“Azərbaycanda soyadların milliləşdirilməsi ilə bağlı məsələ aktualdır”
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
O qeyd edib ki, insanların bu seçimdə azad olmalıdırlar: “Amma yeni nəslin soyadlarının milliləşdirilməsi ilə bağlı bizim qanunumuz olub. Yeni nəsil soyadlarında artıq sonluqlar millidir və müəyyən seçim etmək imkanı var. Düşünürəm ki, bu qanunun tətbiqində heç bir problem yoxdur. Digər şəxslər də bu imkandan istifadə edə bilirlər. Xatırladım ki, hazırda soyadların milliləşdirilməsi prosesi "ASAN Xidmət"də çox rahat həyata keçirilə bilir”.
Ə. Hüseynli Azərbaycan Prezidentinin ötən gün vəkilliyin inkişafı ilə bağlı sərəncamına da toxunub və bunu mühüm hadisə adlandırıb: “Sərəncamda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi amili olduqca əhəmiyyətlidir.
Amma vəkilliyə test imtahanı ilə qəbulla razılaşmayanların fikrini bölüşmürəm. Çünki biz fiziki şəxslərin qanuni nümayəndə institutunu ləğv edərkən arqumentimiz ondan ibarət idi ki, Konstitusiyaya görə dövlət peşəkar hüquqi müdafiəni təmin etməlidir. Məhz buna görə də biz qanunvericilikdə düzəliş etdik və hazırda məhkəmələrdə hüquqların müdafiəsi ancaq Vəkillər Kollegiyasının üzvü tərəfindən aparılır. Əgər vəkillər peşəkar olmasalar, onlar hüquqi çəkişmə prinsipində zəif görünə bilərlər. O arqumenti qəbul edə bilmərik ki, məsələn, prokurorluq bütün test mərhələlərini keçsin, amma vəkillər bunu keçməsinlər. Bu, problemin həlli yolu deyil. Sonuncu test imtahanı göstərdi ki, imtahan verənlərin 1/3-i testi uğurla keçib.
Həm də təcrübə onu göstərir ki, imtahanlarda ikinci və üçüncü mərhələ çox əhəmiyyətlidir. Yazılı test imtahanı vermək hələ peşəkarlığın göstəricisi deyil, növbəti mərhələyə zərurət var”.
MilliYol.Az
Digər xəbərlər
loading...