunuşda səsə qoyularaq təsdiq olunub.
Qanun dərc edildiyi gündən 90 gün sonra qüvvəyə minəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...