Teleqraf.com Qaynarinfo.az saytının baş redaktoru şair Zahir Əzəmətlə müsahibəni təqdim edir
– Zahir bəy, siz talışsınız, elə?
– Əlbəttə.
– Yəqin bilirsiniz ki, talışlarla bağlı bir ifadə çox məşhurdur, saat 12-dən sonra məsələsini deyirəm. Bu fikir ilk dəfə necə yaranıb, nə üçün yaranıb?
– Bu kimi ifadələrin yaranması sovet hakimiyyətinin qurulması ilə başladı. Bolşevik ideologiyası üzdə xalqlar dostluğunu təbliğ etsə də, digər tərəfdən KQB kimi müəyyən qurumların əli ilə həm ayrıca respubliklarda yaşayan azsaylı xalqlar, həm də digər xalqlar haqqında lətifələr, şayiələr yayır, xaqları üz-üzə qoymağa çalışırdı. Azərbaycanda danışılan lətifələrin 90 faizi belə başlayırdı: "Bir azərbaycanlı, bir gürcü, bir erməni..."
Həmişə də azərbaycanlı bu lətifələrdə digərlərini axmaq vəziyyətə salırdı. Eyni lətifələr qonşu respublikalarda isə bizim əleyhimizə istifadə edilirdi.
Eyni şəkildə Azərbaycanda yaşayan azsaylı xalqlar haqqında lətifələrin yaranması, yayılması işi gedirdi. Talışlar, ləzgilər, kürdlər haqqında. Hətta o illərdə bu kimi mövzular ədəbiyyata da yol açırdı. Məsələn, Mikayıl Müşfiqin yaradcılığının erkən dövründə yazdığı poemalarından birində "Adın nədir, talış! Ağzına gələni danış!" misraları var. Amma bu qaraniyyətli cəhdlər Azərbaycanda kök sala bilmədi.
Azərbaycanda yaşayan köklü xalqların hər biri tolerantdır, bu ölkəni sevir, qoruyur və öz dövləti hesab edir. Azərbaycan müstəqillik qazanan illərdə Moskva eyni cəhdləri təkrarlasa da, yenə alınmadı. Azərbaycanda etnik problem heç vaxt olmayıb, indi də yoxdur. Ölkədə hansısa sahədə problem varsa, o burada yaşayan bütün xalqlar üçün xarakterikdir və etnik mahiyyətli deyil.
– Yəqin Mikayıl Müşfiq də talışlar haqqında fikirləri tapşırıq əsasında yazmışdı...
– Güman ki... Ümumiyyətlə, 20-ci illərin əvvəllərində bizim ən istedadlı şairlərimizin sırf ideoloji əsaslar üzərində yazdıqları şeirlər var. Təbii, böyük şairlər idilər, amma fakt yerindədir. Məsələn, Səməd Vurğun Rəsulzadə haqqında o cür sözlər yazırdısa, təbii ki, bu da bir sifariş idi. Situasiya elə idi ki, ola bilsin, bu kimi sifarişlər hansısa telefon zəngi ilə olunmurdu, sadəcə, siyasi şərtlər və konyunktura özü belə diktə edirdi. Buna görə də o dövrün şairlərini təhlil edərkən, onun tərəfdarıyam ki, dövr, mühit, situasiya mütləq nəzərə alınmalıdır. Tutaq ki, biz o dövrdə yaşasaydıq, necə davranardıq? Məsələ vicdanlı olub-olmamaqdan getmir. Biz də bu gün dövrümüzün diktəsi ilə nələrsə yazır və deyirik. Tutaq ki, 50 il keçəndən sonra bizi necə qəbul edəcəklər? Bax, bunu zaman göstərəcək. Bəlkə 50 il sonra təzədən sosialist ideyasına yaxın bir cəmiyyət qurulacaq və indiki kapitalizmi imitasiya edən sistem gülüş hədəfinə çevriləcək?
Cəmiyyət, insan, dövr dəyişir və çox nadir istedadlar var ki, zamanın, dövrün fövqündə dura bilir. Çox nadir hallarda hansısa tək, yalquzaq kimi yaşayan bir istedad yuxarıdan aşağı baxa bilir, yüzilləri adlaya bilir.
