Bu gün Azərbaycan musiqi tarixinə adını qızıl hərflərlə həkk edən tanınmış bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun doğum günüdür.
Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustadı Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. “Ölülər” və “Natəvan”, “Hacı Qara”, “Nənəmin şahlıq quşu”, “Boşanaq evlənərik”, “Lənət şeytana” musiqili əsərlərin, eləcə də bir çox kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir. Bəstəkar 2006-cı ildə Bakıda vəfat edib.
MilliYol.Az Publika.az-a istinadən məşhur bəstəkarın ömür-gün yoldaşı Xalidə xanımla müsahibəsini təqdim edir.
- Vasif Adıgözəlovla sizi onillik zaman kəsiyi ayırır. Onun yoxluğunu daha çox hansı məqamlarda hiss edirsiniz?
- Mən onun yoxluğu ilə ömrümün sonuna qədər barışmayacam. Elə bilirəm harasa gedib, məzuniyyətdədir, gözüm qapıda qalır ki, haçan qayıdacaq. Vasif kimi həyat yoldaşını unutmaq çox ağırdır.
- Bəlkə ilk tanışlığınızdan danışasınız…
- Bəlkə də qəribə gələcək, biz küçədə rast gəlmişik. Mənim bundan xəbərim də olmayıb. Vasif ilk baxışda mənə vurulub və arxamca düşüb. Nədənsə ona elə gəlib ki, mən erməni qızıyam, buna görə ürəyini mənə açmayıb. Amma məni izləməkdə davam edib. Bir gün atamla mən poçt idarəsinə getmişdik, orada söhbətləşəndə Vasif görüb ki, biz Azərbaycan dilində danışırıq. Onda başa düşüb ki, mən erməni qızı deyiləm. Mən onda Xarici Dillər İnstitutunun Fransız dili fakültəsində oxuyurdum. Bir gün rəfiqəm məndən xahiş etdi ki, bir mətni onun üçün tərcümə edim. Danışdıq ki, “Baksovet”də görüşək və bu mətni ona verim. Vədələşdiyimiz kimi, saat altıda görüşdük. Rəfiqəmin yanında yaşıl kostyumlu, yaşıl şlyapalı bir oğlan da vardı. O mənə “dayımoğludur”, - deyib oğlanla tanış etdi. Sən demə, qız yalan deyirmiş, rəfiqə olduğumuzu bildiyi üçün Vasif o qıza yaxınlaşıb xahiş edib ki, bizi görüşdürsün. Mən Vasifi elə oradaca unutdum. Həmin gün başqa bir rəfiqəmlə kinoya getmişdik. Kinoteatrdan çıxanda gördüm həmin oğlan qapının ağzında dayanıb. Məni görən kimi yaxınlaşdı və evə qədər ötürdü. Dedi ki, səninlə söhbətim var, amma ayaqüstü söhbət deyil. Mən etiraz edəndə, qayıtdı ki, bəs sənə elçi göndərmək istəyirəm. Əsəbiləşdim ki, əşi, bu gün tanış olmuşuq, nə elçi, bu nə danışır. Elə oldu ki, elçilərini bizə göndərdi, amma valideynlərim razılıq vermədilər.
- Niyə?
- Çünki tələbə idim. Amma Vasif dediyindən dönmürdü. Bir gün evimizə gələndə gördüm ki, Vasif nənəmlə qabaq-qabağa oturub söhbətləşir. Məəttəl qaldım, soruşdum ki, sən burada neynirsən? Nənəm üstümə qışqırdı ki, keç o biri otağa. Demə Vasif elçiliyə gəlibmiş. Nənəm siqaret çəkən qadın idi, amma 30 il idi ki, tərgitmişdi. Təsəvvür edin, Vasifin halına necə acıyıbsa, onunla bir-birinə qoşulub papiros çəkirdi. Vasif ona deyib ki, evin böyüyü sənsən, onları yola gətir, Xalidəni mənə versinlər. Nənəmin saqqızını necə oğurladısa, atamgil razılıq verdilər.
- Neçə il bir yerdə ömür sürdünüz?
- Düz 49 il. Bu illər ərzində mən ondan bir dəfə də incimədim. Ciddi insan olsa da, amma ürəyi yumşaq idi. Uşaqlar ondan çəkinərdi. Vasifin bir kəlməsi uşaqlar üçün qanun idi. Elə mənim üçün də. Qışqırım, acılayım, döyüm-söyüm Vasifdə belə xüsusiyyətlər yox idi. Bütün işlərdə mənimlə məsləhətləşirdi.