– Maraqlıdır, ürəyinizdə nə zamansa, elə indinin özündə də bir talış təəssübkeşliyi olubmu?
– Öz anasını sevməyən başqa qadınları sevə bilməz, öz dilini sevməyən başqa dilləri, öz xalqını sevməyən başqa xalqları sevə bilməz. Bu əlifbadır. Əlbəttə, sevirəm. Onun dilinin, mədəniyyətinin yaşamasını, inkişaf etməsini arzulayıram. Etnik mənsubiyyəti talış olan Azərbaycan vətəndaşıyam, amma millətçi yox, qlobalistəm. Həm xalqımın, həm də ölkəmin gələcək prespektivlərini çağdaş dünyanın açıq və inkişaf etmiş sistemlərinə, strukturlarına, liberal dəyərlərinə inteqrasiyasında görürəm.
Azərbaycanın bütün vətəndaşlarını milliyyətindən asılı olmayaraq, dünya vətəndaşı kimi görmək istəyirəm. Bu gün Avropa İttifaqı kimi modellər artıq önə çıxırsa, Azərbaycan da istər-istəməz bir müddət sonra o modellərin içərisində olmalıdır.
Məmmədəmin Rəsulzadənin ilkin ideyalarından biri də Qafqaz evi idi. Belə bir model yaranarsa, Qafqazdakı bütün ərazi mübahisələri avtomatik həllini tapacaq. Daxili sərhədlərin olmadığı, vahid xarici sərhədlər, vahid gömrük sisteminin hakim olduğu bir Qafqaz evi düşünün.
Necə ki Fransa ilə İngiltərə arasındakı sərhədlər formal xarakter daşıyır. Yəni dünyanın can atdığı və bizə sunduğu model budur. Bu modeldən nə qədər geri qaçsan, lokal müharibələrlə əlləşəcəksən. İnsan itkisi, iqtisadi itki ilə üzləşəcəksən.
– Səməd Vurğun sovet ideologiyasının alovlu təbliğatçılarından olub, buna görə də onun şəxsiyyəti ilə bağlı çoxlu mübahisəli məqamlar ortaya çıxır. Məsələn, partiyaya, Leninə, Stalinə yazdığı şeirlərinə görə onu yaltaqlıqda da ittiham edirlər və s. Axı Mikayıl Müşfiqin də sosializm quruculuğu ilə bağlı xeyli şeirləri var. Stalin haqqında da yazıb. Bəs niyə Mikayıl Müşfiqə bu kontekstdə yanaşılmır? Sizcə, istəkləri alınmayıb və gənc yaşında güllələnib deyə?
– Hesab etmirəm ki, Səməd Vurğunun Kommunist Partiyasına aid yazdığı şeir yaltaq şeirdir. O, inandığı ideologiyanı tərənnüm edirdi və buna görə də qeyri-səmimi olduğunu düşünmürəm. Mikayıl Müşfiqin bu kontekstdə daha az müzakirə olunmasının səbəbləri bəlkə də onun eyni mövzulu şeirlərin daha az populyar olması ilə bağlıdır.
Əlbəttə, o dövrdə siyasi konyunktura ilə yazılan, istedadsız mətnlər də həddindən artıq çox idi. O dövrün nəşrlərini vərəqləyəndə bunu aydın görmək olur. Ümumiyyətlə, sovet ədəbiyyatı, sosialist realizmi modernist ədəbiyyat idi.
– Nə mənada? Anlamadım.
– Modernizm nədir? Özündən əvvəlki hər şeyi inkar edən, estetikasını, dəyərlərini sıfırdan yaradan bir baxış. Sovet modernizmi Qərb modernizmindən estetik baxımından tam fərqlənsə də, nəzəri olaraq, modernizmin bir qolu idi. Adına sovet modernizmi deyək. İstər siyasi struktur, istər iqtisadi, istər mədəniyyət baxımından tam fərqli bir təzahür idi. Bu gün biz o dövrü təhlil edərkən hələ emosiyalardan arına bilmirik. Bir az 37-ci ildə baş verənlər, bir az digər hadisələr bizi emosional düşünməyə sövq edir.
Günün dəyərləri üzərindən keçmişi təhlilə çəkmək həmişə doğru deyil. Məsələn, hələ də az qala dünyanın yarısında sosialist ideologiyası var. Onlar bu haqda nə düşünür? Axı dəyərlərin, ideologiyaların mübarizəsi hələ yekunlaşmayıb. Üstəlik, bütün bu ideologiyalardan avara qalan bizim ölkədə biz hansı istinad nöqtəsində dayanıb keçmişə baxırıq? Ona görə də hesab edirəm ki, sovet dövrünün istedadlı şairlərini günün siyasi konyunkturası ilə yox, ilk olaraq həmin dövrün siyasi-ədəbi şərtləri çərçivəsində dəyərləndirməliyik. Mənə qalsa, Səməd Vurğun da, Mikayıl Müşfiq də, Rəsul Rza da səmimi idilər.
– Məncə, sizin bu səmimiyyət məsələniz birmənalı qarşılanmayacaq. Səməd Vurğun haqda da, Müşfiq barədə də...
– Axı niyə səmimi olmasınlar? Söykəndikləri bir ideologiya vardı, siyasi sitem vardı. Bu sistem kəndli və fəhlə balalarını min illər sonra ilk dəfə söz sahibinə çevirmişdi, onlara təhsil, ev, güc, şöhrət, imkan vermişdi. Sosial bərabərlik ideyasına bu gün necə yanaşmağımızdan asılı olmayaraq, o vaxt bunu zorla da, inqilabla da, çoxlu qan axıtmaq hesabına olsa da, qurmağa çalşırdılar və bu, minillər boyu istismar olunan çoxluğun partlayışı, öz sistemini qurmaq cəhdi idi. Niyə də səmimi olmamalıydılar ki? Buna Nazim Hikmət də, Pablo Neruda da, Lorka da inanırdı. Kimin nə qədər istedadlı olması isə başqa mövzudur.
– Demək istəyirsiniz ki, Səməd Vurğunun yerində olsanız, eyni şeyləri siz də edər, siz də yazardınız, Rəsulzadəyə vətən xaini, Hüseyn Cavidə şarlatan deməyə kimi?..
– O dövrdə yaşasaydım, mən də tərənnüm edərdim yəqin ki... Və bu hisslərimdə də səmimi olardım. Mən 80-ci illərin əvvəllərində orta məktəbdə oktyabriyyata gedəndə, pioner qalstuku taxanda səmimi deyildimmi? Səmimi idim, çünki inanırdım. SSRİ dağılanda mənim 15 yaşım vardı. Ucqar kəndimizdə qış və yay kinozalları, baxça və bir neçə kitabxana vardı. Bütün sistem çalışırdı, yollar asfalt idi. Bu gün isə kəndimizin 30 il əvvəlki səviyyəyə çatmasını xəyal belə edə bilmirəm.
Varlıların uydurduğu nağıllar ayrı şeydir. Sovet kasıbların cəmiyyəti idi, kasıbları sosial cəhətdən təmin edən cəmiyyət idi. Həmin ailələrdə doğulan şairlər də öz ideologiyasını müdafiə edirdi.
Rəsulzadə və Hüseyn Cavidə münasibətə gəlincə, sovet dövrünün ədəbiyyatında bu geniş yayılmış bir mövzu olmayıb. Tək-tük istisnalar var. Amma bu gün mahiyyət etibarı ilə eyni olay və münasibətlər daha total xarakter daşıyır. Ədəbiyyatımız ətrafda baş verənlərə adekvat münasibət bəsləyirmi? Gələcəkdə bu günün yazarlarını ittiham etməyəcəklərmi? Bu günün yazarları yüz il sonra necə dəyərləndiriləcək?
– Zahir bəy, siz yaradıcı bir insan olmağınızla yanaşı, Azərbaycanda internet mediasının yaranmasında da xidmətləri olan adamsınız. Nə əcəb jurnalistlər üçün tikilən binaların heç birindən ev istəmədiniz?