- İki oğlunuz var. Vasif müəllim, onların peşə seçiminə müdaxilə etdimi?
- Vasif həmişə deyirdi ki, ailəyə bir həkim lazımdır, bir də musiqiçi. Toğrul həkimliyi seçdi, Yalçın da musiqini. Vasif Yalçına çox inanırdı. Vasif həyatı çox sevirdi və heç ölmək istəmirdi. “Şəkər” xəstəliyi onun ömrünü qısaltdı. Oğlanları onun ömrünü uzatmaq üçün çox cəhd göstərdi, bunu bacardılar da. Amma sonunda “şəkər” öz işini gördü.
- Vasif müəllimin yarımçıq qalmış arzuları vardı?
- Yox, ölümqabağı mənə demişdi ki, bu həyatdan nakam getməyəcəm. O optimist insan idi, heç vaxt özünə qapılmazdı, onu ruhdan salmaq asan deyildi.
- Böyük bəstəkar kimi təbii ki, onun da düşmənləri, gözügötürməyənləri vardı…
- Əlbəttə, Vasif onunla qeyri-səmimi olan insanları gözəl tanıyırdı.
- Vardımı düşməni?
- Mən bu suala cavab vermək istəmirəm.
- Bəs küsülü olduğu həmkarı vardımı?
- Vasif xırdaçı adam deyildi, sadəcə olaraq elə insanlara məhəl qoymurdu. Qeyri-səmimi insanlardan uzaq dururdu. Onları görmək istəmirdi, vəssalam. Bu qədər, yəqin, məni anladınız.
- Əlbəttə. Bəs kimlərlə dostluq edirdi?
- Azər Rzayev, Ramiz Mustafayev, Emin Sabitoğlu ilə. Ramizlə qonşu idik, hər axşam bizə gəlirdi. Onların zarafatları, şaqraq gülüşləri indi də qulağımdadır. Evdə o gülüş səslərini yenə də axtarıram, eşitmək istəyirəm.
- Sevdiyi, dinlədiyi və xüsusi zövq aldığı müğənnilər kimlər idi?
- Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova…
- Bəs cavanlardan?
- O papaqlı qız var e, adını da unutmuşam.
- Aygün Bəylər?
- Hə, onu çox xoşlayırdı. Deyirdi bu balaca qızın unikal səsi var. Vasif ona çox köməklik edib, səhnəyə çıxmasında, oxuyub, diplom almasında. O birilərini də dinləyirdi, amma heç nə demirdi.
- Bəs öz əsərlərindən hansını daha çox xoşlayırdı, ümumiyyətlə, fərq qoyurdumu əsərlərinə?
- “Qarabağ şikəstəsi”ni çox sevirdi. Ən böyük arzusu da bu idi ki, Qarabağ alınsın, Şuşaya getsin, orada Qarabağ şikəstəsini dinləsin. Qarabağlı idi axı, Qarabağı çox sevirdi. İçində bir nisgili vardı, amma arzusuna çatmadı.
- Vasif müəllimi ətrafda ən çox nə qıcıqlandırırdı?
- Onun yalan, saxtakarlıqdan zəhləsi gedirdi. Xoşlamırdı qeyri-səmimi insanları.
- Bəs nədən xoşlanırdı?
- Səmimiyyətdən. Vasif şux geyinməyi çox xoşlayırdı. Həmişə özünə fikir verirdi, səliqəli geyinirdi.
- Hobbisi vardımı?
- Futbol üçün ürəyi gedirdi.
- Hansı komandaya azarkeşlik edirdi?
- Yalnız “Neftçi”yə. Bir oyununu belə qaçırmazdı. Çox vaxt uşaqlarla birgə stadiona gedirdi.
- Yuxunuza grirmi heç?
- Tez-tez.
- Yuxuda necə görürsünüz?
- Həmişə mənə göstəriş verir, deyir, Xalidə bunu belə elə, onu belə elə. Mən də yuxudan duran kimi onun tapşırıqlarını yerinə yetirirəm. Bu gün həyatda olmasa da, yuxuda hər zaman mənimlədir.
- Bu, sizin xoşunuza gəlir?
- Nəinki xoşuma gəlir, məni yaşadır. Vasif bizi onu unutmağa qoymur. Heç yaddan çıxası da deyil, ölüncə mənimlədir. Sağ olun ki, siz də onu yad edirsiniz, yəqin ruhu şaddır.
- Biz onu unutmamışıq ki, yad da edək. Vasif Adıgözəlovun ömrü musiqiləri ilə davam edir, bizimlədir, hər zaman da yaşayacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...