– Desəm ki, ev istəmirdim, arzulamırdım, yalan olar. Əlbəttə, istəyərdim. Evim yoxdur. Hələ də kirayədə yaşayıram. Ümumiyyətlə, ideal adam deyiləm. Hamı kimi mənim də çox zaman sapmalarım, səhvlərim, yanlış arzularım olub. Amma qəribədir ki, elə bil hər dəfə tale məni qoruyur. Həmin binadan ev almaq üryimdən keçsə də, almadım.
Xidmət dediyiniz şeylər isə görmək istədiyim və gördüyüm şeylərdir. Buna görə kimdənsə təşəkkür uması deyiləm ki... Ədəbiyyatda dəyərləndirilmə heç vaxt xidmətlərə görə olmur. Məsələn, Füzulinin əsərlərinin əlyazmasını köçürüb yüz illərin üzərindən bu günə ötürən adamların adını bilirikmi? Yox. Gördüyüm işlər könüllü işdir, fəhləlikdir. Ədəbiyyat mətnlərlə qalır. Jurnalistika isə yaddaşı olmayan, naşükür sahədir.
– İndi kirayədə yaşayırısınız?
– Bəli... Mən 91-ci ildən-tələbəlikdən bəri kirayədə yaşayıram. Demək olar ki, buna həm də öyrəşmişəm. Qərb ölkələrində də kirayədə yaşamaq normal şeydir, orada insanlar çox nadir hallarda ev alırlar. Mən də dırnaqarası Qərb standartları ilə yaşayıram.
– Maraqlıdır, iri və xırda məmurların şair və yazıçılara əl tutmasına və ya qələm adamının hansısa məmura ağız açmasına necə baxırsınız? Bu, pis bir şeydirmi?
– Pisdir, yaxşıdır, deyə bilmərəm, özümdən danışa bilərəm. İndiyə qədər bu kontekstdə heç kimə ağız açmamışam, pul istəməmişəm. Kult.az saytı maddi cəhətdən ağır durumda olanda məmur yazıçılarımızdan birinə dedim ki, sənin də yazılarının getdiyi saytın belə bir problemi var. O da dəstək oldu və həll etdi. Xalq şairi Sabir Rüstəmxanlı isə mənim ilk kitabımın xərcini ödəyən adamdır. Kitabdan öncə buraxılış olmuşdu, onu da Zəlimxan Yaqub etmişdi. Heç birinə özüm təşəbbüs göstərməmişəm.
Bir dəfə Sabir Rüstəmxanlı mənə dedi ki, tay-tuşlarının hamısının kitabı çap olunub, sənin niyə yoxdur? Şərif Ağayar da yanımda idi, o, söz atdı ki, pulu yoxdur. Bir gün isə Şərif özü qolumdan tutub apardı, sən demə, Sabir bəy ona deyibmiş ki, gəlməsə qolundan tut gətir. Ümumilikdə isə insanların bir-birinə yardım etməsində pis nə var ki? Amma pul aldığın adama yaltaqlanırsansa, çirkin məqsəd varsa, onu mətbuatda layiq olmadığı səviyyədə tərifləyirsə, bunu qəbul eləmək olmaz.
– Sizcə, yaltaqlığı şəxsi bir məsələ hesab etmək olmazmı? Tutaq ki, biri digərinə yaltaqlanır, buna görə kənardakı niyə narahat olmalıdır?
– Mövzu ictimaidirsə və o yaltaqlıq cəmiyyəti yönləndirməyə hesablanıbsa, bunun cavabı verilməli və həmin adamın da adı üstündə olmalıdır. Beş manat alıb haqqı çatmayan yazıçıya bu ən yaxşı yazardır deyib cəmiyyəti aldadırsa, kənardakı buna görə niyə narahat olmasın? Axı bu bir ictimai hadisədir.
Yenə deyirəm, hər kəsin adı üstündə olmalıdır, buna bir ad qoyulmalı və qınanmalıdır. Nə edirsənsə boynuna al, yaltaqsansa, de ki, mən yaltağam. Əvvəllər hamının ayaması vardı, qoy yenə elə olsun. "Eşşək filankəs", "Yaltaq filankəs" kimi...
– Cəmi bir şeirlər kitabınız çıxıb. Tutaq ki, 50 il keçdikdən sonra sizcə, bir şair kimi necə xatırlanacaqsınız? Ümumiyyətlə, xatırlanacaqsınızmı? Buna bir kitab bəs edərmi?
– Mən İzzəddin Həsənoğlu deyiləm ki, iki şeirlə min il yaşayım... Yenə şeirlər yazıram, amma baxıram ki, yazdıqlarım mahiyyət etibarilə beş il öncəkindən heç nəyi ilə fərqlənmir. Təzədən həmin şeirləri əkiz uşaqlar kimi boy-boya düzməyin nə mənası var? Haçan hiss etsəm ki, yeni bir şey yazmışam, onda çap elətdirərəm.
Mən hesab edirəm ki, deyə biləcəyimi demişəm, verə biləcəyimi də vermişəm. Bu gün isə ancaq özüm üçün yazıram və orada yeni heç bir şey yoxdur. Yazıram və görürəm ki, zəifdir, üzə çıxarmıram. Ümumiyyətlə, heç vaxt məhsuldar şair olmamışam və son üç ildə demək olar ki, şeir yazmıram.
– Saytın işlərilə məşğulsunuz, ona görə?
– Xeyr, əvvəl də saytla məşğul idim. Sadəcə, o ovqatda deyiləm. İçimdə o çevrilmə yoxdur. Kiçik mətnlər və misralar olur. İlk kitabımın çapından 12 il keçir. Bu gün şair kimi tez-tez müsahibələr verməyi də etik hesab etmirəm. Bir az həyasızlıq kimi görünə bilər. Məsələn, bu gün ədəbiyyatda çox aktiv gənclər var, onlar danışmalıdır.
– Qaynarinfo.az saytı olaraq təxminən, bir il əvvəl bəyan etmişdiniz ki, heç bir intihar, məişət zorakılığı, zorlanma tipli xəbərləri yaymayacaqsınız. Bu yaxınlarda 7-ci sinifdə oxuyan qızın intim videosu yayılanda da bu məsələni bir daha xatırlatdınız...
– Əslində, etdiyimizin doğru bir şey olduğunu bilirdim, sadəcə, yenidən sosial şəbəkədə müzakirəyə buraxdım ki, həmkarlarımın fikirlərini öyrənim. Düzü, mən həmkarlarımızı da qınaya bilmərəm ki, öz saytınızda niyə intihar, kriminal və məişət zorakılığı mövzusunda xəbərlər verirsiniz? Sadəcə, onların bu barədə təkrar düşünməsini istədim.
Bir ara mediada belə bir xəbər çıxdı ki, ər arvadını baltaladı. Sonrakı iki-üç ay ərzində oxşar hadisə altı dəfə baş verdi. Kitabsız, dünyagörüşü məhdud olan cəmiyyətdə bu cür xəbərlər şüuraltı olaraq insanların beynində bir davranış qəlibi yaradır. Və ailədə hər hansı mübahisə zamanı şüuraltısı ona diktə edir ki, götür baltanı arvadını öldür. Əlbətdə, mən demirəm ki, bu cür hadisələr ümumiyyətlə, gizlədilməli və müzakirə edilməmlidir. Amma belə çılpaq şəkildə yox.
Məsələn, biz həmin gün konkret hadisəni vurğulamadan orta məktəblərdə baş verən son neqativ hadisələr fonunda psixoloq və təhsil ekspertlərini danışdırdıq, müzakirə açdıq. Media, xüsusən də on minlərlə oxucusu olanlar, cəmiyyət qarşısında məsuliyyət hiss etməlidirlər.
– Sizcə, mediamızı belə şeylərdən asılı hala salan nə oldu?
– Mediamız bu gün, mənim də də saytlarım daxil olmaqla mövzu böhranı yaşayır. Bunun səbəbləri çoxdur. Bir çoxu çıxış yolu kimi bu kimi xəbərləri dərc etməkdə görür, təki sayta giriş çox olsun. Halbuki Qaynarinfo.az bir ildən çoxdur ki, bu cür şeyləri dərc etmir. Elə bir ciddi oxucu itkisi də olmayıb. Ölkənin ən çox oxunan saytlarından biriyik. Demək, o xəbərləri verməmək də olar.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...